Banner

Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA

Gündəm 27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Milli Məclisdə nikahı pozulan valideynlərin ali təhsil alan övladlarına aliment ödəməsi məsələsi gündəmə gətirilib. 

Avtosfer.az xəbər verir ki, qüvvədə olan qanunvericiliyə əsasən, valideynlərin aliment ödəmək öhdəliyi övladın 18 yaşına çatması ilə başa çatır. Lakin ali təhsilini davam etdirən gənclərin bu yaşdan sonra da maddi dəstəyə ehtiyac duyması məsələsi diqqətə çatdırılıb. Belə ki, universitetdə təhsil alan gənclərin təhsil haqqı, gündəlik yaşayış xərcləri və digər ehtiyacları onların maddi təminatını vacib məsələyə çevirir. Nikahı pozulmuş valideynlərin övladlarına ali təhsil müddətində də aliment ödəməsinin qanunvericiliklə məcburi öhdəlik kimi müəyyənləşdirilməsi təklif olunur. Söhbət 18 yaşını tamamlamış, lakin ali məktəbdə təhsilini davam etdirən gənclərin valideynlərindən maddi dəstək almaq hüququnun təmin edilməsindən gedir. Bəs belə bir dəyişiklik qəbul olunarsa, alimentin hansı yaşadək və hansı şərtlərlə ödənilməsi nəzərdə tutula bilər?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” qanununun tələbinə görə, 18 yaşına çatmamış hər bir şəxs uşaq hesab olunur:


"18 yaşı tamamlandıqdan və şəxs tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra onu uşaq adlandırmaq yolverilməzdir və həmin şəxs uşaq hesab olunmur. Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında nikah pozulduqda məhkəmə tərəfindən müəyyən edilən məsələlərdən biri də uşaqların saxlanılması üçün valideynlərdən birinin digərinə ödəyəcəyi alimentin məbləğidir. Aliment uşağın qidalanması, geyim və digər zəruri xərclərinin qarşılanmasını nəzərdə tutur. Alimentin ödənilməsi ilə bağlı həm qanunvericilikdə, həm də məhkəmə qətnamələrində uşağın yetkinlik yaşına çatanadək aliment ödənilməsi nəzərdə tutulur. Valideynlər uşağın 18 yaşı tamam olanadək ona aliment ödəyirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, uşağın ağır xəstəliyə tutulması, əmək qabiliyyətinin olmaması və ya əlilliyinin olması hallarında valideynin əlavə xərclərin ödənilməsinə cəlb edilməsi də mümkündür. Lakin uşağın ali təhsil alması və bununla bağlı təhsil haqqının ödənilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bu məsələnin Milli Məclisdə müzakirə olunması valideynlərin hüquqlarının kobud şəkildə pozulmasıdır. Çünki valideynlər uşaqlarını 18 yaşınadək saxlamağa borcludurlar. 18 yaşından sonra isə şəxsin hansı formada təhsil alacağı və hansı ixtisası seçəcəyi onun öz qərarıdır. Valideynlərin şəxsin bu seçiminə görə hər hansı ödəniş etməyə məcbur edilməsi yolverilməzdir. Lakin qanunvericiliyə əsasən, şəxslər 23 yaşınadək müəyyən ödəniş və müavinətləri, o cümlədən vəfat etmiş valideynlərinin pensiyasını yalnız valideynlərini yetkinlik yaşına çatmamış itirdikləri halda ala bilərlər. Belə hallarda valideynlərdən birinin müraciəti əsasında ailə başçısını itirməyə görə müavinət və ya pensiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulub. Milli Məclisdə belə bir məsələnin müzakirə olunmasına qanunvericilikdə hər hansı qadağa nəzərdə tutulmayıb. Amma hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi valideynlərin əmlak hüquqlarının kobud şəkildə pozulması, mülkiyyət hüquqlarının məhdudlaşdırılması deməkdir. Hər hansı övladın illik 5 000, 8 000 və ya 10 000 manat təhsil haqqı ödəməklə ali təhsil almasının məsuliyyəti valideynlərin üzərinə qoyula bilməz. Əgər övladın belə bir təhsil almaq imkanı yoxdursa, həmin təhsil haqqını və digər xərcləri valideynlərin ödəməsi yolverilməzdir".

Sosioloq Mail Yaqubun fikrincə isə, bu addım atılarsa, bir tərəfdən müsbət, digər tərəfdən isə mənfi nəticələrə səbəb olacaq:


"Müsbət tərəfi ondan ibarət ola bilər ki, bu addım boşanmaların sayının azalmasına müəyyən təsir göstərər. Çünki boşanmaq istəyən, xüsusilə də heç bir ciddi səbəb olmadan ailəsini tərk etmək istəyən ata övladı varsa, 18 yaşından sonra da onun üçün aliment ödəməli olacağını nəzərə alaraq qərarını yenidən düşünə bilər. Bu səbəbdən, boşanmaq istəyən şəxs qərarını yenidən nəzərdən keçirə bilər. Belə bir addımın qadınları boşanmağa daha çox təşviq edəcəyi fikri də irəli sürülə bilər. Bu isə qadınlarda övladlarının atasının 18 yaşından sonra da onların xərclərini qarşılayacağına dair arxayınlıq yaradaraq boşanmağa meyli artıra bilər. bu məsələnin hər iki tərəfi var. Ona görə də belə bir addımın məqsədi, eləcə də millət vəkillərinin bu təklifi hansı zərurətdən irəli gələrək irəli sürdükləri ətraflı müzakirə olunmalıdır. Bu məsələlər geniş şəkildə müzakirə olunmalıdır. Müzakirələr təkcə parlament çərçivəsində deyil, həm də ictimaiyyət arasında aparılmalıdır. Azərbaycanda boşanmaların sayı artıq çox yüksək həddə çatıb və bu problemin qarşısını almaq üçün tədbirlər görülməlidir. Bunun üçün həm hüquqi, həm də qeyri-hüquqi tədbirlərin görülməsinə ehtiyac var".
Züleyxa Allahverdiyeva

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh