Banner

DYP-dən cərimə ilə bağlı XƏBƏRDARLIQ: "Son dərəcə diqqətli olun!"

Gündəm 30 Oktyabr 2023 12:41 Oxunub 5826
DYP-dən cərimə ilə bağlı XƏBƏRDARLIQ: "Son dərəcə diqqətli olun!"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur. Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər “xidmət” göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət"lərindən çox təssüf ki, istifadə edənlər də var.

Sosial şəbəkələrdə yeni fırıldaqçılıq üsulu peyda olub. Avtosfer.az xəbər verir ki, bu barədə oxuculardan şikayətlər edilib. Belə ki, “Asancerime” adlı sistem yaradaraq guya vətəndaşlara cərimləri endirimlə ödəməyi təklif edirlər. Hətta bunun bir kampaniya olduğunu bildirərərək ödənişləri bu sistemdən edən zaman 40% endirim olunacağı qeyd olunur.

Məsələ iləbağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, müasir dünyamızda kibercinayətkarlığın müxtəlif formaları yayılıb. “Təbii ki, vətəndaşlarımızın etimadından sui-istifadə etməklə bu cür dələduzluğa baş vurma hallarıyla istənilən sahədə rastlaşırıq. Amma hər bir vətəndaşımız bilməlidir ki, heç bir ödəniş forması 40 faiz endirim edə bilməz. Hər şeydən əvvəl bu mümkün deyil. Qanun yalnız 10 gün ərzində cəriməsini ödəyən şəxslərə 10 faizlik güzəşt tətbiq edir və bu proses bugünün məsələsi deyil, artıq illərdir belədir.”

Araz Əsgərli sürücülərə “Asan ödəniş” kabinetlərindən istifadə etmələrini tövsiyə edib. “Bu sistemdə bütün məlumatlar, rekvizitlər aydın formada göstərilir. Vətəndaşlara həm qayda pozuntularıyla tanış olma imkanını verir, həm elektron qərarların, foto və videomaterialları yerləşdirir, kabinet üzərindən, protokoldan şikayət etmə seçimini təqdim edir. Bir sözlə, Dövlət Yol Polisi aidiyyəti üzrə lazımi məlumatları bu kabinetə inteqrasiya edib. Bu, “ASAN xidmət” və Daxili İşlər Nazirliyinin əməkdaşlığının elektron formada ən düzgün nümunəsidir.”

Araz Əsgərli onu da əlavə edib ki vətəndaşlara alternativ seçim kimi, myGov.az saytı var. “Bu saytda yol polisiylə bağlı cərimələrlə yanaşı sürücülük vəsiqəsi haqqında informasiyalar, cərimə, şəxsiyyət vəsiqəsi, pasportla bağlı məlumatlar bir sözlə, Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası vətəndaşına göstərə biləcəyi bütün xidmətlərə bu səhifədən şəxsi mobil nömrəylə qeydiyyatdan keçməklə istifadə edə bilərlər. Bu məsələlərdə son dərəcə diqqətli olmalarını xahiş edirik.”

DYP rəsmisi vətəndaşlara şirnikləndirici təkliflərə qeyri-rəsmi ünvanlara daxil olaraq ödəniş etməmələrini tövsiyə edib.

“Əlbəttə, hal-hazırda mövcud olan vəziyyətlə bağlı məlumatlıyıq. DİN belə şəxslərlə bağlı mübarizədə lazımi tədbirləri görür. Bir daha bildiririk ki, bu formada olan informasiyaların arxasıyca heç kim getməsin.”

Nərmin Əkbər

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh