Banner

Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT

Gündəm 27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın nəqliyyat sektorunda ayrı-ayrı sahələrin uzun illərə söykənən tarixi olsa da, müasir dövrün əsas tələbi mövcud infrastrukturun texnoloji imkanlarının yenilənməsidir. Dəniz, hava, avtomobil və dəmir yolu nəqliyyatında idarəetmə sistemlərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və müasir texnologiyaların tətbiqi təhlükəsizlik və səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlamasında bildirib ki, nəqliyyat sisteminin yaşı ilə onun texnoloji səviyyəsi eyni anlayış deyil. Əsas məsələ mövcud infrastrukturun və idarəetmə mexanizmlərinin müasir dövrün tələblərinə nə dərəcədə cavab verməsidir.

Ekspertin sözlərinə görə, Azərbaycanın nəqliyyat sektorunun müxtəlif istiqamətləri uzun tarixə malikdir. Belə ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) 168, Azərbaycan Dəmir Yollarının (ADY) 146, avtobus nəqliyyatının 116, aviasiyanın 88, Bakı Metropoliteninin isə 59 illik tarixi var. Lakin bu sahələrdə müasir texnologiyaların tətbiqi və idarəetmə sistemlərinin təkmilləşdirilməsi davamlı proses olmalıdır.

Dəniz nəqliyyatında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi 2011-ci ildə yaradılıb. 2026-cı il martın 4-də isə Uzaq Məsafədən Tanınma və İzləmə sisteminin proqram təminatı yenilənib. Bu istiqamətdə məlumatların emalının dəqiqliyinin artırılması və kibertəhlükəsizliyin gücləndirilməsi üzrə işlər aparılıb.

Aviasiya sahəsində də rəqəmsal texnologiyaların tətbiqi genişlənir. AZANS 1996-cı ildən fəaliyyət göstərir. Son illərdə hava hərəkətinin idarə edilməsində peyk əsaslı müşahidə sistemləri, ADS-B texnologiyası, rəqəmsal rabitə vasitələri, yeni nəsil hava hərəkətinin idarə edilməsi sistemləri və dispetçerlərin hazırlığında simulyatorlardan istifadə olunur.

Avtomobil nəqliyyatında isə AYNA-nın Sərnişin Daşımalarının Monitorinq Mərkəzi 2022-ci il dekabrın 2-də istifadəyə verilib. Mərkəzin əsas fəaliyyət istiqamətlərinə şəhərlərarası və rayonlararası avtobusların hərəkətinin izlənilməsi, təhlükəsizliyə və xidmət keyfiyyətinə nəzarət daxildir.

Ekspert dəmir yolu nəqliyyatında rəqəmsallaşmanın da prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, ADY-də 2023–2026-cı illəri əhatə edən rəqəmsal transformasiya proqramı həyata keçirilir. Bu çərçivədə dəmir yolu infrastrukturunun, rabitə və idarəetmə sistemlərinin müasirləşdirilməsi nəzərdə tutulur.

Rauf Ağamirzəyev konkret investisiya layihələrinə də diqqət çəkib. Bildirib ki, Asiya İnkişaf Bankı 2026-cı il oktyabrın 6-da Biləcəri–Yalama dəmir yolu xəttinin 192 kilometrlik hissəsində elektrikləşdirmə, işarəvermə və telekommunikasiya sistemlərinin yenilənməsi üçün 350 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib. Bakı–Böyük Kəsik istiqamətində də oxşar məqsədləri əhatə edən 300 milyon dollarlıq layihə təklif mərhələsindədir.

Bakı Metropolitenində də texnoloji yenilənmə ilə bağlı mühüm maliyyə qərarı qəbul edilib. Belə ki, 2026-cı il oktyabrın 13-də Asiya İnkişaf Bankı metroda siqnalizasiya sisteminin və rəqəmsal əməliyyatların modernləşdirilməsi üçün 302,38 milyon dollar kredit təsdiqləyib. Asiya İnfrastruktur İnvestisiya Bankının 79,98 milyon dollarlıq birgə maliyyələşdirməsi və dövlətin 132,71 milyon dollarlıq töhfəsi nəzərə alınmaqla, layihənin ümumi dəyəri 515 milyon dolları ötür.

Layihə çərçivəsində mövcud siqnalizasiya sisteminin müasir rabitə əsaslı qatar idarəetmə texnologiyası ilə əvəzlənməsi, dispetçer mərkəzinin təkmilləşdirilməsi, rəqəmsal monitorinq və aktivlərin idarə edilməsi sistemlərinin tətbiqi nəzərdə tutulur.

Ekspert hesab edir ki, dəmir yolu və metro nəqliyyatında modernləşmə ilə bağlı maliyyə və texniki hədəflərin müəyyənləşdirilməsi mühüm addımdır. Bununla belə, layihələrin təsdiqlənməsi və maliyyələşdirilməsi ilə onların tam icrası və real nəticələrinin əldə olunması fərqli mərhələlərdir.

Onun fikrincə, xüsusilə ADY və Bakı Metropolitenində rabitə, işarəvermə, qatarların hərəkətinin avtomatlaşdırılmış idarə edilməsi və dispetçer sistemlərinin yenilənməsi strateji prioritet olmalıdır.

Rauf Ağamirzəyev bunun bir neçə əsas səbəblə bağlı olduğunu bildirib. İlk növbədə, müasir idarəetmə texnologiyaları insan faktorundan asılılığı azaltmaqla təhlükəsizlik səviyyəsini yüksəldə və potensial risklərin daha erkən aşkarlanmasına imkan yarada bilər. Digər tərəfdən, qatarlararası intervalların optimallaşdırılması mövcud xətlərin buraxılış qabiliyyətini artırar.

Bundan əlavə, qatarların real vaxt rejimində izlənilməsi dispetçer qərarlarının daha operativ qəbuluna, enerji və texniki xidmət xərclərinin optimallaşdırılması isə iqtisadi səmərəliliyin yüksəldilməsinə şərait yarada bilər. Dəmir yolu, metro, avtobus və dəniz nəqliyyatı arasında vahid rəqəmsal məlumat mübadiləsinin qurulması da ümumi nəqliyyat sisteminin daha koordinasiyalı fəaliyyətinə töhfə verə bilər.

Ekspertin qənaətinə görə, nəqliyyat infrastrukturuna yatırılan investisiyaların səmərəliliyi yalnız yeni yolların, xətlərin və stansiyaların tikintisi ilə ölçülməməlidir. Həmin infrastrukturu idarə edən texnologiyalar da eyni sürətlə inkişaf etməlidir.

O vurğulayıb ki, müasir dəmir yolu anlayışı təkcə yeni relslər və vaqonlardan ibarət deyil. Bu sistemin əsasını həm də müasir siqnalizasiya, rabitə, avtomatlaşdırma və idarəetmə texnologiyaları təşkil edir.

Rauf Ağamirzəyev əlavə edib ki, bu gün nəqliyyat sektoruna yatırılan investisiyalar qarşıdakı onilliklər üçün hesablanmalıdır. Buna görə də tikinti və infrastruktur layihələri ilə yanaşı, texnoloji modernləşmə də Azərbaycanın uzunmüddətli nəqliyyat inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilməlidir.

Eltac Zülfüqaroğlu

Oxunub : 238
ŞƏRH YAZ
Ad

E-mail

Şərh