Banner

Səbaildəki eyvan təbii səbəblərdən uçub; suvaq da vurulmayıbmış - FOTO

Avtosfer Foto 15 Dekabr 2025 21:18 Oxunub 422
Səbaildəki eyvan təbii səbəblərdən uçub; suvaq da vurulmayıbmış - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən həftə Bakının mərkəzi küçələrindən biri – Rəşid Behbudov küçəsində eyvanın uçması nəticəsində 1 qadın xəsarət aldı. Bu məsələni media subyektləri sadəcə ötəri xəbər kimi yayımladılar.

Avtosfer.az xəbər verir ki, hadisədən sonra TƏBİB tərəfindən məlumat yayıldı ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olmayıb. Daha sonra Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, eyvanı qəzalı vəziyyətdə olan yaşayış binaları barədə rayon ərazisində mütəmadi monitorinqlər keçirilir və eyvanı qəzalı vəziyyətdə olması aşkar olunmuş binalar barədə aidiyyəti qurumlara rəsmi müraciətlər edilir: “Səbail rayonu, Rəşid Behbudov 8 ünvanında yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olan eyvanı ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə rəsmi müraciət olunub”. 2 gün sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub:

“Sözügedən məsələ ilə əlaqədar, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olublar. Binaya baxış keçirilib. Təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülüb.

Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir.

Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciət olunacaq”.

Qeyd olunan açıqlamalardakı nöqsanlardan biri odur ki, Səbail Rayon İcra Hakimiyyəti ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin verdiyi məlumatlarda binanın ünvanı bir-birindən fərqlənir. İcra hakimiyyətinin qeydiyyatında “Rəşid Behbudov 8” adlanan ərazi Dövlət Xidmətinin qeydiyyatında “Rəşid Behbudov 12” olaraq qeydə alınıb. Digər tərəfdən Dövlət Xidməti açıqlamasında qeyd edib ki, eyvan təbii səbəblərdən aşıb. Bu, onsuz da, ictimaiyyətə bəlli idi. Sosial şəbəkələrdə də vətəndaşlar hadisənin yağış və külək səbəbindən baş verdiyini qeyd edirdi. Məsələ odur ki, eyvanlar təmir edilərkən təbii səbəblər nəzərə alınmayıb. Bununla bağlı, ərazidə yaşayan sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, uzun müddət əvvəl həmin binada təmir işləri baş tutarkən üzlük daşlar necə gəldi binaya yapışdırılıb, ona görə də binanın bütövlükdə hər bir hissəsində boşluqlar görünməkdədir. Yəni, eyvanın daş karniz elementləri ucuz Çin yapışdırıcıları ilə yapışdırıldığı üçün qopub. Əslində isə eyvanın kənarlarına sadəcə suvaq çəkilməli idi. Ən möhkəm yapışdırıcı belə üzlük daşın ağırlığına davam gətirə bilməzdi. Eyvanın altında üzlük daşının yapışdırılmasında suvaqdan istifadə edilmədiyi isə yayılan görüntülərdən məlum olur.

Bu baxımdan, vətəndaşlar ümumilikdə paytaxt ərazisində binalarda bu cür vəziyyətlərin yaranmaması üçün aidiyyəti qurumlardan daha məsuliyyətli yanaşmalarını tələb edir.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh