Banner

Dünyada yol qəzaları ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Qəzalar 21 Noyabr 2023 11:09 Oxunub 1234
Dünyada yol qəzaları ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT) 2005-ci ildə qəbul etdiyi qərarla noyabr ayının 3-cü bazar günü “Yol qəzası qurbanlarının anım günü” kimi müəyyən edilib.

Hər il bu günün qeyd olunmasında əsas məqsəd yolları hamı üçün təhlükəsiz etmək istiqamətində geniş maarifləndirmə, təbliğat və təşviqat aparmaq, lazımi addımların atılması üçün təşəbbüsləri birləşdirməkdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1,3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. Bu statistika hər 30 saniyədə bir, hər gün təxminən 3600 insanın yollarda öldüyünü göstərir.

ÜST-ün məlumatlarına görə, dünyada qeydə alınan qəza qurbanlarının yarıdan çoxu piyadalar, velosipedçilər və motosikletçilərdir.

Bundan əlavə, kişilər qadınlara nisbətən yol qəzalarına daha çox məruz qalırlar. Dünyada 16-29 yaşlı insanların ölüm səbəbləri arasında yol nəqliyyat hadisələri birinci yer tutur.

Yol nəqliyyat hadisələri dünya iqtisadiyyatina ildə orta hesabla 500 milyard dollar məbləğində zərər vurur.

Daha bir məlumata görə, ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti - 93 faizi dünya avtomobillərinin təxminən 60 faizinə sahib olan aşağı və orta gəlirli ölkələrdə baş verir.

Yol hərəkəti prosesində insanların həyatının qorunması, yol-nəqliyyat qəzalarının və onların zərərli nəticələrinin qarşısının alınması məqsədi ilə Azərbaycanda geniş maarifləndirmə işi aparılsa da, ölkəmizdə qəzaların sayının ilbəil artması ciddi narahatlıq doğurur.

 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-a Azərbaycanda bu problemlə bağlı vəziyyəti əks etdirən ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikası ərazisində baş verən yol nəqliyyat hadisələri kifayət qədər ağır nəticələrə səbəb olur.

Onun sözlərinə görə, 2013-2017-ci illər ərzində Azərbaycanda 11 min 600 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 4691 nəfər ölüb, 11611 nəfərin sağlamlığına ağır və ya az ağır xəsatrət yetirilib.

Qəzalarda həyatını itirənlərin 399, xəsarət alanların 1219 nəfəri yetkinlik yaşına çatmayanlardır.

“Bu statistikanı ona görə qeyd etdim ki, 5 illik dövrün göstəricilərini təhlil edəndə belə bir mənzərə ortaya çıxırsa, bu kifayət qədər ürəkağrıdıcı statistikadır. Azərbaycan üzrə son 5 ilin göstəricilərini nəzərdən keçirəndə məlum olur ki, yol nəqliyyat hadisələrinin 40 faizidən çoxu piyadaların iştirakı ilə baş verib. Bu da özlüyündə cəmiyyətdə yol hərəkəti təhlükəziliyi mədəniyyətinin çox aşağı olmasından xəbər verir”, deyə Əsgərli vurğulayıb.

DYP rəsmisi qeyd edib ki, paytaxt ərazisində son 9 ay ərzində 320 qəza qeydə alınıb. Qəzalar nəticəsində 151 nəfər ölüb, 249 nəfər xəsarət alıb. Ötən dövrlə müqayisədə hadisələrin sayında 17 fakt (5.1 faiz) azalma müşahidə olunur:

“Lakin yol nəqliyyat hadisələrinin mövcud sayını əhali sayı ilə müqayisə etdikdə kifayət qədər ciddi rəqəmlər ortaya çıxır.

Bakı şəhərinin inzibati ərazisində qəzaların təhlili götərir ki, yol nəqliyyat hadisələrinin əksəriyyəti sürət həddinin aşılması, piyada keçidini keçmə, ötmə və manevr etmə, ara məsafəsinin düzgün seçilməməsi və yolayrıcılarını keçmə qaydalarının pozulması səbəbindın baş verir.

Sürücülərin təqsiri nəticəsində qeydə alınan yol nəqliyyat hadisələri 102 (31,9 %), manevr qaydalarının pozulması 97 (30,3%), nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunması 24 (7,5%), ara məsafələrinin düzgün seçilməməsi 26 (8,1%), qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmaqla ötmə və manevr etmə qaydalarının pozulması 22 (6,9%), yolayrıcı keçmə qaydalarının pozulması 13 fakt (4,1%) təşkil edib”.

O qeyd edib ki, hadisələrin əksəriyyəti piyadaların vurulması olub. Bakıda piyadavurmalar ümumi hadisələrin 56,9 faizini (182 fakt) təşkil edib. Bu hadisələr nəticəsində 84 piyada ölüb, 109 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrin 26-sı piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib.

Azyaşlılarla bağlı qeydə alınmış qəzalar barədə danışan DYP rəsmisinin sözlərinə görə, ötən 9 ay ərzində 29 yol nəqliyyat hadisəsi qeydə alınıb və bu qəzalarda 8 uşaq ölüb, 22 uşaq xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə uşaqlarla bağlı hadisələrin sayı 6 fakt, həlak olanların sayı 2, xəsarət alanların sayı 4 nəfər artıb.

Paytaxda hadisələrin təhlili göstərir ki, günün qaranlıq saatlarında baş verən qəzaların sayı daha çoxdiur:

“Vətəndaşlarımız işıq qaytarıcılardan, xüsusi formada müxtəlif aksesuarlardan istifadə etmirlər. Paytaxt sakinlərinin yol təhlükəsizliyi mədəniyyətində çatışmayan cəhətlər var. Bütün formalarda təbliğat-maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, fundamental biliklərin formalaşması istiqamətində təhsil sahəsində bu məsələlərə son dərəcə ciddi diqqət ayrılmalıdır. Yol nəqliyyat hadisələrinin sayının azaldılması üçün digər inzibati amirlik üsulları ilə yanaşı, yol hərəkəti təhlükəsizliyi mədəniyyətinin formalaşması istiqamətində ciddi işlər görülməlidir ki, gələcək nəsillərə təhlükəsiz şəraitdə davranış qaydalarını mənimsədə bilək. Bunun üçün Daxili İşlər Nazirliyi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın küçə və prospektlərində əyani, təhsil müəssisələrində nəzəri-praktiki formada tədbirlər keçirir. Hesab edirik ki, qarşıdakı illərdə daha nizamlı və intizamlı cəmiyyət formalaşdırmaq üçün təhsil proqramlarında təhlükəsizlik mədəniyyətinin təbliğinə daha ciddi formada yer ayrılmalıdır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Mtəklif: Könül

ŞƏRH YAZ
Ad

E-mail

Şərh