Hacıqabulda avtomobil istehsalı mərhələlərinin lokallaşdırılması zavodunun təməli qoyulub - FOTO

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulub. Oxu.az xəbər verir ki, “Azərmaş CP” Məhdud Məsuliyyətli Cəmiyyətinin Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin dəstəyi ilə reallaşdıracağı layihənin investisiya dəyəri 88 milyon manatdır. Müəssisə tam olaraq “Azərmaş CP” MMC tərəfindən maliyyələşdirilir.
ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. İstehsal xəttinin 2025-ci ildə açılması planlaşdırılır. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq. İstehsal olunacaq avtomobillər daxili bazarla yanaşı, xarici bazarlara çıxarılacaq.
Təməlqoyma ilə əlaqədar keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizdə avtomobil sənayesinin inkişafına və bu istiqamətdə Özbəkistanla əməkdaşlığa önəm verildiyini qeyd edib. Bildirilib ki, zavod Azərbaycanda istehsalın lokalizasiyasını sürətləndirməklə, regionun inkişafına, məşğulluğun artırılmasına töhfə verəcək. Tədbirdə iştirak edən İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbəri Elşad Nuriyev, “Maşın və avadanlıq istehsalçıları” Assosiasiyasının sədri Emin Axundov, “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin rəhbəri Uluqbek Rozukulov, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov Azərbaycan-Özbəkistan əməkdaşlığının növbəti uğurlu nümunəsi olan avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun ölkəmizdə avtomobil sənayesini təşviq edəcəyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin sentyabrında Hacıqabul Sənaye Məhəlləsində açılışını etdiyi “Azərmaş” zavodu rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə Özbəkistanla əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatı üçün faydalıdır. “Azərmaş” və “Uzavtosanoat” səhmdar cəmiyyətlərinin ölkəmizdə “Azərmaş CP” müştərək müəssisəsi yaradılıb, birgə layihə olan “Minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı” layihəsi üzrə ilk istehsala başlanılıb və hazırda istehsal uğurla davam etdirilir. İndiyədək 14 modeldə 2,5 mindən çox “Chevrolet” markalı minik avtomobili və Yaponiyanın “İSUZU” brendinin avtobusları istehsal olunub.
16:30
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, “Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası” İctimai Birliyi və Özbəkistanın “UzAvtoSanoat” SC arasında “Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu” imzalanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə nazir Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.
“Sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək”, - deyə o qeyd edib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nazir “Uzavtosanoat”ın rəhbəri Uluqbek Rozukulovla görüşərək onunla Özbəkistanla avtomobil sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, Azərbaycan-Özbəkistan tərəfdaşlığının dinamik inkişaf etdiyi, investisiya əməkdaşlığının gücləndiyi vurğulanıb. Nazir qeyd edib ki, qarşılıqlı səfərlər və aparılan müzakirələr səmərəli nəticələr verir, işgüzar dialoq genişlənir, özəl sektorun fəallığı artır, yeni ideyalar və təşəbbüslər irəli sürülür. Rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına xidmət edən layihələrin icrasını sürətləndirmək üçün ölkəmizdə biznes və investisiya mühiti qlobal çağırışlara uyğunlaşdırılır. Bununla yanaşı, ixtisaslı kadr ehtiyatı, institusional potensial, səmərəli enerji və nəqliyyat infrastrukturu, beynəlxalq bazarlara çıxış kimi imkanlar da birgə layihələrin icrasını asanlaşdırır.
M.Cabbarov Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulacaq avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun əhəmiyyətini diqqətə çatdırıb, layihənin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, istehsalın lokallaşdırılması və məşğulluğun təminatına təkan verəcəyini qeyd edib. U.Rozukulov Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitdən məmnunluğunu ifadə edib, Azərbaycanlı tərəfdaşlarla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə ölkəmizdə avtomobil sənayesinin inkişaf etdirilməsi, bu istiqamətdə Özbəkistanla əməkdaşlığın genişləndirilməsi və istehsal edilən avtomobillərin üçüncü ölkələrə ixrac imkanları müzakirə edilib.
14:14
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin (“UzAuto”) rəhbəri ilə görüşüb.
O bu barədə öz “Facebook” profilində paylaşım edib.
Bildirilib ki, Uluqbek Rozukulov ilə iqtisadi tərəfdaşlığın ölkələrimizin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi üçün yaratdığı imkanlar, potensial layihələr və avtomobil sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.














