Elnarə Canlı ilə bağlı YENİ QƏRAR - Baş Prokurorluğa müraciət edildi

Hadisə 10 Avqust 2026 11:36
Elnarə Canlı ilə bağlı YENİ QƏRAR - Baş Prokurorluğa müraciət edildi
WhatsApp kanalımıza abunə olun

Kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Elnarə Fəxrəddin qızı Canlının fəaliyyəti ilə bağlı AEM-ə daxil olmuş vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə araşdırma və plandankənar yoxlama həyata keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

"Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Elnarə Fəxrəddin qızı Canlının lisenziya tələb olunan özəl tibb fəaliyyət növünü müvafiq lisenziya olmadan həyata keçirməsi ilə bağlı vətəndaş müraciəti əsasında AEM tərəfindən araşdırma aparılıb və 08.05.2025-ci il tarixində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı Elnarə Canlının lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji fəaliyyət) ilə məşğul olması müəyyən edilib.

Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 08.05.2025-ci il tarixli, MN 2156869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, qanunvericiliyə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılmış məlumatlar əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22.12.2025-ci il tarixli, MN 2406895 və 20.02.2026-cı il tarixli, MN 2407064 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək qanunvericiliyə uyğun olaraq növbəti icraata göndərilib", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, sonuncu yoxlama zamanı fərdi sahibkar Elnarə Fəxrəddin qızı Canlının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.

AEM tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilmiş yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziya almadan kosmetoloji fəaliyyətini davam etdirməsi müəyyən olunub. Bununla əlaqədar onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 2026-cı il martın 13-də Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib.

Nazirliyin müraciətində lisenziya almadan özəl tibbi fəaliyyətlə (kosmetoloji fəaliyyət) məşğulolma faktına hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi xahiş olunub.

Beləliklə, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi və AEM tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanına da müraciət edilib.

Oxunub : 488
ŞƏRH YAZ
Ad

E-mail

Şərh