İctimai nəqliyyatda daha bir yenilik

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ictimai nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb. Belə ki, artıq mərkəzi dispetçer xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı “sürücü ekranı” cihazları vasitəsilə əldə edir.
Mərkəzləşdirilmiş dispetçer xidmətinin üstünlükləri nələrdir?
Bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sistemin tətbiqi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsində müsbət irəliləyişlər doğuracaq:

“Sərnişindaşımada nağdsız ödəniş sisteminin tətbiqi sürətlənəcək, bütün marşrut şəbəkəsində kartla istifadə təmin olunacaq. Sərnişinlər dayanacaq məntəqələrində quraşdırılan avtobus informasiya sistemindən həmin dayanacağa çatacaq avtobusların çatma vaxtları barədə məlumatları görə biləcəklər. Eyni zamanda, avtobusun salonunda olan monitorda sərnişinin çatacağı dayanacağa ən yaxın olan metro stansiyaları barədə məlumat əks olunacaq. Tətbiq ediləcək mobil proqram təminatı vasitəsilə müntəzəm marşrutlar üzrə hərəkət edən avtobuslar barədə məlumat əldə etmək mümkün olacaq. Proqram təminatı ilə həm də sərnişinlərin rahat və qısa zaman ərazində avtobus, sürücü və digər məsələlər barədə irad və təkliflərini bildirməsi asanlaşacaq”.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev də sözügedən yeniliyin bir sıra üstünlüklərinin olduğunu vurğulayıb:
“BNA tərəfindən mərkəzləşdirilmiş dispetçer xidmətinin işə salınması yeni bir innovasiyanın tətbiqidir. Bu yenilik özü ilə bir çox üstünlüklər gətirəcək, həm sərnişinlərin, həm də sürücülərin rahatlığına xidmət edəcək. İlk növbədə, sürücü mərkəzdən aldığı məlumatlar vasitəsilə hərəkət etdiyi yolda vəziyyətin necə olduğunu biləcək. Xüsusən sıxlıq olan yollar barədə məlumat əldə etdikdən sonra alternativ yollardan istifadə etməklə həmin sıxlıqdan yan keçmək olar. Nəticədə avtobuslar daha az tıxacda qalacaq, onların yanacaq sərfiyyatı və ekologiyaya vurduqları zərər azalacaq. Eyni zamanda, sərnişinlər də bir yerə gedərkən daha az vaxt itirəcəklər. Bir sözlə, sərnişindaşımanın keyfiyyəti artacaq.
Düşünürəm ki, bu sistem gələcəkdə dayanacaqlara da şamil ediləcək. Artıq hər bir avtobusun olduğu yeri, hansı sürətlə hərəkət etdiyini və digər məlumatları dayanacaqlarda quraşdırılan monitorlarda görmək mümkün olacaq. Bu isə sərnişinlərin xidmət keyfiyyətinə əminliyini artıracaq.
Ödənişin kart sisteminə keçirilməsi məsələsinə də toxunmaq istəyirəm. Bütün ödəniş sisteminin nağdsız olması iqtisadi cəhətdən daha səmərəli olar. Avtobus sürücüləri əvvəllər sərnişinlərdən ödənişləri nağd alırdılar. Bu zaman müəyyən problemlər ortaya çıxırdı. Sürücülər və sərnişinlər xırda pul gəzdirməyə məcbur olurdu. Bəzən sürücülərin sərnişinə xırda pul qaytarmaq da problemə çevrilirdi. Kart sisteminə keçdikdən sonra isə həm sürücü, həm də sərnişinlərin işləri rahatlaşır. Eyni zamanda, nağdsız ödəniş sisteminin tətbiqi vergi nəzarətini də daha şəffaf edir. Odur ki, sərnişindaşımada nağdsız ödənişə keçid çox təqdirəlayiq bir hadisədir”.







Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA








