Maaşlar saatla hesablanacaq - Qazanc artacaq?

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.
Onun sözlərinə görə, inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir.
Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir.
Saatlıq əməkhaqqı sisteminə keçidin sürətləndirilməsi əmək bazarına və vətəndaşların gəlirlərinə necə təsir göstərə bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, saatlıq əməkhaqqı sisteminə keçid əmək bazarını və vətəndaşların gəlir səviyyəsini bir neçə istiqamətdə dəyişə bilər:
“Bu modelin həm müsbət tərəfləri, həm də müəyyən riskləri mövcuddur. İlk növbədə, şəffaflıq artır. Hazırda Azərbaycanda bir çox işçi rəsmi olaraq səhər 9-dan axşam 6-ya qədər çalışsa da, faktiki iş saatı daha uzun olur və əlavə iş vaxtına görə ödəniş almır. Saatlıq sistem tətbiq edildikdə isə hər işlənən saat qeydə alınır və ödənilir. Əlavə iş saatlarına görə artırılmış tarif tətbiq oluna bilər. Məsələn, adi saatlıq ödəniş 5 manatdırsa, axşam saatları və ya həftəsonu bu məbləğ 7.5 manata yüksələ bilər. Bu, həm işçiyə real əməyinin qarşılığını verir, həm də işəgötürəni artıq iş yükündən çəkindirir. İkinci mühüm üstünlük “part-time” və çevik məşğulluğun genişlənməsidir. Tələbələr, gənc analar, təqaüdçülər gündəlik 3-4 saat işləyərək rəsmi gəlir əldə edə bilərlər. Mövcud aylıq maaş sistemində yarımştat işçilərin rəsmiləşdirilməsi çox zaman sərfəli hesab edilmir.
Saatlıq sistemdə isə vergi və sosial ödənişlər işlənən saata uyğun hesablanır. Bu da leqal məşğulluğun artmasına səbəb ola bilər. ABŞ və Avropa ölkələrində kuryer, kassir, ofisiant, çağrı mərkəzi kimi sahələrdə işlərin böyük hissəsi saatlıq əsasda qurulub. Azərbaycanda da xidmət sektoru, pərakəndə satış və logistika sahələri üçün uyğun model ola bilər. Üçüncü üstünlük bir neçə yerdə işləmək imkanının artmasıdır. Vətəndaş günün bir hissəsində bir şirkətdə, digər hissəsində başqa yerdə işləyə bilər. Aylıq maaş sistemində bu, iş qrafiklərinin toqquşması səbəbindən çətin olur. Saatlıq sistem isə insanlara öz iş vaxtını daha çevik planlaşdırmağa və ümumi gəlirini artırmağa şərait yaradır. Dördüncü məqam məhsuldarlığın artmasıdır. İşəgötürən işçini boş yerə ofisdə saxlamağa maraqlı olmur, çünki hər saat əlavə xərc deməkdir. Bu səbəbdən diqqət nəticəyə yönəlir. İşçi də bilir ki, artıq işlədiyi hər saat üçün əlavə ödəniş alacaq. Bundan başqa, qeyri-rəsmi “zərfdə maaş” halları da azala bilər, çünki bütün iş saatları sistemdə qeydiyyata alınmalıdır”.
İqtisadçı bununla yanaşı, risklərin də olduğunu əlavə edib:
“Ən əsas risk aylıq sabit gəlirin zəifləməsidir. Hazırda işçi bilir ki, iş az olsa və ya xəstələnsə belə, ay sonunda müəyyən sabit maaş alacaq. Saatlıq sistemdə isə iş həcmi azaldıqda gəlir də azalacaq. Xüsusilə xidmət sektorunda mövsümi dövrlərdə bu problem daha qabarıq görünə bilər. Digər risk işəgötürənin sui-istifadə ehtimalıdır. Məsələn, işçi sənəddə 6 saatlıq göstərilib, faktiki olaraq 10 saat işlədilə bilər. Əgər nəzarət mexanizmləri güclü olmazsa, hüquq pozuntuları arta bilər. Buna görə elektron iş vaxtı uçotu, biometrik giriş-çıxış sistemləri və rəqəmsal əmək platformalarına inteqrasiya vacibdir. Üçüncü risk isə aşağı ixtisas tələb edən sahələrdə saatlıq tariflərin çox aşağı müəyyən olunmasıdır. Əgər minimum saatlıq əməkhaqqı qanunla tənzimlənməzsə, işçilər uzun saatlar işləsələr də, aşağı gəlirlə üzləşə bilərlər. Əmək bazarına ümumi təsir baxımından qısa müddətdə qeyri-formal məşğulluqdan rəsmi məşğulluğa keçid sürətlənə bilər. Dövlət büdcəsinə sosial sığorta daxilolmaları artar. Kafe, market, anbar kimi işçi çatışmazlığı yaşanan sahələrdə personal tapmaq daha asanlaşar. Lakin dövlət sektoru, müəllimlik, həkimlik, mühəndislik kimi sahələrdə tətbiqi daha çətin görünür. Çünki bu peşələrdə nəticə yalnız saatla ölçülmür”.
A.Nəsirli əlavə qazanc məsələsinə də toxunub: “Məsələn, hazırda 8 saat işləyib 800 manat qazanan şəxs saatlıq sistemdə eyni gəliri saxlaya bilər. Əgər əlavə saatlar işləsə, daha çox qazana bilər. Digər tərəfdən, part-time işləyən tələbə və ya əlavə gəlir axtaran şəxs 400-500 manat əlavə qazanc əldə edə bilər. Amma iş az olan aylarda gəlirin azalması da mümkündür. Yekunda, saatlıq əməkhaqqı sistemi çeviklik, şəffaflıq və əlavə qazanc imkanları yaradır, eyni zamanda kölgə iqtisadiyyatını azalda bilər. Lakin sabit gəlirin qorunması üçün minimum saatlıq tarif, əlavə iş saatı əmsalı, elektron uçot sistemi və güclü əmək nəzarəti vacibdir. Əks halda bu model gəliri artırmaq əvəzinə qeyri-sabitlik yarada bilər. Buna görə keçid mərhələli şəkildə aparılmalıdır: əvvəlcə xidmət, ticarət və logistika sahələrində, daha sonra isə könüllü əsasda digər sektorlarda tətbiq edilə bilər”.
Mövzu ilə bağlı saytımıza açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə əsasən, nəzərdə tutulur ki, həm aylıq, həm də saatlıq əməkhaqqı modeli ölkədə paralel şəkildə saxlanılsın:
“Bu yanaşma əməyin ödənişində prinsipial dəyişiklik yaratmayacaq. Belə ki, əməkhaqqının minimal aylıq sistemi qüvvədə qalacaq. Hazırda bu məbləğ 400 manatdır və iş saatına çevrilmiş formada da baza kimi həmin göstərici götürüləcək. Yəni 400 manatlıq minimum əməkhaqqı 167 iş saatına bölünərək saatlıq tarif müəyyən ediləcək”./sfera.az
Piyadaları ölümə aparan vərdişlər - Tələsiklik və diqqətsizlik
Pensiyaçılara ŞAD XƏBƏR
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 3000 AZN-dək
Xəzərlə bağlı qorxulu iddialar yayıldı - RƏSMİ CAVAB
Sürücülərin kabusuna çevrilən "DAİRƏ" - FOTOLAR
Bu evləri satanlar cəzalandırılacaq - Qəti şəkildə çıxarış verilmir - VİDEO
Qorxu və şiddətli ekran işləri uşaq psixologiyasına təsir edir: Nələrə diqqət edilməlidir? - PSİXOLOQ
Koronavirus insanlar üçün hələ də təhlükəlidir? - İnfeksionist AÇIQLADI
Həyət evində yaşanların NƏZƏRİNƏ! – Cərimələnə bilərsiz
Şiddətli soyuqlar və kəskin iqlim dəyişikliyi XƏBƏRDARLIĞI
Vətəndaş marketdəki malın “kənd məhsulu” olduğunu necə ayırd edə bilər? – Ekspert AÇIQLADI










