Sürətli elektrik qatarları gündəmə gəldi; bizə lazımdırmı?
Paytaxtda nəqliyyatın normal hərəkətinin təmini üçün son illər görülən tədbirlərə baxmayaraq, tıxac problemini yoluna qoymaq mümkün olmayıb. Hələ də şəhər sakinləri saatlarla vaxtlarını yollardakı tıxaclarda keçirməli olurlar. Ekspertlər problemdən çıxış yollarından biri kimi şəhər ətrafında elektrik qatarı xətlərinin çəkilməsini təklif edirlər. Deyəsən, Bakıdan Sumqayıta sürətli elektrik qatarlarının işləyəcəyi ilə bağlı vədlər özünü doğruldacaq. Artıq Bakı-Xırdalan-Sumqayıt sahəsində 63 kilometr uzunluğunda baş yolun əsaslı təmirinə start verilib. Bundan əlavə Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
Məsələyə münasibət bildirən Bakının «Baş Plan»ının müəlliflərindən biri, əməkdar memar Feyzulla Quliyevin sözlərinə görə, elektrik qatarı və troleybus dünyada ekoloji cəhətdən ən təmiz nəqliyyat növü kimi tanınır: «Bu gün elektrik qatarlarının yenidən bərpası ideyası var. Əslində şəhər ətrafı qəsəbələr və Sumqayıtda yaşayan insanların paytaxta gəlişinin təmini üçün bu əvəzsiz nəqliyyat növüdür. Hazırda şimal istiqamətdə davamlı tıxacların olması bəlkə də bu nəqliyyat növünə üstünlük verməyin əhəmiyyətini bir daha göstərir. Yaxşı olardı ki, metro xətlərinin Sumqayıtla birləşdirilməsi reallaşdırılsın. Bu xətlər yeraltı da, yerüstü də ola bilər. Amma istənilən halda çalışılmalıdır ki, şəhərətrafı qəsəbələrdən çəkilən bu xətlər metro ilə əlaqələndirilsin. Digər tərəfdən əgər bu gün ekologiyanın korlanmasından, tıxaclardan, piyadaların təhlükəsizliyindən geniş bəhs olunursa, onda elektrik qatarı və troleybus ən faydalı nəqliyyat növüdür. Hazırda dünyanın bütün inkişaf etmiş ölkələrinin paytaxtlarında ictimai nəqliyyat vasitələrinin ən çox işlənən növləri trolleybus, tramvay və metrodur. Bu gün də Parisin, Tallin mərkəzində, o cümlədən dünyanın digər məşhur paytaxt şəhərlərində tramvay xətləri mövcuddur. Buna görə də şəhər ətrafında sürətli elektrik qatarlarının hərəkəti müsbət olardı. Çünki bu gün dünyada ekoloji cəhətdən təmiz nəqliyyat növləri tətbiq edilir. Artıq əksər şəhərlərdə sürətli elektrik qatarları sərnişin daşıması ilə məşğul olur. Çünki bu nəqliyyat növləri həm ekoloji cəhətdən, həm də sərnişinlərin mənzil başına rahat çatdırılması üçün sərfəli nəqliyyatdır».
Ekspert Şahin Camalov isə deyir ki, müstəqilliyin ilk dövründə elektrik qatarları nəqliyyat tələblərə cavab vermirdi. Köhnə, keyfiyyətsiz, səliqəsiz, təmizliyi olmayan, istifadəyə yararsız qatarlar o vaxt elektrik qatarı olaraq istifadə olunurdu. Həm də o dövrlər insanlar avtomobillərə meylli idilər. Amma bu gün zamanın elektrik qatarlarının bərpasını tələb edir. Bakı şəhərində nəqliyyat sektoru elə bir hala gəlib ki, elektrik qatarları, tramvaylar, traleybuslar şəhərlərin ciddi və vacib atributuna çevrilib. Avropanın böyük və turistlərin daha çox olduğu şəhərlərində bu kimi nəqliyyata çox ciddi üstünlük verilir. Çünki kütləvi daşınma həyata keçirilir, onlarla, yüzlərlə insanı eyni anda daşıma imkanı var. Qatar xətləri o dövrdə sökülüb deyə, bu gün onu təkrar bərpa etməməliyik kimi düşünməməliyik. Bu nəqliyyat Bakı şəhəri üçün doğrudan da çox lazımlıdır. Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün onun rolu əvəzsizdir.».
Ucnoqta.az