Tayvan Çinin 7 təyyarə və 4 gəmisinin adaya yaxınlaşmasını qeydə alıb
Xəbərlər 24 Noyabr 2022 17:44 Oxunub 828
Tayvan Çinin 7 təyyarə və 4 gəmisinin adaya yaxınlaşmasını qeydə alıb

Son 24 saatda Tayvan ətrafında Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) yeddi təyyarəsi, həmçinin dörd gəmisi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə noyabrın 24-də Çin Respublikasının (Tayvan) Milli Müdafiə Nazirliyinin gündəlik məlumatında bildirilib.

“Bu gün səhər saat 06:00-a (Bakı vaxtı ilə saat 02:00-a – red.) olan vəziyyətə görə, Tayvan ətrafında ÇXAO-nun yeddi təyyarə və dörd gəmisi aşkarlanıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, manevrlər zamanı iki “J-11” qırıcısı Tayvan boğazının cənub-qərb hissəsində orta xətti keçib. Tayvan hərbçiləri hava patrullarını qaldırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə buna cavab verib.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-3-də paytaxt Taybeyə səfərindən sonra ÇXAO belə manevrləri müntəzəm olaraq keçirir. Bunun ardınca daha bir neçə ABŞ və digər xarici nümayəndə heyəti Taybeyə səfər etdi. Çin Xalq Respublikası (ÇXR) belə səfərləri təxribat və Çinin daxili işlərinə müdaxilə hesab edir.

Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh