Əsgərlərimizdən ŞOK addım; Mübariz İbrahimov kimi plan cızıblar

Gündəm 18 Avqust 2014 15:06 Oxunub 4311
Əsgərlərimizdən ŞOK addım; Mübariz İbrahimov kimi plan cızıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komandir: «Şəhidlik məktubu yazandan sonra erməni postlarını yoxlayıb hücuma keçmək istəyirmişlər»

 

 

Tahir Musayev: «Ermənilərin 1 gülləsinə bizim əsgərlər 10 güllə ilə cavab verib onları susdururlar»

 

Cəbhə xəttində səfərimizin növbəti günü Tərtər rayonundakı səngərlərə baş çəkib Şəmkirə yollandıq. Burada gecə əsgərlərlə eyni kazarmada gecələmək qərarına gəldik. Əslində, Beyləqanda da gecəni kazarmada keçirdiyimiz üçün xoş bir təəssürat yaranmışdı. Həm əsgərlik illərimizi xatırlayırdıq, həm də buradakı səliqə-səhman, təmizlik və rahatçılıq 5 ulduzlu otel qədər dəyərli idi bizim üçün. Axı biz istirahətə gəlməmişdik. Cəbhənin bu başından başlayıb o biri başına getməli idik və bizimçün harada qalmaq, harada yatmaq deyil, ön cəbhədəki şəraiti görmək vacib idi. Odur ki, gecəni Şəmkirdəki hərbi birləşmədə keçirəsi olduq. Burada yaradılmış şəraiti gördükdə doğrudan da çaş-baş qaldıq, parket döşəmə, müasir yataq dəstləri, hər cür şəraiti olan hamam otağı və digər yeniliklər həqiqətən xoş təsir bağaşladı. Çünki ən azından bu şəraiti bizim əsgərlərimiz üçün yaradıblar. Gecə yarısına qədər yazı hazırlasaq da, əsgər kazarmasında rahat yuxuya gedə bildik. Səhər saat 6:30-da çavuş hamı kimi, bizə də «qalx» komandası verdi. Biz heç 3-4 saat yata bilməsək də, komandaya əməl etməli olduq. Hamı yuxudan oyandı və əsgər yeməkxanasına üz tutduq. Burada da yeniliklərlə tanış olduq. Yeməkxananın şəraiti barədə bir söz demirəm. Fotolardan hər şey aydındır. Ən böyük yenilik odur ki, general-polkovnik Zakir Həsənov müdafiə naziri təyin edildikdən dərhal sonra orduda əsgərlər yemək bişirmək xidmətindən azad olunub. Artıq hərbi hissələrdə yeməyi qadınlar bişirir. Hərbi hissələrin yaxınlığında yaşayan mülki əhali arasından seçilən aşpazlar əsgərlərə xidmət edirlər. Bu, həm yeni iş yerlərinin açılması, həm də əsgərin xidmətdən kənar işlərə cəlb olunmasının qarşısını almaq üçün uğurlu addımdır. Üstəlik, yemək yeyəndə də hiss edirsən ki, dadlıdır. Çünki burada qadın əli var. Hər halda, 18 yaşlı əsgərin bişirdiyi yeməklə orta yaşlı qadınların bişirdiyi yemək arasında böyük fərq var.

 

Əsgər qadınlar 

 

Səhər yeməyini yedikdən sonra hərbi hissənin ərazisi ilə tanış olduq. Az sonra hərbçilər işə gəlməyə başladılar. Onları bir qədər müşahidə etdikdən sonra bu qənaətə gəldik ki, burada xidmət edən qadın hərbçilərin sayı kifayət qədər çoxdur. Bu, olduqca maraqlı hadisə idi və az sonra əsgər geyimində olan və gənc qadınlardan ibarət böyük bir dəstənin sıra meydanında düzüldüyünü gördük. Doğrudan da, bu, çox qürurverici bir mənzərə idi. Zərif cinsin nümayəndələri əsgər geyimində əsgəri hərəkətlərlə bizi təəccübləndirdilər. Onların sayı yüzlərlədir və onlar Azərbaycan Ordusunda hətta döyüşməyə də qadirdilər. Aralarında tibb xidməti işçisindən tutmuş, kəşfiyyatçıya qədər müxtəlif xidmətlərə cəlb olunmuş xanımlar var.

 

O əsgərlərə bir can borcumuz var

 

Hərbi birləşmə ilə tanışlıqdan sonra ön cəbhəyə yollandıq. İlk səfərimiz Qazax rayonunun Bala Cəfərli kəndinə oldu. Yollar bir qədər yenilənsə də, narahat yollar da az deyil. Hərbi maşın karvanı düşmənlə 300-500 metr məsafədə yerləşən səngərə yaxınlaşırdı ki, qəflətən istiqaməti dəyişməli olduq. Səngərə başqa yoldan qalxdıq və ora çatanda məlum oldu ki, ermənilər bizim avtomobillərə atəş açdığı üçün əsgərlərimiz dərhal cavab atəşi açaraq bizim təhlükəsizliyimizi təmin ediblər. O əsgərlərə bir can borcumuz var. Amma maraqlısı bu oldu ki, heç kim bu hadisədən qorxmadı, əksinə, əsgərlərin, zabitlərin əhatəsində özümüzü güvəndə hiss edirdik. Burada xidmət edən əsgərlərlə tanış olduq. Hansı əsgərə yaxınlaşıb ailəsi üçün darıxıb-darıxmadığını, evə getmək istəyib-istəmədiyini soruşdumsa, hamısından «döyüşmək istəyirik» cavabını eşitdim.

Onu da deyim ki, biz hansı posta gedəcəyimizi əvvəldən müəyyən etmirdik və yolda qərar qəbul edib o istiqamətə də hərəkət edirdik. Yəni, əksər hallarda səngərdəki əsgər bizim gəlişmizdən xəbərsiz olurdu. Ona görə də, bəzilərini tədris prosesində, bəzilərini isə istirahət vaxtı «yaxalayırdıq». Hətta, saatlarla eyni vəziyyətdə dayanıb düşmən mövqelərini müşahidə edən və yüksək peşəkarlıqla kamufulyaj olunmuş əsgər necə gizlənmişdisə, onun üstündən bir neçə dəfə o yan-bu yana keçmişik, amma xəbərimiz olmayıb. Yalnız komandirin göstərişindən sonra yerdə nəsə tərpənti olduğunu görüb təəccübləndik.

 

Ermənilər yandırır, minalar partlayır

 

Səngərdə düşmən mövqelərini müşahidə etdik. Məlum oldu ki, ermənilər neytral əraziləri tez-tez yandırırlar, Bala Cəfərlidə də belə yanğınlar olur ki, bu zaman torpağa basdırılmış minalar partlayır. Amma düşmənin hədəfi minalar yox, sadəcə olaraq, həm təbiəti korlamaq, həm də yanğın törətməklə Azərbaycan Ordusunun səngərlərinə ziyan vurmaqdır. Lakin onların cəhdləri həmişə uğursuz olur. 

Burada məlum oldu ki, Qazağın Ermənistanla 168 km sərhəd ərazisi var və bu rayonun 7 kəndi erməni işğalı altındadır. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev bildirdi ki, rayonun ən ucqar kəndləri də də qaz, işıq və su ilə təmin olunub. Eyni zamanda, təmas xəttindəki bütün səngərlər, əsgər kazarmalarında işıq və su var. Əhalinin düşmən mövqeləri ilə yaxın kəndlərdən qaçması barədə xəbərləri təkzib edən T.Musayevin sözlərinə görə, belə hal baş verməyib. Çünki burada əhali Orduya güvənir və hətta kənddin kişiləri, gənclər, yeniyetmələr də hərbi hissələrə və İcra Hakimiyyətinə müraciət edərək döyüşməyə hazır olduqlarını deyirlər. Onların arasında 16-17 yaşlı yeniyetmələrlə yanaşı, yaşı 60-dan artıq olan insanlar da var: «Ordumuz güclüdür və əsgərlərimiz bizi yüksək səviyyədə qoruyurlar. Biz Ordumuza güvənirik. Çünki yaxşı bilirik ki, ermənilərin 1 gülləsinə bizim əsgərlər 10 güllə ilə cavab verib onları susdururlar. Düşmənin həmişəlik susdurulacağı gün isə uzaqda deyil».

 

Əlibəylidə yeni evlər tikilir

 

Qazaxdakı postları gəzdikdən sonra Tovuz rayonuna üz tutduq. Ermənilərin ən çox fəallıq göstərdiyi və ən zəif mövqeləri olan bu nöqtədə insanların kəndlərdən qaçdığı barədə yalan xəbərləri hər kəs gülüşlə qarşılayırdı. Çünki fotolardan da göründüyü kimi, Tovuzun ermənilərlə 1 km-dən də yaxın məsafədə olan kəndlərində, elə Əlibəyli kəndinin özündə hər gün yeni evlər, villalar tikilir. Hətta, iki həftə əvvəl Əlibəylidə toy mərasimi də keçirilib. Əhali gündəlik işlə məşğuldur və yeni, müasir evlərin tikilməsi elə əsgərləri də ruhlandırır. Bu o deməkdir ki, əhali əsgərə güvənib öz həyatını qurur, yaşayır, yaradır. Əsgər də əhalini özünə dayaq bilib daha da inamla xidmət aparır.

Əlibəyli kəndinin ən ucqar nöqtələrinə qalxıb əsgərlərimizlə görüşdük. Burada da yaradılan şərait bizi təəccübləndirdi. Çünki bura hər gün ermənilərin atəşinə məruz qalsa da, əsgərlərimiz üçün hətta sinif otağı da var ki, onlar burada hərbi sirləri öyrənməklə məşğuldurlar. Ərzaq və su təminatından razılıqlarını dilə gətirən əsgərlərin narazılığı bu idi ki, gecələr səngərdə qorxaq dovşan kimi əsən erməniləri məğlub etməyə hər an hazır olsalar da, döyüş əmri gecikir. Əsgərlərin bu narazalığı anlaşılan idi. Lakin komandir dərhal əlavə etdi ki, o gün uzaqda deyil və əmri icra etmək çox vaxt aparmayacaq.

 

Erməni postlarını mülki dığalar qoruyur

 

Qeyd edək ki, cəbhənin Tovuz rayonu istiqaməti, xüsusən də, Əlibəyli kəndi ermənilərin daim hədəfindədir. Çünki ermənilər burada mövqe cəhətdən zəifdirlər. Yəni, onların mövqeləri hər an əsgərlərimiz tərəfindən yerlə-yeksan edilə bilər. Bunu bildikləri üçün ermənilər gecə düşən kimi atəşkəsi pozaraq, bir növ qabaqdangəlmişlik edib özlərini göstərməyə çalışırlar. Əslində isə ermənilərin postlarında dayanacaq əsgər qıtlığı yarandığı üçün yerli əhali arasından muzdlu adamlar tutub aylıq 300-400 dollara postda saxlayırlar. Yəni, erməni postlarında gecələr adətən mülki dığalar dayanır ki, onların da heç bir tabeçilik münasibəti olmadığı üçün yeyib-içəndən sonra bizim mövqelərimizi atəşə tuturlar. Əsgərlərimiz onları güllə yağışına tutduqda isə yalvarmağa başlayırlar və «biz müharibə istəmirik, bizi bura zorla gətirirlər». Sonra da atəşi dayandırmağı xahiş edirlər. Ermənilərin bu yalvarışı rus və Azərbaycan dillərində olur və aydın şəkildə eşidilir. Azərbaycan əsgəri ermənilərin bu yalvarışlarını bir hiylə kimi də başa düşür və düşmənə qarşı daha da amansızlaşır. Təsadüfi deyil ki, Milli Qəhrəman Mübariz İbrahimovun gecənin bir vaxtı ermənilərin səngərinə təkbaşına hücum edərək onları elə öz silahları ilə məhv etməsi əsgərlərimiz arasında döyüş ruhunu daha da artırıb. Bu gün bütün səngərlərdə, postlarda Mübariz İbrahimov güşələri yaradılıb. Bunun nəticəsidir ki, Mübarizin atdığı addımı təkrar etməyə hazır olan yüzlərlə Azərbaycan əsgəri var. Bunu sadəcə, söz xatirinə yazmadım. Baxın, komandirlər nələr danışır: «Mübariz İbrahimov düşmən tərəfə keçərək onlarla təkbaşına döyüşüb çoxlu sayda düşməni məhz etdi və özü də qəhrəmancasına şəhid oldu. Onun bu hərəkətindən sonra əsgərlərimiz arasında ruh yüksəkliyi yarandı. Biz sonradan xəbər tutub qarşısını aldıq, lakin Mübarizdən sonra onun hərəkətini təkrar etməyə hazırlaşan, hətta, «şəhid olmağa gedirəm» adlı məktub yazıb qoyanlar da var idi. Mübarizdən bir həftə sonra 6 əsgər sözü bir yerə qoyub və düşmən tərəfə keçib onları məhv etmək qərarına gəliblər. Hətta, bir neçə gün gecə postdan çıxaraq tək-tək neytral zonanı keçib düşmən postlarını, səngərlərini müşahidə ediblər. Ermənilərin sayını, silahlarını, saat neçədə yatıb-durduqlarını dəqiqləşdirib hücum günü də təyin ediblər. Əməlli-başlı döyüş planı cızaraq 6 nəfərə 100-dən çox erməni əsgərini məhv etməyi planlaşdırıblar. Lakin onların planlaşdırdığı gündən bir gün əvvəl qrup komandiri postdakı telefon aparatının altından həmin əsgərlərdən birinin yazdığı «şəhidlik məktubu»nu tapmışdı. Bizə xəbər verildi, dərhal araşdırma aparıb həmin əsgərləri tapdıq, onları bu addımı atmağa qoymadıq. Nə qədər yalvardılar ki, komandir, icazə verin gedək şəhid olaq, plan hazırdı, bəlkə də sağ qayıda bilərik. Amma təbii ki, imkan vermədik və bildirdik ki, döyüş əmri veriləndə hər birimiz cəsarətimizi ortaya qoyacağıq. Sonradan bütün şəxsi heyət arasında, postlarda araşdırma apardıq, məlum oldu ki, bu niyyətdə olan yüzlərlə əsgərimiz var imiş, komandirlər bir həftə ərzində 30-dan artıq «şəhidlik məktubu» tapa bilmişdi. Bu vəziyyət bizi sevindirdi ki, əsgərlərimiz Vətən uğrunda hər şeyə hazırdılar. Amma biz bir müddət nəzarəti gücləndirdik ki, qarşı tərəfə keçən olmasın. Hələ ki, sakitlikdir. Lazım olanda ən zəif əsgərimiz 10 ermənini məhv etməyə qadirdir».

 

Erməni snayperləri hədəfdə

 

Ermənilər dünyaya yazıq millət kimi görünüb bəyanatlar yayır ki, guya Azərbaycan snayperləri onları çox narahat edir. Amma əslində erməni snayperləri daim Azərbaycan mövqelərini hədəfdə saxlayır. Ön cəbhədə xidmət edən zabitlərimizin dediyinə görə, ermənilər snayperləri məngələrdə hazır vəziyyətdə bərkidib gecə-gündüuuml;z mövqelərimizi müşahidə altında saxlayırlar. Kiçik bir tərpənti olan kimi atəş açırlar. Nəticədə, əsgərlərimiz şəhid olur, yaralanır, ömürlük əlil olanlar da olur.

 

 

Mülki əhali qorxub-çəkinmir

 

Tovuzda mülki əhali ona görə çox atəşə tutulur ki, Azərbaycan kəndləri boşalmayıb, hər kəs öz yerindədir və şəxsi təsərrüfatı ilə məşğuldur. Təbii ki, təsərrüfatla məşğul olarkən məcbur qalıb açıqlığa çıxanlar da olur. Belə olan halda isə ermənilər mülki əhalini atəşə tutub öldürür və ya yaralayırlar. Amma zabitlərimizin dediyindən belə oldu ki, qarşı tərəfdə, Ermənistanın Tavuş rayonunun Tovuzla sərhəd bölgəsində yerləşən erməni kəndləri boşdur, son hadisələrdən sonra isə kənd əhalisinin 90 faizi yoxa çıxıb. Yəni, əsgərlərimizin apardığı müşahidələr göstərir ki, yerli əhali getdikcə azalır.

 

«Bütöv kəndinizi bir saat ərzində yox edərik»

 

Erməni kəndləri açıq hədəfdədir. Əsgərlərimizlə birlikdə, biz də Tavuş rayonunun bir neçə kəndini müşahidə edə bildik. Gündüz vaxtı kənddə gözə dəyən yoxdur, gecələr isə tək-tük evdə işıq yanır. İşıq yanırsa, demək yaşayış var. Əvvəllər bütün evlərdə işıq yansa da, indi işıqlı evlərin sayı getdikcə azalır. Deməli, əhali kəndləri tərk edib qaçır. Komandirlər onu da bildirdilər ki, Əlibəyli kəndi ilə üzbəüz olan bir erməni kəndinin orta məktəbi açıqlıqda yerləşdiyi üçün məktəbə gələn uşaqlar həmişə açıq hədəfdə olurlar: «Amma biz əsgərlərə icazə vermirik ki, mülki əhaliyə, uşaqlara atəş açsınlar. Ermənilər isə son günlər Tovuz rayonunda, başqa cəbhəyani ərazilərdə iki azyaşlını, yaşlı qadını vurublar. Ona görə də, biz də onları bir az qorxuya salmışıq, əkin sahələrinə çıxa bilmirlər. Bu yaxınlarda intnernetdə bir erməni gəncinin videosu yayılmışdı. Həmin o erməni gənci Əlibəyli ilə üzbəüz olan erməni kəndində yaşayır. Ermənilər bizim mülki əhaliyə atəş açdığı üçün biz də onları qorxuduruq, amma vurmuruq. İndi həmin o erməni gənci qorxusundan gəlib taxılı biçə bilmir. Biz istəsək günü bu gün onu vura bilərik. Amma vurmuruq, qorxuduruq, o da dəli olub, əsəbləşib, taxıl da qalıb orada, məhv olub gedir. Bizim əsgərin düşmən də olsa, mülki əhali ilə heç vaxt işi yoxdur. Amma ermənilər bizim əhaliyə atəş açıb hətta, azyaşlı uşaqları vurduğu üçün biz də onlara göstəririk ki, istəsək, biz də sizi məhv edə bilərik. Özü də birinizi, ikinizi yox, bütöv kəndinizi bir saat ərzində yox edərik. Lakin biz Ali Baş Komandanın əmrini gözləyirik. Tovuz-Qazax bölgəsindən hücuma keçsək, bir həftədən sonra İrəvana çatarıq».

Müşahidələrimizdən bu qənaətə gəldik ki, ermənilər əslində özləri-özlərinə problem yaradırlar. Əsgərimizə gücü çatmayanda mülki əhalini atəşə tuturlar. Bunun ardınca isə əsgərimiz onlara sərt cavab verir. Düşmən nə qədər gizlətsə də, itkilərin sayı az deyil. Çünki hər dəfə atəşkəs pozulanda, ermənilər hucuma keçmək istəyəndə burunları əzilir. Onlar itki olmadığını desələr də, fakt odur ki, Azərbaycan əsgəri erməni mövqelərinə hərbi tibbi yardım maşınlarının yaxınlaşdığını görür. Əgər hərbi tibbi yardım maşınları gəlirsə, deməli, ölən və ya yaralanan var. Bir neçə maşın eyni vaxtda gəlirsə, deməli, ölən də çoxdur, yaralanan da. Düşmən bunu nə qədər gizlətsə də, həftədə bir dəfə itkiləri bir-bir açıqlamalı olur. Amma erməni hiyləsi burada da öz işini görür. Məsələn, Tovuzda atəşkəsi pozarkən bir neçə əsgərini itirən Ermənistanın Müdafiə Nazirliyi həmin itkiləri cəbhənin başqa-başqa nöqtələri arasında bölür. Yəni, konkret rəqəmi və konkret bölgəni dəqiq demirlər. Heç deməsinlər də. Əsas odur ki, it kimi gəbərirlər, postlarda zor gücünə dayanırlar və Azərbaycan Ordusunun qarşısında aciz olduqlarını da dəqiq bilirlər.

 

«Mənim oğlum ölməsə…»

 

P.S. Cəbhə bölgəsindən Bakıya çatanda axşam düşürdü. Dövlət Bayrağı Meydanının yaxınlığında avtobusdan düşüb taksiyə mindim. Taksi sürücüsü təxminən 50 yaşında bir kişi idi. Avtobusdan düşənlərin arasında hərbi geyimdə olan şəxsləri gördüyü üçün məndən haradan gəldiyimizi soruşdu. Cavab verdim ki, cəbhə bölgəsindən gəlirik. Kişinin gözləri güldü. «Oğlum da oradadır» deyib, həyəcanla cəbhədəki vəziyyəti xəbər aldı. Mən də ona gördüklərimi, bildikdərimi qısaca danışıb, ürək-dirək verdim. Əsgərlərin yatdığı yerin, yediyi qidaların, içdiyi suyun şəkillərini göstərdim. Kişi çox sevindi. Və onun verdiyi cavabı mən heç vaxt unutmayacam:

- Oğlum bir neçə aydır bizi qoymur yanına getməyə. Deyir, ata, müdafiə naziri dəyişiləndən sonra vəziyyət də dəyişib. Komandir hər gün çağırıb əsgərlərlə bir-bir söhbət edir, qapının ağzına qutu qoyub əsgərlərə deyir ki, kimin nə şikayəti varsa, yazıb bura atsın. Yeməkləri də düzəlib, əvvəl çiy su içib xəstələnirdəlir, indi elə şey yoxdur. Mən Ordudakı dəyişikliyi hiss elədim. Oğlum həmişə rahatlıqla danışır və biz daha onun yanına getmirik. Düzdür, axır vaxtlar vəziyyət pisləşdi, o da evin tək oğludu, bir bacısı var. Anası hər gün ağlayır, mən də içimdə ağlayıram. Amma oturub fikirləşirəm ki, mənim oğlum ölməsə, sənin oğlun ölməsə, o birinin oğlu ölməsə, bu torpağı kim qaytaracaq? Biz kişiyik axı, Vətənimizi, torpağımızı qorumalıyıq. Mən oğlumu bu Vətənə, bu torpağa halal eləmişəm».

Taksi sürücüsünün bu sözlərinə o qədər təsirləndim ki, həyətimizə çatanda başımı qaldırıb ona diqqətlə baxdım və sadəcə susdum. Onun gözləri dolmuşdu, heç mən də ondan fərqlənmirdim. Əlimi cibimə atdım ki, pul çıxardım. Amma kişi əlimdən tutub, bir əli ilə də gözünün yaşını silə-silə «Düş get, sənin bu gün mənə verdiyin yaxşı xəbərlər hər şeydən qiymətlidir» dedi. Maşından necə düşdüm, o maşını necə döndərib getdi, heç nə yadımda deyil, heç nə. Dediyi bu sözlərdən başqa…

 

 

Elməddin MURADLI,

 

Füzuli-Ağdam-Tərtər-

Şəmkir-Qazax-Tovuz-Bakı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Samir 10 Noyabr 2014 22:55
Fərəhləndim!!! təşəkkür edirəm yazıya görə.
Mikayil 10 Noyabr 2014 22:55
Cox maraqli ve olduqca oxunaqli bir meqale olub. Heqiqeten orda ooldugumuz gunlerden bir kitab bele hazirlamaq olardi. Menimcun en maraqli olan ise taksi surucusuyle olan sohbetiniz oldu.