Qənirə Paşayeva “Rəşadət” ordenli şəhid gizirin xanımı ilə görüşüb - FOTO

Xəbərlər 5 Dekabr 2022 10:10 Oxunub 866
Qənirə Paşayeva “Rəşadət” ordenli şəhid gizirin xanımı ilə görüşüb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, “Rəşadət” ordenli şəhid Rəşad Babayevin həyat yoldaşı Nigar Babayeva ilə görüşüb.
Zəfər Günü ərəfəsində Milli Məclisdə baş tutan görüşdə şəhidin həyat yoldaşının qayğıları öyrənilib, ürək sözləri dinlənilib. “Əziz bacım, Sizi Zəfər Bayramı münasibəti ilə təbrik edirəm! Bu əziz bayram münasibəti ilə təbriki ən çox Siz şəhid ailələri haqq edirsiz. Qənirə Paşayeva şəhid ailələri üzvləri ilə hər görüşün onun üçün çox əziz, doğma görüş olduğunu bildirib. Müstəqil Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərə, ümumiyyətlə müharibə iştirakçılarına həssas münasibətindən, yüksək diqqət-qayğısından söz açan Komitə sədri, bu yüksək diqqət-qayğının, həssaslığın hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini deyib.
Qeyd edək ki, Rəşad Ağabəy oğlu Babayev (04.06.1992, Bakı – 10.10.2020, Hadrut, Xocavənd r.) 1998-ci ildə Bakı şəhərinin Nizami rayonundakı R.Orucova adına 109 saylı orta məktəbin I sinifinə gedib. 2006-ci ilə qədər həmin məktəbdə təhsil alan Rəşad Babayev, 2006-ci ildən təhsilini 277 saylı İdman təmayüllü məktəbdə davam etdirib və 2009-cu ildə həmin məktəbi uğurla bitirib.
Rəşad Babayev 8 yaşından cüdo idman növü ilə məşğul olub, yüksək nəticələr əldə edib – 20-dən çox (müxtəlif əyarlı) medala layiq görülüb. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb.
Rəşad Babayev, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından uğurla keçib və xidmətini burada davam etdirib. 25.07.2014-cü ildə kiçik gizir rütbəsi alıb. 24.11.2017-ci ildə  “N” saylı hərbi hissədə gizir rütbəsində xidmətini davam etdirib.
Rəşad Babayev 2017-ci ildə ailə həyatı qurub.
O, həmçinin xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun snayperçisi, xüsusi təyinatlı manqa komandiri, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət edib.
2016-cı ildə Türkiyənin İzmir şəhərində  keçirilən “EFES-2016” Beynəlxalq təlimlərinin fəal iştirakçısı olub, sertifikat alıb. 2017-ci ildə 30 aprel – “N” saylı hərbi hissənin yaranmasının 18-ci ildönümü münasibəti ilə döyüş hazırlığında yüksək nəaliyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə hərbi hissənin komandiri tərəfindən “Fəxri fərman”la təltif olunub. 28.02.2020-ci ildə xidmətdə olduğu “N” saylı hərbi hissədə keçirilmiş “Cüdo, yunan-roma və sərbəst güləş yarışı”nda yüksək nəticələr əldə etdiyinə görə “Fəxri fərman”la təltif olunub. 25-28.02.2020-ci ildə cüdo üzrə keçirilmiş yarışda I yerə layiq görülüb və “Fəxri fərman”la təltif olunub. Rəşad Babayev “Qüsursuz xidmətə görə” medalının III dərəcəsi ilə, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Azərbaycan Ordusunun giziri Rəşad Babayev Vətən müharibəsi zamanı Kəlbəcərin, Cəbrayılın, Füzulinin, və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə rəşadətlə iştirak edib. O, Ağoğlan (Hadrut) qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirən Rəşad Babayev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb.
Adı kimi rəşadətli olan gizirimiz həmçinin “Vətən uğrunda” (15.12.2020), “İgidliyə görə” (18.12.2020), “Kəlbəcərin azad olunmasına görə” (29.12.2020), “Xocavəndin azad olunmasına görə” (24.06.2021), “Füzulinin azad olunmasına görə” (05.11.2021) medalları ilə təltif olunub. 

Ruhu şad olsun!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh