Banner

Azərbaycanda iş adamı HƏBS OLUNDU - YENİLƏNİB

Hadisə 25 Noyabr 2026 11:23
Azərbaycanda iş adamı HƏBS OLUNDU   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" MMC-də təhlükəli toyuq əti məhsullarının dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib".

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, üç nəfər 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb olunub:

"İnsan həyatı və sağlamlığı üçün təhlükəli toyuq əti məhsullarının satış məqsədilə saxlanması faktı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə əhalinin həyat və sağlamlığının, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması, habelə qida təhlükəsizliyi sahəsində hüquqpozmaların, o cümlədən insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulların istehsalı və dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bu çərçivədə, "Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlama anbarlarında etiketlərində göstərilən yararlılıq müddəti bitmiş və korlanma əlamətləri müşahidə olunan toyuq əti məhsullarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşkar edilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Həyata keçirilən tədbirlərlə Cəmiyyətə faktiki rəhbərlik edən Mahir Hökümalı oğlu Mirzəyevin, Cəmiyyətin direktoru Elşən Namiq oğlu Usubovun və kəsim sexinin müdiri Nazim Bahadur oğlu Məmmədov un qabaqcadan əlbir olaraq, insan həyatı və sağlamlığı üçün təhlükəli, yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulunu Xızı rayonunda yerləşən Cəmiyyətə məxsus istehsal sahəsində yararlı məhsullarla birlikdə satış məqsədilə saxladıqları, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri barədə əsaslı şübhələr müəyyən edilib".

"Toplanmış ilkin sübutlar əsasında Mahir Hökümalı oğlu Mirzəyev (təşkilatçı qismində), Elşən Namiq oğlu Usubov və Nazim Bahadur oğlu Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-3.2.2 və 200-3.2.3-cü maddələri ilə (bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının satış məqsədilə saxlanmasının qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədilməsi), habelə 308.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Elşən Namiq oğlu Usubov barəsində həbs, Mahir Hökümalı oğlu Mirzəyev və Nazim Bahadur oğlu Məmmədov barəsində isə ev dustaqlığı qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - deyə məlumatda qeyd edilib.

***09:48
Binəqədi Rayon Məhkəməsində “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev barələrində qətimkan tədbirlərinin seçilməsinə dair təqdimatlara baxılıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarlarına əsasən, Elşən Usubov barəsində 2 ay 11 gün müddətinə həbs, Nazim Məmmədov və Mahir Mirzəyevbarələrində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, istintaq materiallarına əsasən, “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin istehsalat sahəsində yararlılıq müddəti bitmiş, eləcə də istehsal tarixi 24 dekabr 2026-cı il kimi göstərilmiş toyuq əti və dondurulmuş toyuq hissələri aşkar edilib.

Cinayət işi üzrə Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə kompleksin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Oxunub : 216
ŞƏRH YAZ
Ad

E-mail

Şərh