Banner

Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?

Gündəm 24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
WhatsApp kanalımıza abunə olun

Dövlət xidmətlərində süni intellektdən istifadənin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Azərbaycanda dövlət xidmətlərində agent əsaslı süni intellektin tətbiqi nəzərdə tutulur. Bu texnologiyanın vətəndaş müraciətlərinin daha sürətli cavablandırılmasına, xidmətlərin əlçatanlığının artırılmasına və bürokratik prosedurların azaldılmasına imkan verəcəyi gözlənilir. Lakin süni intellektin qərarvermə prosesində iştirakı şəxsi məlumatların təhlükəsizliyi və mümkün texniki səhvlərlə bağlı suallar da yaradır.
Avtosfer.az xəbər verir ki, süni intellektin dövlət xidmətlərinə inteqrasiyası vətəndaş müraciətlərinin daha operativ həllinə və bürokratik maneələrin azalmasına imkan yarada bilər. Bəs bu texnologiyanın tətbiqi zamanı yarana biləcək risklər, xüsusilə şəxsi məlumatların təhlükəsizliyi və yanlış qərarların qarşısının alınması necə təmin edilməlidir?
Mövzu ilə bağlı İT (informasiya texnologiyaları) üzrə mütəxəssis Fərid Kazimov Avtosfer.az-a açıqlamasinda bildirib ki, süni intellekt agentlərinin dövlət xidmətlərində tətbiqi ilk növbədə dövlət qurumlarının üzərinə düşən iş yükünün azalmasına imkan verəcək:


''Hazırda bir çox dövlət qurumlarının çağrı mərkəzlərinə daxil olan müraciətlərin sayı çoxdur və vətəndaşlar operatorla əlaqə saxlamaq üçün uzun müddət gözləməli olurlar. Süni intellekt bu problemin həllinə kömək edə bilər. Belə ki, vətəndaşlar standart suallarına həm yazılı çat, həm də səsli formada daha qısa müddətdə cavab ala biləcəklər. Bu, eyni zamanda, qurumların çağrı mərkəzlərindəki iş yükünü azaldacaq və xidmət səviyyəsini yüksəldəcək. Lakin bu o demək deyil ki, süni intellekt bütün müraciətləri tam şəkildə cavablandıra biləcək. Fərdi məlumatlar, şəxsi hesablar və konkret xidmət nömrələri ilə bağlı müraciətlərin cavablandırılması üçün süni intellekt agentlərinin müvafiq dövlət qurumlarının məlumat bazalarına çıxış imkanları olmalıdır. Bu imkanların hansı səviyyədə təmin edilməsi isə qurumların öz məlumatlarını süni intellekt sistemləri ilə bölüşmək siyasətindən asılıdır. Hazırda bir çox sistemlər əsasən ümumi məlumatları təqdim edir, fərdi məsələlərdə isə vətəndaşı operatora yönləndirir. Düşünürəm ki, yaxın iki-üç il ərzində bu texnologiyaların imkanları daha da genişlənəcək və fərdiləşdirilmiş xidmətlərin səviyyəsi artacaq''.
Mütəxəssis qeyd edib ki, şəxsi məlumatların qorunması məsələsinə gəldikdə isə, dövlət qurumlarının vətəndaş məlumatlarına çıxış imkanları eyni deyil:
''Hər bir qurum öz fəaliyyət istiqamətinə uyğun məlumatlara çıxış əldə edir və bu, müəyyən məhdudiyyətlərlə tənzimlənir. Süni intellekt agentlərinin tətbiqində də eyni yanaşma qorunmalıdır. Azərbaycanın süni intellekt strategiyası çərçivəsində milli süni intellekt platformasının yaradılması və inkişafı nəzərdə tutulur. Bu baxımdan, dövlət məlumatlarının qlobal süni intellekt platformalarına ötürülməməsi, məlumatların ölkə daxilində saxlanılması və onlara çıxışın müvafiq qaydada məhdudlaşdırılması mühüm məsələlərdəndir. Bu istiqamətdə rəqəmsal inkişaf və rəqəmsal arxitektura ilə bağlı qəbul edilən qərarlar da əhəmiyyət daşıyır. Süni intellektin qərarvermə prosesində rolu qlobal miqyasda müzakirə olunan əsas məsələlərdən biridir. 
Hesab edirəm ki, son qərar həmişə insan tərəfindən verilməlidir. Süni intellekt böyük həcmli məlumatları təhlil edə, nəticələr çıxara və tövsiyələr təqdim edə bilər. Lakin onun verdiyi məlumatlar düzgün olsa belə, qərarvermə prosesində müəyyən səhvlər baş verə bilər. Xüsusilə dövlət sektorunda və vətəndaşların hüquqlarına təsir edən məsələlərdə qərarın süni intellektə həvalə edilməsi düzgün yanaşma deyil. Süni intellekt burada köməkçi vasitə kimi çıxış etməli, yekun qərarı isə insan verməlidir''.

Fatimə

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh