Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə və içməli su təminatının yaxşılaşdırılması istiqamətində yeni layihə həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin 140 milyon dollar məbləğində maliyyələşdirilməsini təsdiqləyib. Məlumata görə, kredit vəsaitləri hər biri 70 milyon dollar olmaqla, iki tranşla veriləcək.
Layihənin ümumi dəyəri 407 milyon dollar olaraq qiymətləndirilir. Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası,maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər. Zavodun inşası su qıtlığının azaldılması və ölkənin su təminatının gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur. Analoji layihələr bir sıra ölkələrdə məhz onların dəniz hövzələrində həyata keçirilir. Bəs Xəzər gölünün duzsuzlaşdırılması digər ölkələrdəki kimi effektiv nəticə verə bilərmi?
Mövzu ilə bağlı deputat Azər Allahverənov Avtosfer.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması istiqamətində görülən işlər mühüm əhəmiyyət daşıyır:

"Asiya İnkişaf Bankının zavodun tikintisi üçün 140 milyon dollar vəsait ayırması bu layihənin əhəmiyyətini bir daha göstərir. Bu qərar onu göstərir ki, bu tipli böyük və çox əhəmiyyətli layihələrə vəsait ayrılması həmin layihənin qarşıya qoyulan hədəfə çatacağını göstərən vacib məqamlardan biridir. Çünki bu həcmdə vəsaitlər qeyri-müəyyən nəticə verə biləcək layihələrə ayrılmır. Beynəlxalq təcrübəyə nəzər saldıqda biz bu kimi fəaliyyətlərin olduğunu bilirik. Asiya İnkişaf Bankı iddialı bir layihəyə vəsait ayırırsa, deməli, bu, zavod tikildikdən sonra Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı konkret müsbət nəticələr əldə etməyə qadir olan bir layihədir. Burda layihənin ümumi dəyəri 407 milyon civarındadır. Layihəni maliyyələşdirənlər gözləntilərin real olaraq təmin olunacağına inanırlar və yaxın illərdə bu istiqamətdə çox yaxşı nəticələrin əldə olunacağının şahidi ola bilərik. Konkret olaraq, zavodun inşasından söhbət gedirsə, gündəlik 300 min kubmetr su istehsal etmək gücünə malik olması duzsuzlaşdırma işlərinin kifayət qədər yüksək miqyasda həyata keçiriləcəyini göstərir. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında 2025-2029-cu illər üçün tərəfdaşlıq strategiyası çərçivəsində həyata keçirilən çox vacib işlərdən biridir. Bu kimi layihələrin həyata keçirilməsi təmiz infrastrukturun qurulmasına və ekoloji dayanıqlılığın təmin olunmasına xidmət edir. Bu prosesdə dünyanın tanınmış və böyük investisiya imkanlarına malik şirkətlərinin yaxından iştirak etməsi də mühüm əhəmiyyət daşıyır. Bunlara “Aqua Power” və “PowerChina” qrupuna daxil olan “Huadong Engineering Corporation” şirkətini göstərmək olar. Bu şirkətlərin iştirakı layihənin həyata keçirilməsi və müsbət nəticələrin əldə olunması baxımından vacib amillərdəndir. Artıq qərar verilib və vəsait də təsdiqlənib. İcrasına başlanılacaq fəaliyyətlər yaxın zamanda zavodun tikintisi ilə nəticələnəcək. Zavod qısa müddət ərzində fəaliyyətə başlayaraq bu istiqamətdə mühüm müsbət nəticələr əldə etməyə imkan verəcək".
Deputat Vüqar Rəhimzadə qeyd edib ki, müasir dövrdə su ehtiyatlarının qorunması və alternativ su mənbələrinin yaradılması dünyada strateji əhəmiyyət daşıyan məsələlərdən birinə çevrilib:

"Dünyada iqlim dəyişiklikləri, quraqlıq, əhali sayının artması, urbanizasiya və iqtisadi inkişaf nəticəsində içməli suya tələbatın yüksəlməsi dövlətləri ənənəvi su mənbələrindən asılılığı azaltmağa və yeni texnoloji imkanlardan istifadə etməyə sövq edir. Bu baxımdan, dəniz suyunun duzsuzlaşdırılması artıq yalnız su qıtlığı yaşayan ölkələrin müraciət etdiyi üsul deyil, həm də uzunmüddətli su təhlükəsizliyinin təmin olunmasına xidmət edən mühüm infrastruktur istiqamətidir. Azərbaycanın Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsini həyata keçirməsi də məhz bu strateji yanaşmanın tərkib hissəsidir. Asiya İnkişaf Bankının layihəyə 140 milyon dollar məbləğində maliyyə vəsaiti ayırmasını təsdiqləməsi təşəbbüsün beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir. Ümumi dəyəri 407 milyon dollar olan layihə çərçivəsində gündəlik 300 min kubmetr, yüksək istehlak dövrlərində isə 330 min kubmetrə qədər suyun duzsuzlaşdırılması nəzərdə tutulur. Bu Bakı və Abşeron yarımadasının artan su tələbatının qarşılanması baxımından kifayət qədər əhəmiyyətli göstəricidir. Dəniz suyunun duzsuzlaşdırılması texnologiyası dünya təcrübəsində artıq geniş tətbiq olunur. Müasir texnologiyalar düzgün tətbiq edildikdə dəniz suyunun böyük həcmdə içməli suya çevrilməsi tamamilə real və səmərəli prosesdir. Prezident İlham Əliyevin sədrliyi ilə bu il yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunan geniştərkibli müşavirədə bu məsələ də diqqətdə olmuşdu. Prezident İlham Əliyev müşavirədə qeyd etmişdi ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və suvarma üçün də böyük mənbə yaranacaq".
Deputat əlavə edib ki, burada mühüm məqamlardan biri də layihənin dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsidir:
"25 illik müqavilə çərçivəsində layihənin layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı özəl tərəfdaşın iştirakı ilə təmin ediləcək, istehsal olunan su isə dövlət operatoruna ötürüləcək. Bu model dövlətin infrastruktur sahəsinə özəl investisiyaların cəlb edilməsi, beynəlxalq təcrübənin tətbiqi və idarəetmənin səmərəliliyinin artırılması baxımından əhəmiyyətlidir. Bütövlükdə, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini Azərbaycanın su təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində strateji addım kimi qiymətləndirmək olar. Bakı və Abşeron yarımadasında əhalinin, sənayenin və xidmət sektorunun artan su tələbatı fonunda alternativ mənbənin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu layihə ənənəvi su ehtiyatlarına düşən yükün azaldılmasına, su təminatının daha çevik və dayanıqlı təşkilinə töhfə verəcək. Əsas məsələ dünya təcrübəsinin Xəzərin spesifik xüsusiyyətlərinə uyğun tətbiq edilməsidir. Digər ölkələrin təcrübəsi göstərir ki, müasir texnologiyalar vasitəsilə dəniz suyunun duzsuzlaşdırılması effektiv nəticə verə bilər. Bununla yanaşı, Azərbaycanda su təhlükəsizliyinin təmin olunması yalnız Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi ilə məhdudlaşmır. Ölkədə su ehtiyatlarının artırılması və onlardan daha səmərəli istifadə edilməsi məqsədilə kompleks infrastruktur tədbirləri həyata keçirilir. Məqsəd yalnız mövcud su ehtiyatlarından istifadəni yaxşılaşdırmaq deyil, həm də iqlim dəyişikliklərinin yaratdığı risklərə qarşı daha dayanıqlı sistem formalaşdırmaqdır. Beləliklə, yeni infrastrukturun qurulması, alternativ su mənbələrinin istifadəyə verilməsi Azərbaycanın uzunmüddətli su təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaq".
Ekoloq Ənvər Əliyevin fikrincə isə, Xəzər dənizinin suyunun “təmizlənərək” içməli su kimi əhaliyə verilməsi nəzərdə tutulur:

"Xəzər dənizinin suyu o qədər çirklidir ki, kanalizasiya və çirkab sularını dənizə axıdıb, sonra həmin suyu təmizləyərək əhaliyə içməli su kimi vermək müsəlman ölkəsinə yaraşmayan hərəkətdir. 407 milyon dollar vəsait ayrılıb, bunun yalnız 165 milyon dolları zavodun tikintisinə sərf olunacaq. Qalan vəsait özəl və dövlət müəssisələrinə ayrılır və ümumilikdə yarım milyarda yaxın puldan söhbət gedir. İnsanın ağlı yoxdurmu ki, kanalizasiya suları, yollardan axan çirkli sular, kənd təsərrüfatında istifadə olunan müxtəlif gübrələr, pestisidlər və herbisidlər hamısı həmin suya qarışır? Deyirlər ki, su osmotik üsulla təmizlənəcək. Bu üsul zamanı su filtrlərdən keçirilərək çirkləndirici maddələrdən, hətta hüceyrələrə nüfuz etmiş çirklərdən də təmizlənəcək. Nəticədə, suyun təxminən 22 faizi tullantıya çevrilir, qalan 78 faizi isə emaldan sonra əldə olunur. Lakin həmin 78 faiz də birbaşa içməli su deyil. Onu minerallarla zənginləşdirmək və sanitar-gigiyenik normalara çatdırdıqdan sonra əhaliyə vermək lazımdır. Biz sintetik su əldə edirik. Halbuki Azərbaycan çaylarının, bulaqlarının, Kiçik Qafqazın Sərsəng kimi müalicəvi su mənbələrinin qorunması vacibdir. Biz gedib Xəzərin o mundar sularından su təmizləyəcəyik və sıfırdan sonra bir rəqəmi olan minerallarla təmin edəyəcəyik. Bu da yıxıl-öl deməkdir".
Züleyxa Allahverdiyeva
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?











