Maşın bazarındakı vəziyyət dəyişdi

Avtoxəbər 26 Fevral 2015 16:50 Oxunub 9292
Maşın bazarındakı vəziyyət dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məzənnə qərarından sonra

Manatın ucuzlaşması onsuz da durğun olan daşınar-daşınmaz əmlak bazarını daha da dondurdu. Hər kəs gözləmə mövqeyindədir, artıq kimsə əmlakını satmaq istəmir, uduzacağından qorxur. Lakin elanlarda qoyulan qiymətlər dollar ekvivalentinə uyğun dəyişdirilir. Mənzil bazarından fərqli avtomobillərin qiyməti adətən dollarla göstərilir. Xarici valyutanın bahalanması avtomatik maşınların da qiymətini bahalaşdırır.

Avtosfer.az xəbər verir ki, "Bizim Yol" qəzeti avtomobil bazarı haqda reportaj hazırlayıb. 

Təsadüfi seçdiyimiz 2009-cu il buraxılışı olan "Hyundai" markalı avtomobilin qiyməti 10 min dollar qoyulub. Lakin 10 min dollar bir neçə gün əvvəl 7844 manat idi. Birdən-birə 2200 manat bahalanma var. Hələ biz 1 manat=1 dollar hesabı ilə deyirik. Aradakı 0.05 qəpik fərq də 370 dollar civarında vəsait edir. Deməli, əslində bir avtomobildə 2600 manat civarında bahalanma var. Avtomobil sahibinə zəng elədim, maşının satış qiyməti ilə maraqlandım. Dedi, "10 min dollara deyirəm, amma aşağı yeri də var". Elanı nə vaxt yerləşdirdiyini soruşdum, məlum oldu ki, bahalanmadan az əvvəl bunu edib. Ramil insaflıymış, dedi ki, valyuta bazarındakı durumun buna aidiyyatı yoxdur, maşını alan olarsa dolları əvvəlki qiymətlə hesablayacaq. Amma proqnoz da verdi ki, təzə elanlar təzə qiymətlə qoyulacaq. "Hamı maşını dollarla satır, indi sevinir ki, "qabağayam". Lakin mən köhnə kursla qoymuşam, təzə kursa aidiyyatı yoxdur. Maşını almaq üçün maraqlananlar olsa da, hələlik konkret razılaşma olmayıb. Ev düşmüşdü, maşını ona görə satırdım, ev alacaqdım. İndi ev satan da qiyməti qaldırıb, dolların kursuna uyğun satır. Əhmədlidə ikiotaqlı mənzil idi, əvvəl 65 min manata deyirdi, bu da 80 min dollar edirdi. İndi 80 min dollardan da baha qoyub. Manatı dollara vurun, görün hara gedib çıxır. Bu, ədalətsizlikdir, istər maşının, istərsə də evin qiyməti var, baxan kimi hansı dəyərdə olduğunu bilirsiz. Qiyməti nə qədər qaldırmaq olar? Onsuz da daşınmaz əmlak bazarında qiymətlər yüksəkdir. Bundan başqa, Bakıdakı evi dollarla satmaq düzgün deyil, kürəklərinə alıb xaricdən gətirməyiblər ki. Belə evlərə sərf olunan tikinti materiallarının demək olar hamısı Azərbaycanda istehsal olunur". 

Nə satan var, nə alan 

Ramil əhalinin panikaya düşüb qiyməti süni artırmasını yanlış hesab edir, prosesin onsuz da alıcı problemi yaşayan bazara daha da mənfi təsir göstərəcəyi qənaətindədir: "Maşını mən bank vasitəsilə almışdım, indi satdığım qiymətdən xeyli baha başa gəlib, 4 min dollar uduzmuşam. Amma bildiyiniz kimi, vaxt keçdikcə avtomobil dəyər almır, əksinə dəyərdən düşür. Avtomobili satanda udmursuz, tək-tük alverçilər maşına əl gəzdirib 3-5 min manat qazanırlar. Hazırda vəziyyətə aydınlıq gəlməsini gözləyirik. Bu gün ev, maşın satanlar tərəddüd içərisindədirlər, bilmirlər satsınlar, ya da əlverişli şəraiti gözləsinlər. Son bir neçə gündə nə maşın satan eşitmişəm, nə də ev. Mən bu dəqiqə evin hayındayam, maşın da yaddan çıxıb, elan qoyduğumu hərdən onunla bağlı zənglər mənə xatırladır. Bu gün "maklerlər"dən də maraqlanmışam, dediklərinə görə nə ev satan var, nə də alan. Hesab edirəm ki, cəmiyyətin bir hissəsi baş verən ani dəyişiklikdən hələ də şokdadır, yerdə qalan hissə də gözləyir".    

 

Hökumət valyutanı bahalaşdırıbsa, sahibkarın da öz məhsuluna həmin o fərqi əlavə etməsi niyə ədalətsizdir ki", deyə sual verdim. Cavabı belə oldu: "Biz Azərbaycanda yaşayırıq və milli valyutamız da manatdır. Mal və məhsulları dollara çevirib satmağı düzgün hesab etmirəm. Hələ ki, heç nəyin qiymətinin qalxmadığını elan edirlər və bildirirlər ki, artan qiymətlər də sünidir, buna baxmayaraq hər kəs öz işindədir. İri marketlər qiymət qaldırmayıb, amma kiçik marketlərdə əhəmiyyətli artım hiss olunur. Amma bununla paralel marketlərdə ərzaq da azalıb, əhali həmişəkindən bir neçə qat artıq alış-veriş edir. Bu isə yaxşı nəsə vəd eləmir".  

"Maşını dollarla almışam, dollarla da satıram"

Bəzi avtomobil sahibləri telefonda müştəri olduğunu bilib danışmaq istəmirdilər. Çoxları avtomobili hansı qiymətə satıb-satmayacaqları barədə qərarsızdırlar. Qiyməti 13 min dollara qoyulmuş 2013-cü il buraxılışlı "Renault"un sahibi Sabir avtomobildə musiqinin səsini o qədər qaldırmışdı ki, heç məni eşidəcək halda deyildi. Sonra telefonu ümumiyyətlə bağladı. Anladım ki, satmaq fikrində deyil. 25 min dollarlıq "Honda CR-V"nin sahibi isə, yalan, ya düz, avtomobilin artıq satıldığını dedi. Camaatı çaşdırmamaq üçün elanı saytdan çıxartmağı məsləhət gördüm. Bu dəfə bir qədər də bahalı maşın seçdim, 2008-ci ilin buraxılışı olan qiyməti 28 min dollar göstərilmiş "Toyota Prado"nun sahibinə zəng elədim. Səməd dedi ki, "maşını elə əvvəl də dollara satırdıq, indi də həmin valyuta ilədir". Dedim, indi dolların qiyməti bahadır, bunu nəzərə alırsınızmı? Dedi, "maşını dollarla almışam, dollarla da satıram, siz nə təklif edirsiniz"? Təklif elədim ki, dolları 78 qəpiklə hesablayaraq ödəniş edim, hələ bazar qiymətindən də bir az endirim etsin. Deyəsən çox insafsızlıq etmədim. Adam avtomobili dollarla alanda da valyutanı mən təklif etdiyim qiymətə almışdı. Sadəcə burada əlavə qazanc etmək niyyətində idi. Həm də adi satıcıya bənzəmirdi, Ramildən fərqli təcrübəli alverçi idi. Və təklifimə belə reaksiya verdi: "Nəyə görə, niyə uduzmalıyam ki? Manat ucuzlaşıb, dollar qalxıb, burada mənim günahım nədir ki, itkiyə yol verim? Manatla almaq istəyirsinizsə, buyurun, bugünkü kursla hesablayıb ödəniş edə bilərsiz, mən götürərəm, problem yoxdur. Sizdən köhnə kursla götürə bilmərəm, elə olmağı düz də deyil". Alıcılıq qabiliyyətini nəzərə almağı da tövsiyə etdim. Dedi, "alıb-almayacaqlarının bu məsələyə aidiyyatı yoxdur, mənim avtomobilimin qiyməti budur. Saytda o qədər insan maşın satır, bu məntiqlə heç kəs almamalıdırmı? Kimə lazımdırsa, qiyməti necə olursa-olsun alacaq".

 

Axırıncı dəfə lap "göydən getdim", 2013-cü il buraxılışlı, 58 min dollarlıq "Mercedes"lə maraqlandım. Avtomobilin sahibi Muraddan göstərdiyi qiymətin qüvvədə olub-olmadığını soruşdum. Qüvvədəymiş. Dolların bahalandığını xatırlatdım, dedi ki, qiymətdə bir qədər güzəşt edə bilər. Hansı qiymətlə hesablanacağına gəlincə, bir az fasilə verib sualımı cavablandırdı: "Qiymət oynayır, mən özüm də bilmirəm necə olacaq". Daha da dəqiqləşdirmək istədim, qoyulan qiymətin onsuz da baha olduğunu vurğuladım, alacaq olsam bir qədər qiymətdə güzəştə getməsini və dolları əvvəlki kursla hesablamasını xahiş etdim. Dedim "mən qiymətdə sizinlə bazarlıq edəcəyimi düşünmüşdüm, amma belə çıxır ki, hələ ortada dollar-manat problemi də varmış, əvvəlcə onu həll etməliyik". Çox tərəddüdlüydü, hər sualıma xeyli fikirləşməli olurdu. Axırda dedi: "Mən onu danışaram, görüm bu kurs məsələsi nə olacaq, sonra görək də". Dedim kursun taleyini kimdən soruşacaqsız, Elman Rüstəmovdan? O, artıq qərarını verib. Dedi, "lazım olsa ondan da soruşa bilərəm". Dediyi kimi belə avtomobillərin təzəsinin qiyməti 100 min dollardır. Maşına və nömrəsinə baxılsa, baş bankirə qohum olmaq ehtimalı da az deyildi, ona görə də dediyinə şübhə eləmədim. Dedim, onda Elman müəllimlə məsləhətləşsin, sonra qərarını mənə bildirsin. Son sözü bu oldu ki, köhnə kursla 78 qəpikdən hesablaya bilər, amma qiymətdə güzəştə getməyəcək. Əvvəllər qiymətdə "danışıq" üçün yer qoyurdular, siz də büdcənizə görə "bazarlıq" edə bilirdiniz. İndi isə göründüyü kimi, güzəşt ən yaxşı halda kursun əvvəlki kimi hesablanmasından ibarət ola bilər ki, onu da hər satan eləmir.  

 

Bahalanma yaxın günlərdə daha çox hiss olunacaq 

 

Turbo.az avtomobil saytının korporativ və fərdi müştərilərlə iş üzrə mütəxəssisi Eldar Nəbiyev "Bizim Yol" qəzetinin əməkdaşına bildirdi ki, hazırda avtomobil elanlarının verilməsində və eləcə də alqı-satqısında durğunluqdur, satıcılar da, müştərilər də gözləmə mövqeyindədirlər: "Son günlər daha çox qiymətləri aşağı salmağa başlayıblar. Mənə xeyli zənglər olub, çoxları əvvəl qoyduqları qiyməti azalan istiqamətdə dəyişir. Məsələn, 18800 dollara olan avtomobili 17500 və ya 17 min dollara qoyublar. 1 gün ərzində salınan qiymətdir, 1000-1500 dollar fərq var. Burada sadəcə qiyməti bir qədər azaltmaqdan söhbət gedir, dolların əvvəlki kursu ilə hesablanmır. 2-3 həftə bundan əvvəl dollarla elan verənlər qiyməti aşağı salmağa məcburdurlar ki, sata bilsinlər, yoxsa həmin məbləğə heç kim alan deyil. Köhnə qiymət yeni kursla çox baha başa gəlir. Amma dediyim kimi, bu, manatın ucuzlaşmasına uyğun aparılmır, qiymətlər yalnız 10-15 faiz civarında aşağı salınır. 1 ay ərzində vəziyyətə aydınlıq gələcək və canlanma da ondan sonra gözlənilir, çünki onda dəqiq əmin olacaqlar ki, manatın dəyəri budur, dolların da dəyəri bu. Hələlik valyutada bir dəyişikliyə ümid etdikləri üçün durğundurlar. Qiymət dəyişməsi qəfil olduğundan kimsə proqnoz verə bilmir. Alıcılıq qabiliyyəti aşağıdır, "ikinci əl" avtomobillərdə hələ ki, qiymət artımının ola biləcəyini düşünmürəm. Əslində 1 il, il yarım ərzində satış çox aşağı düşmüşdü, son 3-4 gündə isə tamamilə dayanıb. Müştərilərin yeni kursa adaptasiya olunmaları lazımdır. İlk gün hər yerdə satış donduruldu, amma bir gün sonra şirkətlər satdıqları təzə avtomobillərin qiymətini 30 faiz qaldırıb, 10-12 min manat yuxarı fərqlə satırlar. Artım əsasən aparıcı markalar olan "Toyota", "Kia", "Hyundai" avtomobillərindədir. Təkcə Yapon istehsalı olan avtomobillərin qiymətini manatla, həm də stabil saxlayıblar, çünki onlarda alış az olduğuna görə olan-qalan müştərilərini də itirmək istəmirlər". 

Müsahibimiz hesab edir ki, şirkətlər malı dollarla idxal etsələr də, hazırda qiymət artımından söhbət getməməlidir: "Sahibkar ölkədə olan avtomobilin qiymətini müəyyənləşdirib və orada qazancını da nəzərə alıb. Və həmin avtomobilləri dollarla alsalar da, aşağı kursla hesablanıb. İndiki halda qiymət artımı vicdanla bağlı məsələdir. Fikrimcə, artım növbəti partiya mallara tətbiq oluna bilər. Vəziyyətdən yararlanmaq lazım deyil. Sadəcə ərzaq məhsulları satan sahibkarlara qiymət artırmamaq göstərişi verilir. Bu göstəriş bütün sahələrə aid olmalıdır. Hər sahəyə nəzarət edilməli, çalışılmalıdır ki, artım baş verməsin. Lakin qiymət artımı qaçılmazdır. Çünki biz hələ ki daxili bazardan danışırıq. Əvvəlcə avtomobil kreditlərinin verilməsinə, Avro 4 standartlarının tətbiqi ilə idxal olunan avtomobillərə məhdudiyyət qoyuldu, sonra vergi rüsumunda dəyişiklik edildi. Benzinin qiymətinin qalxması da çox sərfiyyatı olan, benzinlə işləyən avtomobillərə tələbatı azaltdı. Bu tərəfdən də valyuta dəyişikliyi vəziyyəti gərginləşdirib. Dalbadal bir neçə "dalğa" bazarı bir növ "vurdu". Proseslər 2 ildir başlayıb və bu səbəblərdən alıcılıq xeyli düşdü. Hesab edirəm ki, yaxın günlərdə xaricdən gətirilən avtomobillərin qiymətində artım hiss ediləcək dərəcədə olacaq". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh