Banner

Taksi sürücülərinin də problemi var; gələn danlayır, gedən söyür

Xəbərlər 2 Dekabr 2022 16:43 Oxunub 1536
Taksi sürücülərinin də problemi var;  gələn danlayır, gedən söyür
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Taksi sürücülərindən, xüsusən də, "Bolt" sürücülərindən çox yazılıb, şikayət olunub. Bu dəfə məsələyə əks prizmadan baxacağıq; sürücülərin qarşılaşdığı problemli müştərilər və digər çətinliklərdən.
Günümüzdə bir çox ölkələrdə taksi problemi var. Xüsusən də, qardaş Türkiyədə. Heç vaxt istədiyin anda taksi tapa bilmərsən. Tapsan belə, sürücünün səni qəbul etməsi, gedəcəyin yerə aparacağı da müəmmalıdır. Türkiyədə taksi tapmaq hər hansısa qiymətli zinyət əşyası tapmaq qədər önəmlidir.
Azərbaycan isə taksinin bol olduğu ölkələrdən biridir. Belə görünür ki, biz taksinin bolluğuna düşüb, bir az da fürsətdən istifadə edirik.
Günümüzdə bəlli məsələdir ki, hər kəs ucuz olan taksi xidmətlərindən, "Bolt" və "Uber"dən istifadə edir. Mən özüm də digər taksilərdən yox, məhz bu şirkətlərin taksilərindən istifadə edirəm. Təbii, sürücünün yaxşısı da olur, pisi də. Nə etməli, günümüzdə mükəmməl heç nə yoxdur. Hər dəfə pisini yazanda, bir dəfə də yaxşı tərəfini yazaq. Başlıca səbəb, qiymətin ucuzluğu, öncədən bilinməsi, hansı yol ilə necə gedilməsi, bir sözlə, bütün məlumatlar aplikasiyada öz əksini tapır. 
Gələk sürücülərin çətinliklərinə. Dəfələrlə müşahidə etmişəm ki, ucuz qiymət və taksilərin çox olması, sanki, bir çox insanda taksiyə qarşı istədiyini edə bilmə şansı yaradıb. Hörmətsizlikdən tutmuş, "aşağılamağa" qədər. 
Bəzi sürücülər müştərinin onlara “işçisi” kimi davrandığını, istədiyini etmədiyi təqdirdə şikayət edəcəyini bildirir. 
Taksidə gəldiyim zaman "Bolt" sürücüsünün necə əsəbi olduğunu görüb, açığı bir az çəkindim. Sürücünün sözlərinə görə, xanım müştəri maşında siqaret çəkmək istədiyini deyib. Sürücü isə bunun onu narahat etdiyini, mümkün qədər siqaret çəkməməsini qeyd edib. Bu zaman müştəri ondan icazə almamalı olduğunu və istədiyini edə biləcəyini deyib. Üstəlik, sürücünü şirkətə də şikayət edəcəyini vurğulayıb.
Əlbəttə, hər kəs səbrli deyil. Kimisi sərt reaksiya verib işindən olur, kimisi isə istəniləni edib, baş əyməli olur. Nəzərə almaq lazımdır ki, taksi sürücüləri ucuz qiymətə sərnişin daşımalı olduqları üçün iş saatını artırmaq məcburiyyətində qalırlar. Bu isə onların mənəvi və fiziki cəhətdən yorulmasına səbəb olur. Müştərilər də bir az acı danışanda mübahisə yaranır.
Hər halda, onlar dolanışıq üçün bu işə qoşulublar. Bu gün isə taksi fəaliyyətinin nəzarətsiz vəziyyətdə qalması durumu daha da ağırlaşdırır. 
Ümid edirik ki, bu sahə bir xidmət sahəsi kimi qaydaların saat kimi işlədiyi bir sahəyə çevriləcək.

Nəzrin Sailqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh