Avtomobil ustalarının fırıldağı, 10 qat xərcə düşən sürücülər
Savadsız ustalar, keyfiyyətsiz xidmət vətəndaşlara qənim kəsilib
Ölkədə vətəndaşların ən çox aldadıldığı, fırıldaqlara məruz qaldığı ünvanlardan biri də maşın təmiri sexləridir. Savadsız ustalar, keyfiyyətsiz xidmət sürücülərə qənim kəsilib. Özlərini yüksək keyfiyyətli, bilikli göstərən bəzi avtomobil ustaları bir çox hallarda nasaz avtomobillərə təxmini "diaqnoz" qoyur, aidiyyəti olmayan detalları dəyişməklə sürücülərə ikiqat, hətta bəzən 10 qat ziyan vurur. Avtomobilin hansı detalının xarab olduğunu müəyyənləşdirmək üçün həmin ustalar maşında bir neçə detal dəyişir, sonra avtomobilin "dərdini" tapır. Bu zaman bəlli olur ki, artıq 300 manat xərcləmisən, amma problem cəmisi 20-30 manatlıq bir kiçik detalla bağlı imiş.
Bu proseslə rastlaşan sürücülər əsasən kasıb təbəqənin adamlarıdır. Ölkədə rəsmi avtoservislərə qiymət bahalığına görə getmək imkanı olmayan həmin sürücülər məcburiyyətdən fərdi sexlərə üz tutur, avtomobili həmin sexlərdə ucuz təmir etdirmək istəyir. Fərdi sexlərdə isə sürücü əksər hallarda naşı ustaya rast gəlir, həmin usta da avtomobili anlayışı oldu-olmadı sökür, təmir etməyə can atır. Amma bir detal əvəzinə bir neçə detal dəyişməklə.
"35 manatlıq detala görə 310 manat xərc çəkdim"
Paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən avtomobil təmir sexləri sırası var. Ərazidə iki rəsmi avtoservis, 50-yə yaxın isə fərdi təmir sexləri var. Müşahidələrim zamanı da məlum oldu ki, rəsmi avtoservislərə çox az sürücü müraciət edir. Səbəb isə məlumdur. Avtoservislər təmir, müayinə qiymətlərini o qədər baha tətbiq edirlər ki, bura yalnız imkanlı şəxslər gəlir. Aşağı təbəqənin həmin servizlərə müraciət etmək imkanları yoxdur.
Ərazidə olarkən həmsöhbət olduğum sürücülərdən biri də dediklərimi təsdiqlədi. Murad kişi 30 ildir ki, sürücü işləyir. Dediyinə görə, əvvəllər imkanlı şəxslərdən birinin ailə sürücüsü olsa da, 5 ildir ki, o işindən ayrılıb və hazırda şəxsi avtomobili ilə taksi kimi fəaliyyət göstərir. Deyir ki, "Mercedes E-220 CDİ" avtomobilini 10 il əvvəl Gürcüstandan şəxsi istifadə üçün gətirib. Avtomobil Gürcüstandan alınanda tam normal vəziyyətdə işləyib. Bir il Bakıda sürüləndən sonra nasazlıqları üzə çıxıb: "Həmin vaxt "xozeyn" maşını sürürdüm deyə, bu maşını yeznəm idarə edirdi. Bir ildən sonra maşında qismən nasazlıq yarandı, arabir sönürdü. Bir müddətdən sonra artıq maşın getdiyi yerdə sönməyə başladı. Dedilər ki, NZS-də yaxşı usta var. Apardıq, usta dedi ki, dizel nasosu xarabdır. 165 manat verdim, nasos aldım gətirdim. Usta dəyişdi, maşını təhvil verdi. Bir həftə sonra yenidən eyni problem yarandı. Təkrar həmin ustanın yanına gəlib problemin aradan qalxmadığını dedim. Usta təkrar yoxladı, bildirdi ki, guya nasosun tənzimləyici relesi xarab olub. 90 manat verib o detalı da aldım. İki detal dəyişməyə görə 50 manat da ustaya verdim. Maşın ustanın yanında sönmədi və zənn etdim ki, problem həll olunub. Amma iki gündən sonra maşında kondisioneri qoşdum, haradasa 7-8 kilometr gedəndən sonra yenidən motor söndü və bir də maşın işə düşmədi. Soraqlaşdım, dedilər ki, Əhmədli qəsəbəsində diaqnostika mərkəzdə Akif adlı usta var. Evakuator çağırıb maşını həmin mərkəzə gətirdim və Akif ustaya başıma gələnləri danışdım. Usta əvvəlcə 20 manat alıb avtomobili diaqnostika edəndən sonra məlum oldu ki, mənim avtomobilimin nə nasosunda, nə də relesində problem olmayıb. Problem maçının "kalenval datçiki" adlanan detalındadır. 35 manat verib onu dəyişdim, 10 ildir sürürəm. Heç bir problem yoxdur. 35 manatlıq detala görə 310 manat xərc çəkdim".
Sürücü deyir ki, problem həll olunandan sonra həmin NZS-dəki ustanın yanına gedib ona görə 300 manat ziyana düşdüyünü desə də, usta məbləği qaytarmaqdan imtina edib: "Dedi ki, get, kimə istəyirsən şikayət elə. Mən əziyyət çəkib mazuta batmışam, detal dəyişmişəm. Nə pulu qaytardı, nə də köhnə ehtiyat hissələrini".
Cüzi problemə görə sürücü 500 manat ziyana düşüb
Məsələ ilə bağlı nəqliyyat eksperti Bəxtiyar Şərifov "Yeni Müsavat"a açıqlamasında bildirib ki, bu cür hallar Azərbaycanda, xüsusən də Bakı şəhərində daha çox olur. Mütəxəssis bildirir ki, bu cür naşı ustalarla bağlı ona dəfələrlə müraciətlər olunub: "Amma rəsmi müraciət edəcək yer yoxdur ki, onların barəsində ölçü götürülsün.
Təxminən iki ay əvvəl bir nəfər tanış mənə zəng vurub əmisi oğlunun avtomobilində problem yarandığını bildirdi. Məlum oldu ki, əmisi oğlunun 2012-ci il istehsalı olan BMW markalı avtomobili var. Sürücü bir ay ərzində avtomobilin havaölçən cihazını 4 dəfə dəyişib. Təzə alınan cihaz avtomobilin üzərinə yerləşdiriləndən sonra 8-10 gün işləyir, sonra xarab olur. Cihazın qiyməti 120 manatdır. Hər dəfə də usta cihazı dəyişir, 10 manat usta pulu alır, xarab olanda da deyir ki, detal işlənmiş olduğu üçün tez yanır. Avtomobili diaqnostika etdik, məlum oldu ki, detal xarab olmayıb. Sadəcə, həmin detal 12 voltla işləməli olduğu halda, elektrik xəttinə 15-18 volt enerji gəlir. Həmin enerjini qəbul etmək gücünə malik olmayan havaölçən fəaliyyətini dayandırır. Nəticədə naşı ustalar detalın xarab olduğunu zənn edib sürücüyə yeni detal aldırır. Diaqnostikadan sonra enerji ötürən xətdəki qısaqapanma aşkarlandı, problem aradan qaldırılandan sonra avtomobil də, həmin "yanmış" detal da normal işləməyə başladı".
Avtomobil ustaları niyə xaricdə təcrübə keçmir?
Bəxtiyar Şərifov bildirir ki, xarici ölkələrdəki təcrübə Azərbaycanda tətbiq edilməlidir: "Məsələn, əksər xarici ölkələrdə hansısa avtomobil təmir mərkəzinə müraciət edərkən usta ilk öncə sürücüyə avtomobilin hansı hissəsində nasazlıq olması barədə rəsmi arayış verir. Həmin arayış əsasında avtomobil yerində diaqnostika edilir, nasazlıq aradan qaldırılır və sürücüyə rəsmi zəmanət verilir. Bu halda əgər həmin avtomobildə eyni problem bir ay müddətində təkrarlanarsa, həmin avtomobil usta və ya həmin servisin vəsaiti hesabına təmir edilir. Bizdə isə belə deyil. Azərbaycanda hansısa ustanın yanında bir-iki ay işləyən şəxs iki aydan sonra özü təmir sexi açır. Bu adam harada oxudu, hansı ölkədə təcrübə keçdi ki, indi özü usta işləyir? Bu cür hallar ölkədə minlərlədir".
Ekspert deyir ki, Azərbaycanda barmaqla sayılacaq qədər usta var ki, onlar Rusiya, Türkiyə, Ukraynada təcrübə keçib, kurslara qatılıb: "Həmin ustalar da Bakıya gələn kimi özləri üçün şəxsi avtoservislər açır, bir-neçə nəfəri də öyrətmək adı ilə işə cəlb edir. Amma həmin şəxslər bildiklərinin 10 faizini bu şəxslərə öyrətmir.
Azərbaycanda avtomobil təmiri ilə bağlı nəzəriyyə zəifdir. Əslində xarici ölkələrdə təcrübə keçməyən şəxsin avtomobil təmiri sexində işləməsi qəbuledilməzdir. Amma bizdə nə xaricdə təcrübə keçən var, nə öyrənmək istəyən. Avtomobilin bir neçə detalını açıb bağlamağı öyrənənlər özlərini usta hesab edir. Nəticədə də sürücülərə bu cür ziyan dəyir".
Yeni Müsavat