Ekspert: Soyuq havalarda elektromobillərin gediş imkanları azalır
“Bu qarda ilk dəfə yanacaqla işləməyən maşınla yola çıxdım. Ya dilini yaxşı bilmirəm, ya da xüsusiyyəti belədir; qara düşən kimi dayanır. Deməyim odur ki, elektriklə işləyən avtomobilə etibar edib uzaq və qarlı yollara çıxmayın”. Bu sözləri “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial media hesabında paylaşıb. Qeyd edək ki, söhbət “Toyota BZ4X” markalı avtomobildən gedir.
Jurnalist Pərviz Həşimli də öz səhifəsində eyni problemə toxunub: “"Kitayiski" maşınlar özünü göstərdi. 400-450 km üçün nəzərdə tutulan batareya hava sərt soyu olan kimi 200 km-də bitirmiş. Bu gün enerjisi bitən bir neçə İD 6 yollarda qalıb. Elektromaşınlar qarşıdakı 5 ildən sonra daha mükəmməl ola bilər”.
Sözügedən paylaşımla bağlı rəydə müxtəlif fikirlər səsləndirilib. Qeyd edilib ki, ya Azərbaycana gətirilən elektromobillər həqiqətən də yalnız Çin maşınlarıdır, ya da sürücülər avtomobilin yola uyğunlaşmasını təmin edə bilmir.Rəylər arasında “sürüşmənin qarşısını alan mexanizm açıq olduğuna görə dayanıb. Həmin sistemi bağlayın, sürün” kimi fikirlər də var.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı da sherg.az-a açıqlamasında qeyd edib ki elektromobillərin soyuq havalarda gediş məsafəsi yay ayları ilə müqayisədə həqiqətən də aşağı olur. Havanın temperaturu enən kimi batareyanın belə tez boşalması elektromobillərin ən böyük problemlərindən biridir.
Ekspert elektromobillər haqqında bu cür antitəbliğat xarakterli çıxışların yayılmasının xoşagəlməz hal olduğunu vurğulayaraq əlavə edib ki, bu, günümüzün reallığıdır: “Ekoloji cəhətdən təmiz olan elektrik enerjisi ilə işləyən avtomobillərdən istifadə müasir dövrün çağırışlarından biridir. Hətta bu avtomobillərdən istifadənin stimullaşdırılması üçün müəyyən güzəştlər də tətbiq edilir. Lakin heç kəs deyə bilməz ki, elektromobillərlə bağlı hər şey mükəmməldir. Bəli, hava şəraiti ilə bağlı elektromobillərdə ciddi problemlər yaşanır. Bu, təkcə bizimlə bağlı olan bir məsələ də deyil. Artıq dünyanın bir çox ölkələrində bu mövzu ətrafında müzakirələr başlayıb. Bizdə də son vaxtlar elekromobillərə maraq artıb, istifadəçilərin sayı artmağa başlayıb. Ona görə də mütləq bu məsələ ətrafında müzakirə açılmalı və əhaliyə düzgün məlumat verilməlidir ki, elektromobil almaq istəyən insanlar sonradan bu cür problemlərlə üzləşməsinlər. Şahbaz bəy, çox doğru qeyd edib. Qarlı, şaxtalı havalarda elektromobilər donub qalır. Yəni daha az məsafəyə yürüş edə bilir. Hətta bu yaxınlarda bu cür paylaşımlar edilirdi ki, soyuq havalarda avtomobildə isitmə sistemi işləmir. Soyuq havalarda qət etdikləri yolu üşüyə- üşüyə qalırlar. Amerikanın ştatlarından birində isə şaxtalı havada elektromobilin alışıb yanması ilə bağlı videofakt paylaşılmışdı”.
Bu kimi faktların üzə çıxarılması və ictimailəşdirilməsinin müsbət tendensiya olduğunu qeyd edən E.Muradlı deyib ki, bu növ avtomobillərdən istifadə edən şəxslər həm məlumatlı, həm də tədbirli olsalar problemlərin də sayı azalar. İstehsalçılar bu kimi narazılıqları ciddiyə almalı və mövcud problem nədirsə, növbəti istehsal prosesində onu düzəltməlidirlər:
“Müasir nəqliyyat növü sayıldığına görə elektromobil almaq istəyən şəxslər rəsmi dillerlərdən alsalar daha yaxşı olar. Bu zaman avtomobildə hər hansı bir problem yaşansa həl etmək də daha asan olur. Qeyri- rəsmi şəbəkələr vasitəsilə Çindən gətirilən avtomobillər ucuz başa gəldiyi üçün vətəndaşlar həvəslənir. Hətta bir çoxları onlayn formada sifariş verib, özləri alır. Sonra da hər hansı bir problem yaşananda onu nə geri qaytarmaq, nə də düzəltmək olur. Rəsmi dillerlərdən almaq ona görə məsləhətlidir ki, texniki bir problem çıxanda servis xidməti lazım olanda, döyüləsi bir qapı tapa bilək”.