"Cib yandıran" taksi qiymətləri: İstifadə edənlərin sayı niyə artıb?

"Avtomobil nəqliyyatı haqqında” Qanuna edilmiş dəyişikliklər oktyabrın 1-dən etibarən tətbiq edilir.
Yeni qaydalara əsasən, Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə məcburi şəkildə taksometr quraşdırılmalıdır.
Qanuna edilən dəyişikliklər oktyabrdan etibarən tətbiq edilsə də, artıq bir neçə aydır ölkədə taksi xidmətinə görə qiymətlər artıb. Əvvəllər minimum kilometr məsafənin qiyməti 1.20 AZN idisə, bir neçə aydır bu rəqəm 2.50 AZN təşkil edir. Buna baxmayaraq, taksidən istifadə edənlərin sayında artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 94,7 mln. ton yük, 1200,2 mln. sərnişin daşınıb.
Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % və 18,4 % artım qeydə alınıb. Sərnişinlərin 94,7 %-i avtobus, 5,3 %-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Maraqlıdır, qiymət artımına rəğmən taksidən istifadənin çoxluğuna səbəb nədir, avtobusların gecikməsi, yoxsa Bakı metrosundakı sıxlıq?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, statistikaya yeni mövsümün başlaması da səbəb ola bilər:

"Dərs ilinin, yeni qızğın iş mövsümünün başlaması ilə tələbat artır. İctimai nəqliyyatda ciddi problemlər var, avtobusların sayı yetərincə deyil, metrostansiyaların sayı azdır, hər ikisində sıxlıq var. Bu gündəlik yaşanan proses olduğuna görə, vətəndaşlar daha çox taksilərə üstünlük verir. Aparılan təhlillər onu göstərir ki, taksilərə insanlar daha çox qısa məsafələrə səfərlər üçün müraciət edir. Bu, ümumi göstəricinin təxminən 40 faizə qədəridir".
Ekspert hesab edir ki, taksi sifarişi operatorları xidmətə görə qiyməti ucuzlaşdırması sağlam rəqabət deyil:"Pandemiyadan əvvəlki illərlə müqayisədə azalma baş vermişdisə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılan təhlillər göstərdi ki, bu azalma taksilərin xaotik vəziyyəti ilə bağlıdır.
Çünki taksi operatorları qeyri-sağlam rəqabət adı ilə taksidə qiyməti kifayət qədər ucuzlaşdırıblar. Bunun nəticəsində də taksi bir növ avtobus, ictimai nəqliyyat qiymətinə gəlib düşüb. Nəticədə axın baş verib. Bu da bizi arzuolunmaz vəziyyətlə üz-üzə qoyur.
Yəni yerindən duran taksi sürücüsü ola bilər anlayışını qəbul edir və özlüyündə buna inanır. Hardansa bir maşın götürür. Nəticədə narkoman, dəli, qadına sataşan və s. kimi adamlarla rastlaşırıq".
Elməddin Muradlı gələcəkdə taksilərin sayında azalmanın olacağını istisna etmir: "Bu təhlillər onu göstərir ki, taksilərin sayında get-gedə azalmalar olacaq. Amma səfərlərə nə qədər təsir göstərəcək bunu da zamanla görəcəyik. İctimai nəqliyyat normal vəziyyətdə işləyərsə, avtobusların intervalı gecikməzsə, metroda sıxlıq olmazsa, metro özü şaxələnərsə, zamanla taksi sayının azalmasının şahidi olacağıq. Biz demirik ki, azalsın. Sadəcə, sağlam xidmət göstərilsin. Əsas hədəf budur".













