Biləsuvarın mərkəzi küçələri qaranlıqda qalıb - FOTO

Xəbərlər 6 Dekabr 2022 21:40 Oxunub 818
Biləsuvarın mərkəzi küçələri qaranlıqda qalıb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Biləsuvar şəhərinin Heydər Əliyev prospektində quraşdırılan işıq lampalarının uzun müddətdir yanmaması problemi həllini tapmır.

Bu barədə Report-a rayon sakinləri məlumat veriblər.

Bildirilib ki, işıq lampaları işləmədiyinə görə gecələr prospekt işıqlandırılmır. Bu isə küçədə nəqliyyat vasitələrin, səkilərdə isə piyadaların hərəkəti üçün ciddi maneələr yaradıb.

Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir cavab almayıblar.

Şəhər nəqliyyatının ən intensiv hərəkət etdiyi yolun işıqlandırılmaması burada qəzaların artmasına gətirib çıxarıb. Gecə saatlarında yolun bir tərəfindən digər tərəfinə keçməyə çalışan sakinlərin həyatlarına ciddi təhlükə yaranır. Onların sözlərinə görə, bu problem əsasən prospektdə yerləşən yeni işıqfordan xəstəxanaya qədər olan hissədə müşahidə olunur.

Onlar buna görə də mövcud problemin aradan qaldırılması üçün aidiyyəti qurumlara növbəti dəfə müraciət ediblər.

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda ərazidə müvafiq işlər aparılır. Qeyd edilib ki, ərazinin işıqlandırılmasında yaranmış fasilələrin səbəbi yeraltı elektrik xəttlərində qırılmaların olmasıdır:

"Problemin aradan qaldırılması üçün əl əməyindən istifadə olunur. Ona görə də işlərin nə vaxt yekunlaşacağını dəqiq demək mümkün deyil. Lakin yaxın vaxtlarda həmin ərazidə problem tam həllin tapacaq".

Qeyd edək ki, sakinlər sözügedən problemlə ötən ilin ortalarından üzləşiblər. Onlar bundan əvvəl də prospektin işıqlandırılmaması səbəbindən yaşanan problemlərlə bağlı bir neçə dəfə aidiyyəti qurumlara müraciətlər ediblər.

Daha əvvəl məsələ ilə bağlı Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirmişdi ki, küçənin işıqlandırılmasında yaranan fasilələrin birdəfəlik aradan qaldırılması üçün əsaslı işlərin görülməsinə başlanılıb. Qeyd olunmuşdu ki, problemin yaranmasının əsas səbəbi kanalizasiya xəttlərinin çəkilməsi zamanı yeraltı elektrik xəttlərinin ciddi zədələnməsidir.

Həmin vaxt problemin həlli üçün müvafiq işlərin aparıldığı bildirilsə də, lampalar hələ də dəyişdirilməyib.

Ümid edirik ki, sakinlərin üzləşdiyi bu problem tezliklə aradan qaldırılacaq, küçədə piyadaların və nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti bərpa ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh