BYD şirkəti Avropa bazarına premium sedanla daxil olmaq istəyir
Avtoxəbər 13 May 2020 20:40 Oxunub 331
BYD şirkəti Avropa bazarına premium sedanla daxil olmaq istəyir
Elektromobilin 45.000-55.000 avro arasında qiymətə başa gələcəyi gözlənilir

Çinin BYD şirkəti Avropa bazarına müdaxilə etməyə hazırlaşır. Üstəlik, çinlilər hədəf olaraq premium sedanlar seqmentini seçiblər. Maraqlı gedişdir və doğrusu by gedişin nə ilə nəticələnəcəyini səbirsizliklə gözləyirik. Çin markasını Avropada təmsil edəcək ilk avtomobil isə, Han EV elektrokarı olacaqdır. BYD Han EV modeli "ölməz" Blade Battery batareyasına malikdir və yaxşı sürətlənmə dinamikası ilə öyünə bilər - sedan ilk «yüzlüyə" 3,9 saniyəyə sürətlənir.

 

Çin bazarında isə, BYD Han EV sedanının satışları iyun ayının sonlarında başlanmalıdır. Elektromobil üç versiyada təklif ediləcəkdir. Birinci modifikasiya ön oxda quraşdırılmış 222 at qüvvəsi və 330 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə, 65 kilovat-saatlıq batareyaya və 506 kilometrlik (NEDC) yürüş ehtiyatına malikdir.

Orta versiya eyni mühərrik və 76,8 kilovat-saatlıq batareya ilə təchiz olunur və dolu batareya ilə 550 kilometr məsafə qət edir. BYD Han EV sedanın top versiyası 494 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edən iki elektrik mühərriki ilə hərkətə gəlir. Sedan 100 km/saat həddini 3,9 saniyəyə toplayır və enerji yükləmədən 605 kilometr məsafə qət edə bilər.

 

BYD Han EV modelinin əsas xüsusiyyəti, əsasını silikon karbidi və dəmir fosfatı təşkil edən inventoru və inanılmaz möhkəmliyi olan Blade Battery batareyasıdır. Batareya çoxsaylı sınaqlardan keçib. Sınaqlar zamanı onu büküb, mismar vurub və məcburi şəkildə 300 dərəcə Selsiyə qədər qızdırıblar. Bu sınaqlara baxmayaraq, batareya alışıb-yanmayıb və partlamayıb.

Bundan başqa, elektrik sedanı özü öyrənən 5G protokolunu dəstəkləyən DiPilot avtopilotu və Çin kütləvi seqmentinin tarixində ilk dəfə olaraq, Bosch istehsalı olan IPB (Intelligent Integrated Brake System) bloku ilə təchiz edilir. Bu blok stabilləşmə və rekuperasiya sistemləri ilə birləşdirilmiş elektrohidravlik əyləc gücləndiricisidir.

 

BYD Han EV modelinin Avropadakı satışlarının başlanması vaxtı müəyyənləşdirilməyib. Lakin istehsalçı təxmini olsa da, qiyməti açıqlamağa hazırdır. Elektromobilin 45.000-55.000 avro arasında qiymətə başa gələcəyi gözlənilir. Yeri gəlmişkən, bu qiymətə Almaniyada yeni Tesla Model 3 elektrokarını satın almaq olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh