Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA

Bakıda rəngli asfaltın tətbiqindən 11 il keçsə də, bu yanaşmanın şəhərin nəqliyyat sistemində hansı funksiyanı yerinə yetirdiyi ilə bağlı suallar qalmaqdadır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, rəngli asfaltın yalnız estetik məqsədlə deyil, yol hərəkətinin təşkilində funksional vasitə kimi də istifadə oluna biləcəyini bildirib.

Ekspert xatırladıb ki, 2015-ci ildə Bakıda qırmızı asfaltın tətbiqi yenilik kimi təqdim olunub. İlk dəfə Babək prospektində sınaqdan keçirilən rəngli asfalt daha sonra Nobel prospektinin 2,5 kilometrlik yolayrıcında tətbiq edilib. Həmin vaxt bildirilib ki, rəngli asfalt texniki xüsusiyyətlərinə görə adi asfaltdan fərqlənmir və qarışığa rəngləndirici maddə əlavə olunmaqla əldə edilir.
Rauf Ağamirzəyev hesab edir ki, artıq məsələyə yalnız estetik baxımdan yanaşmaq kifayət deyil. Onun sözlərinə görə, əsas sual rəngli asfaltın şəhərin nəqliyyat sistemində hansı problemi həll etməsidir.
“Yol səthinin rəngini dəyişmək özlüyündə nəqliyyat siyasəti deyil. Əgər qırmızı asfalt sadəcə yolayrıcını gözəlləşdirmək üçün istifadə olunursa, bu, dekorasiyadır. Amma eyni rəng şəhərin müxtəlif ərazilərində konkret funksiyanı ifadə edirsə, artıq burada yol infrastrukturunun vizual kodlaşdırılmasından söhbət gedir”, – deyə ekspert bildirib.
O vurğulayıb ki, rənglərin konkret funksiyalar üzrə standartlaşdırılması sürücülərin, piyadaların, velosipedçilərin və ictimai nəqliyyat istifadəçilərinin yol şəraitini daha tez anlamasına kömək edə bilər. Məsələn, qırmızı rəng avtobus zolağını, yaşıl rəng velosiped və mikromobillik zolağını, narıncı rəng isə xüsusi dayanma və sərnişin mindirmə-düşürmə zonalarını ifadə edə bilər.
Burada əsas məsələ rəngin özü deyil, onun şəhər üzrə vahid qaydada tətbiq olunmasıdır. Eyni rəng müxtəlif küçələrdə fərqli məna daşıyarsa, bu, yol istifadəçisinin çaşqınlığına səbəb ola və rəngli örtüyün nəqliyyat baxımından faydasını azalda bilər.
Ekspert hesab edir ki, Bakı artıq yalnız estetik görünüşü yaxşı olan yolların deyil, yol istifadəçisinin davranışını istiqamətləndirən və qaydaları daha aydın göstərən infrastrukturun formalaşdırılmasına keçməlidir.
“Rəngli asfalt döşəmək asandır. Ona nəqliyyat funksiyası vermək isə idarəetmə tələb edir. Yol istifadəçisinə hər şeyi yalnız nişanlarla izah etmək məcburiyyətində qalmamalıyıq. Bəzən yolun özü də mesaj verməlidir”, – deyə ekspert vurğulayıb.
O əlavə edib ki, düzgün standartlaşdırıldığı halda asfalt örtüyünün rəngi şəhərin nəqliyyat dilinin bir hissəsinə çevrilə və yol hərəkətinin daha anlaşılan təşkilinə xidmət edə bilər.
Eltac Zülfüqaroğlu
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB















