Banner

Mir Şahindən harınlamış sürücülərə sərt sözlər - VİDEO

Yazarlar 8 Dekabr 2014 22:04 Oxunub 1973
Mir Şahindən harınlamış sürücülərə sərt sözlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Harın ər rəşidlər və ya polisə vətəndaş müharibəsi

Doğrudur, bu həftə bəlkə hamı gözləyirdi ki, mən də Türkiyəyə Rusiya prezidenti Putinin səfərindən başlayacam. Əlbəttdə bu da olacaq. Amma mən cəmiyyətdə baş qaldıran hələ ki, sakit bir soyuqanlıqla müşaiyət olunan, adda-budda baş versə də, çəkinmədən qanun çevrilişləri adlandırdığım hadisələrdən danışacam. Polisə, dövlət nümayəndəsinə qarşı qiyam faktları artır. Bəli məhz qiyam. Nə qədər neqativ səslənsə də belədir. Polisə basqın edənlər, onları döyənlər, hətta Kür çayına atanlar əsl qiyamçılardır. Mən onları həm də harın ər rəşid adlandırıram. Niyə ər? Ona görə ki, öz ailəmlərində özlərini ər bilirlər. Niyə rəşid? Ona görə ki, rəşid cəsur deməkdir. Və onlara elə gəlir ki, rəşiddirlər, cəsurdular. Və niyə harın? Ona görə ki, harındırlar. Məhz harın. Mən ötən həftə polisə əl qaldırılması, onun təhqir edilməsi, cəmiyyətin gözündən salınması kimi faktlara əlüstü toxunmuş və bunu edənlərin əslində kiminsə gizli-açıq iradəsi idarəsi altında hərək etdiyini demişdim.

Düşünmüşdüm ki, burda təhlükə harada olduğunu və qəzanın nə vaxt baş verəcəyini proqnozlaşdıra bilməmək yalnız sarsaqların işi ola bilər. Xüsusilə yol polisi əməkdaşlarına qarşı törədilən itaətsizlik halları ondan xəbər verir ki, bəzi sürücülərin kökündəki ilk dörd hərf özünü doğruldur. Dörd hərif – S Ü R Ü. Və burada məsələ heç də yalnız yol polisi əməkdaşları ətrafındakı vəziyyətlə məhdudlaşmır. Söhbət ümumiyyətlə polisdən gedir.

Polis hər bir ölkədə onun daxili işlərinin əsasıdır. Elə ona görə də onun ümumi adı belədir: Daxili İşlər Orqanları. Və adətən bu və ya digər dövləti pozuculuqda günahlandırırlarsa belə deyirlər, ölkənin daxili işlərinə qarışır. Bu gün kimlərsə, nələrsə yerli vətəndaşlarımızın, yerli azərbaycanlılarımızın polisə qaldırdığı əli ilə Azərbaycanın Daxili İşlərinə qarışır!!!

Yəni polis əməkdaşını döyən də, onu təhqir edən də, əmrlərinə itaətsizlik göstərən də anlamalıdır ki, o ölkənin daxili işlərinə qarışan kimlərinsə arzusunu yerinə yetirmiş olur. 1991-ci ildə Sovet İttifaqının sonuncu ilində ən çox qeydə alınan hücumlar elə Sovet milisinə qarşı idi. Hətta yaxşı yadımdadır ki, Yardımlı rayonunun polis zabiti İzzətovu öldürüb, sonra da maşında yandırmışdılar… Belə hallar demək olar ki, hər gün, hər həftə baş verirdi. Elə Sovet İttifaqını dağıtmağı qarşısına məqsəd qoyan xalq nümayəndələri əvvəlcə yerli milis məntəqələrinə hücum, buradakı əməkdaşları tərkislah edib silahlanırdılar… İlk müdafiə batalyonlarının cəbbəxanası belə formalaşırdı. Milis obrazını qorxaq, gözüqıpıq göstərmək Sovet İttifaqının dağılması ideyasına hesablanmışdır.

Bu o Mustafa idi. Amma Sovet Mustafası. Sözümüzün Mustafası isə indi bizim özümüzük. Öz Mustafamız. Biz niyə ona nifrət edirik? Niyə polisi döyürük? Niyə onu döyüb Kürə atırıq? Sonra bu xəbəri şəstlə sosial şəbəkələrdə bölüşürük? Bunun ardındca nəyi gözləyirik: kimsə bizə sağ ol deyəcək? Kimsə bunu Azərbaycanda Polisə qarşı Milli mübarizənin ilk qaranqulşları kimi tarixə salacaq? Mənim polisim məni qoruyur ki, sonra da məndən qorunsun? Polis şikayət ərizəsi ilə müraciət edir. Yazır ki, xahiş edirəm, tədbir görün məni döydülər, öldürdülər. Gəncədə polis əməkdaşının qanını tökürlər, Bərdədə dirigözlü yandırmaq üçün benzin tökürlər, Xocəsəndə anadan əmdiyi südü burnundan tökürlər və bununla da polisin paqonunu sökürlər… Bu kadrlara baxın:

"Porshe" sürücüsü az qalır polisi təkərləri altına alsın. Özü də tanınmış şair Əliağa Kürçaylının nəvəsidir… Kür, görünür, doğrudan da Kürçaylının topuğundandır... Axı Əliağa Kürçaylı oliqarx deyildi, məmurların harınlamışı deyildi, şair idi, pis şair də deyildi, təvazökar bir ömür yaşadı və sadə bir ölümlə də getdi… Məşhur bir misrası da bu idi: Kənardan bax özünə! Onun nəvəsi kənardan baxırmı özünə? Görürmü, necə göründüyünü? Axı Kürçaylı soyadının daşıyıcısı salyanlılar demişkən, cahıllığı ilə yox, aqilliyi ilə gözə girməlidir. Bu adın daşıyıcısı başqalarından daha ağır və batmangələn olmalıdır… Əliağa Kürçaylı deyərdi ki, gedək üzü küləyə. Amma yüz faiz üzü küləyə gedək deyəndə dövləti nəzərdə tutmurdu. Dövlət külək deyil. Belə təsvirlər bir deyil, iki deyil, onldarladır. Biri çəkir, qoyur şəbəkəyə, o biri ordan götürür atır saytlara. 

Beləcə də polisə nifrət hissi aşılanır. Niyə? Ona görə ki, kimisə nə vaxtsa vəzifədən çıxarıblar və onun da içində nəsə qalıb… İndi bu adamın əlinə imkan düşüb, o da ətrafına, tör-töküntülərinə bir saytdan-maytdan yaradıb və bununla da qohum-qardaş qisası alır, axı adamın intiqamını dövlətdən almazlar, atam qardaşım, yaxud atası-qardaşı... Ya da kimsə yad bir dövlətin sifarişini sadəcə yerinə yetirir… və nəhayət ola bilsin ki, heç bir səbəb-filanı yoxdur, adam anasının-bacısının əmcəyini kəsənin biridir və başqa cür bacarmır. Əlbəttə polis də ideal deyil, onun da çiynində bir cüt mələk deyil, bir cüt paqon var, bu paqonların altı var, bu paqonlar onu bəzən çaşdırır… pis yola da dartır… Bəzilərinin içindəki hakimiyyət adamı görəndə əli gicişmək xüsusiyyəti də az rol oynamır. Bunun da manyakal olsa da öz ləzzəti var. Bəlkə elə bu gün polis bir zamanlar yol verdiyi liberallığın və ya beş manat pul alıb beş il azadlıqdan məhrum etməkdən yayınmağının cəzasını çəkir. Hə, bu belədir. Amma indi gəlin bir gün təsəvvür edək ki, polis yoxdur. Bilirsiniz nələr olar?

Görünür, kimlərinsə yadından çıxıb: reketlərin meydan sulamağı, əli silahlı naməlum şəxslərin gündüzün günorta vaxtı xalqın qızını-gəlinini maşına basıb harasa aparması, hər kəsin belində bir naqan qoçuluq edənlər. Avtomatı dirəyib maşından camaatı yerə töküb saatlarla əli boynunda saxlayanlar… Bütün bunlar mənim yadımdadı…

Bir sözlə... Zorlanmış iradələrdən tutmuş zorlanmış ana-bacılara qədər bütöv bir kolleksiya. Axı bu gün PORSHE ilə polisin üstünə şütüyən, onu basmağa belə hazır olan bu SÜRÜcünün elə bu azad, müstəqil şəkildə maşın sürməsi, polis əməkdaşının üzərinə yeriyib onun ayağını basması elə həmin polisin yaratdığı sabitlik sayəsində mümkün olub. Bü gun ölkədə mütəşəkkil cinayətkarlıq demək olar ki, yoxdur! Mən bilmirəm bu “X5”-in sahibi kimdi, amma onunla yəqin artıq xüsusi xidmət orqanları məşğul olmalıdır. Ən azı ona görə ki, görək kimdir və hansı məshəbə, hansı əqidəyə, hansı dövlətə, bəlkə də Ermənistana qulluq edir… Polisə hücum edib, onu alçaltmaq və bundan zövq almaq bəzi harın ər rəşidlərin əyləncə dünyasının tərkib hissəsinə çevrilir. 

Bu kadrlarda polisi əhatəyə almasına, səkiyə qısnamasına sevinən toy uşaqları anlamırlar ki, bununla qanuna necə toy tuturlar?!.. 

İş o yerə çatıb ki, yol polisi müdafiəsiz zümrə kimi görünür. Hətta o dərəcədə ki, cəmiyyətdə yol polisinə silah vermək çağırışları peyda olub. Polis əməkdaşı dövlətin dayaqlarındandır. Bəzi hallarda isə əsas dayaqlarından. Polis dövlətin nümayəndəsidir. Polisə qarşı çıxmaq, dövlətə qarşı çıxmaqdır. Bu dayaqları baltalamaq olmaz. Hüquqi dövlətlərdə adətən qanun qüvvəyə minir. Qanun qüvvəyə yox, ayrı-ayrı qüvvələr qanunu minirsə söhbət artıq hüquqi dövlətdən getmir. Söhbət ayrı-ayrı vətəndaşların polisə etdiyi vətəndaş müharibəsindən gedir. Vətəndaş müharibəsinin qarşısını isə elə polis almalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh