“Artıq taksi sifariş edənlər şərt qoyur ki, “Prius” gəlməsin...” – Qəzaların səbəbi bu avtomobillərdir?

Gündəm 6 İyul 2022 15:18 Oxunub 2460
“Artıq taksi sifariş edənlər şərt qoyur ki, “Prius” gəlməsin...” – Qəzaların səbəbi bu avtomobillərdir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün “Xalqlar dostluğu” metrostansiyasının yanında, arxadan gələn “Toyota Prius” 40 nömrəli avtobusa çırpılıb. Sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb. Sosial mediada isə qəzaya səbəb olan avtomobil markası ilə bağlı tənqidlər səsləndirilib. Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı sfera.az-a açıqlamasında deyib ki, bu tipli yol nəqliyyat hadisələrinin səbəbkarı həmin avtomobillər deyil, onu idarə edən intizamsız sürücülərdir: “Qəzaların günahkarı iş və istirahət rejimi bəlli olmayan, narkotik asılılığı, psixoloji durumu, sərxoşluğa meylli şəxs olub olmaması bilinməyən sürücülərdir. Onlar transmilli şirkət sayılan “Uber”, “Bolt”, “Yandex” və digər şirkətlərdə taksi sürücüsü kimi işə düzəlirlər və gündəlik onlarla sərnişin daşıyırlar. Şəxsən mənim ətrafımda olan nə qədər insan taksi sifariş verəndə şərt qoyurlar ki, “Toyota Prius” markalı avtomobil gəlməsin. Bu avtombili idarə edənlər o qədər dəhşətli mənzərə ortaya qoyublar ki, vəziyyət qorxunc həddə çatıb. Burada günah əslində dediyim kimi, həmin markalı avtomobildə deyil, onu idarə edən sürücülərdədir, daha dərinə getsək, o sürücüləri gün ərzində 8 saatdan artıq işlədən dırnaqarası sahibkarlar, iş adamları, hansısa şirkətlərdir. Ona görə düşünürəm ki, problemi kökündən həll etmək üçün prosesin dərininə getmək lazımdır. Yəni üzdə olan sadəcə sürücüdür, arxa planda isə qeyd etdiyim şəxslərdir”.

Müsahibimiz bildirib ki, “Uber”, “Bolt” və bu qəbildən olan digərləri sərnişindaşıma ilə bağlı xarici transmilli şirkətlər olsa da, Azərbaycanda hegemonluq edirlər və qiymət siyasətini müəyyənləşdirirlər:

“Bu, düzgün deyil. Biz qiymət siyasətini özümüz dövlət olaraq müəyyənləşdirməliyik. Bununla bağlı Tarif Şurası qərar verməlidir – taksi fəaliyyətindəki minimal və maksimal qiymət bəlli olmalıdır. Ondan sonra sürücülərin işə götürülmə prosesləri müəyyənləşdirilməlidir. İlk olaraq taksi sürücüsü deyəndə kimi nəzərdə tutduğumuzu bilməliyik. Bu gün belə bir standart yoxdur, hər yerindən duran taksi sürücüsü ola bilir. Onlar da əksər hallarda maşını olmayan insanlardır. Bəlkə də sürücülük vəsiqəsini 3 ay bundan əvvəl alıb, amma sürücülük vərdişləri də yüksək səviyyədə deyil. Buna baxmayaraq gündəlik 25-30 manat ödəməklə haradansa “Toyota Prius” götürür, “Bolt”a zəng edib maşının texniki pasportunu, sürücülük vəsiqəsini, etibarnaməsinin göndərir, taksi sürücüsü olur. Amma bu, belə olmalı deyil. Taksi sürücüsünün dünyada qeydə alınma prosesi var və bunu da ağlı başında olan insanlar bilir. Sadəcə maraqlıdır ki, “Uber”, “Bolt” və ya “Toyota Prius”la bağlı bu qədər danışılır, yazılır, amma heç bir tədbir görülmür. Ehtimal edirəm ki, işin arxasında güclü insanlar dayanıb. Ona görə bu qədər qəzanın, problemin içində “Uber”ə, “Bolt”a “gözün üstündə qaşın var” deyən yoxdur, özbaşınalıqları davam edir. Artıq məsələnin üzərinə ciddi şəkildə getmək lazımdır. “Uber” və “Bolt” şirkəti prezident İlham Əliyevin imzaladığı Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərmandan üstün ola bilməz. Bu sənəddə hər şey açıq-aydın yazılıb, ardınca baş nazir sərəncam imzalayıb. 6 aya yaxın vaxt keçsə də, ortada əməli iş yoxdur. Nədənsə bu sahədə çox ləng proseslər gedir, aidiyyatı qurumlar sanki yerində sayırlar. Ciddi işləsələr, nəticə yaxşı olar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh