Bəzi şou-biznes nümayəndələri efirə çıxıb özünü bahalı maşın nömrəsi ilə reklam edir - EKSPERT

Avtoxəbər 28 İyun 2022 19:14 Oxunub 1878
Bəzi şou-biznes nümayəndələri efirə çıxıb özünü bahalı maşın nömrəsi ilə reklam edir - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, müğənni Lətifə Soyuöz “Xəzər” TV-nin efirində özünə məxsus avtomobilin nömrəsinin 170 000 manat olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycanda avtomobil nömrələrinin fərdi şəkildə satılması heç kimə sirr deyil. Dövlətə məxsus nömrələrin maksimim qiymətinin 3000 manat olduğu halda, internetdə bundan dəfələrlə yüksək qiymətə satıldığını görmək mümkündür.

Bəs Dövlət Yol Polisinin “Dövlət rüsumu haqqında” qanuna əsasən satmalı olduğu maşın nömrələri necə olur ki, dövlət rüsumundan baha və həmçinin fərdlər tərəfindən satılır? 170 min manata nömrə satılması mümkündürmü?

Redaktor.az mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyevin münasibətini öyrənib. “Avtomobil nömrəsi texniki avadanlıq deyil ki, “qara bazar”da satılsın. Müğənninin o qiymətə nömrəni necə əldə etdiyini biz bilmirik”, - deyə o bildirdi.

Məsələ ilə bağlı saytımıza danışan nəqliyyat eksperti Elməddin Muradlı isə bildirdi ki, Azərbaycanda fiziki şəxslər tərəfindən avtomobil mömrələrinin satışı həyata keçirilir. “Azərbaycanda nömrə alveri gedir və bunu fərdi şəxslər həyata keçirir.  Onların da marağı özləri üçündür. Məsələn, kimsə maşını satır, maşının üstündəki nömrə ilə özündən qiymət müəyyən edir. Satıcı bildirir ki, istəyirsən bu qiymətə al, istəmirsən bron etdirirəm”.

Ekspert qeyd etdi ki, Azərbaycanda nömrəyə bu qədər pul verən insanlar olur, amma bu şou-biznes əhli bir az şişirtməyə meyllidir. “Həmin xanımın avtomobil nömrəsi bizim araşdırma nəticəsində məlum oldu ki, “085”dir. Bu nömrənin əvvəlki rüsumu 22 manat idi, indi 30 manatdır. Bu adam necə şişirdir ki, mənim  maşınımın nömrəsi 170 000 manatdır? Efirə çıxıb ağızlarına gələni danışırlar. Hazırda efirdə danışılacaq daha ciddi mövzular var, nəinki kiminsə paltarının, maşın nömrəsinin qiyməti. Bu mövzular cəmiyyətdə heç kimə lazım deyil, sadəcə özlərini reklam edirlər”,- deyə ekspert əlavə etdi.

Elməddin Muradlının sözlərinə görə, nömrə üzərindən manipulyasiya heç də ürəkaçan bir şey deyil:

“Bu gün nömrəyə kim 170 000 verirsə, bu şəxs, deməli israfçı adamdır. 170 000-ə nömrə satan da yol polisi deyil. Hansısa fərdi şəxslərdir, internetdə açıq şəkildə satış həyata keçirirlər. Bu belə olmalı deyil, yol polisi bu məsələdə gecikir. Fərdi şəxslərin nömrələri alqı-satqı etməsi yığışdırılmalıdır. Nömrəni yalnız yol polisi sata bilər”.

Qeyd edək ki, Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir.

Qanuna əsasən rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün

- müxtəlif seriya - 2000 manat;

- eyni seriya - 3000 manat;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün

- müxtəlif seriya - 1500 manat;

- eyni seriya: 2000 manat;

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün

- müxtəlif seriya:  1000 manat;

- eyni seriya: 1500 manatdır.

Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə isə 30 manat rüsum müəyyənləşib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh