Bakıda özəl ərazinin sahibi “tapılmır”: “20 Yanvar” stansiyasındakı piştaxtalar niyə yığışdırılmır?

Bir neçə gündür ki, “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasının çıxışlarından biri sosial şəbəkədə müzakirələrə səbəb olub.
Metronun çıxışındakı keçidin sol tərəfində yerləşən satış vitrinlərinin özəl mülkiyyət olduğu, sərnişinlərin hərəkətinə ciddi maneə yaratdığı qeyd olunur.
Keçidlərin kifayət qədər dar olduğunu nəzərə alsaq, həmin çoxsaylı vitrinlərin hər birinin qarşısında insanların, sadəcə, bir neçə dəqiqə dayanması ciddi sıxlıq yaradır. Yadınızdadırsa, illər əvvəl bu problem gündəmə gəldi və aidiyyəti qurumlar tərəfindən metro stansiyalarının giriş-çıxışlarında, keçidlərdə olan piştaxtalar, köşk və vitrinlərin hamısı yığışdırıldı.
Lakin metronun “20 Yanvar” stansiyasında vəziyyət dəyişməz olaraq qalıb. Deyilənə görə, buradakı keçid özəl ərazidir. Amma kim tərəfindən, nə zamandan bəri, hansı şərtlərlə özəlləşdirilib - bunu bilən, ya da bilsə də, deyən yoxdur.
Sərnişinlər bununla bağlı ayrı-ayrı vaxtlarda aidiyyəti qurumlara müraciət etsələr də, ərazi özəl olduğundan heç kim cavabdehlik daşımayıb.
Mövzu ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən keçid icra hakimiyyətinin nəzarətində olmadığı üçün heç bir tədbir görülə bilməz.
“Bakı Metropoliteni” QSC-də də “20 Yanvar” metro stansiyasına bitişik keçidin aidiyyəti barədə sorğumuza baxılıb.
Qurumun sədr müavini Hidayət Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Cəfər Cabbarlı” və “20 Yanvar” stansiyalarına birləşən yeraltı keçidlər “Bakı Metropoliteni” QSC-nin balansında deyil:
“Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı Metropoliteninin bəzi məsələləri haqqında” 21.06.1999-cu il tarixli 100 nömrəli qərarının 2-ci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Metropoliteninin “Cəfər Cabbarlı” və “20 Yanvar” stansiyalarına birləşən yeraltı keçidlərin metropolitenin tabeçiliyinə qaytarılması və mövcud metro stansiyalarının ətrafında 40 metrə qədər ərazinin texniki sahə kimi Bakı Metropoliteninə ayrılması məqsədəuyğun hesab edilib. Nazirlər Kabinetinin 26.03.2001-ci il tarixli 069 nömrəli qərarına əsasən, yuxarıda qeyd olunan qərarın 2-ci bəndi qüvvədən düşüb”. (oxu.az)
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











