Banner

Polis Sabunçu rayonunda antisanitar vəziyyətlə bağlı reyd keçirib - FOTO

Hadisə 27 Avqust 2024 19:48 Oxunub 238
Polis Sabunçu rayonunda antisanitar vəziyyətlə bağlı reyd keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda, respublikanın digər şəhər və rayonlarında, həmçinin işğaldan azad edilmiş ərazilərdə ətraf mühitin çirkləndirilməsi, məişət və istehsalat tullantılarının zibil qutularından kənar yerlərə atılması nəticəsində antisanitar vəziyyətin yaranması ilə əlaqədar polis əməkdaşları digər aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirir. Növbəti belə reyd Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ərazi üzrə məsul olan polis orqanının əməkdaşları tərəfindən aparılıb. Reyd zamanı qəsəbənin bir neçə küçəsində antisanitar vəziyyət müşahidə edilib.

Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev “Azərtac”a bildirib ki, paytaxtda, həmçinin şəhər və rayon ərazilərində antisanitar vəziyyət aşkarlandığı halda, mənfi hallara yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilir.

“Reydlər zamanı vətəndaşlarla ətraf mühitin çirkləndirilməsinin məsuliyyət yaratması barədə maarifləndirici söhbət aparılır. Sakinlərdən xahişimiz odur ki, məişət və istehsalat tullantılarını zibil qutularından kənar yerlərə atmasınlar”, - deyə DİN-in əməkdaşı qeyd edib.

Reyd zamanı qəsəbənin Eldar Xəlilov küçəsində bir neçə karton qutu və qum torbalarının səkiyə atılması qeydə alınıb. Bundan başqa, Muxtar Fətəliyev küçəsində də karton qutularının məhəlləyə atılması halı müşahidə olunub. Məhəllə sakini Pünhan Bədəlov AZƏRTAC-ın əməkdaşı ilə söhbət zamanı bildirib ki, məişət tullantılarını zibil qutusundan kənara atan müəssisənin əməkdaşlarına bir neçə dəfə iradlarını bildirib, amma hər hansı tədbir görülməyib.

“Məhəlləmizdə hər gün bu cür vəziyyət müşahidə edilir. Yay fəsli olduğundan üfunətli iy ətrafa daha tez yayılır”, - deyə sakin qeyd edib.

Qəsəbənin digər küçəsində fəaliyyət göstərən avtomobil yuma məntəqəsində yuyucu vasitənin kanalizasiyadan kənara axması halı aşkarlanıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı müəssisənin işçisi ilə küçənin çirkləndirilməsinin qeyri-qanuni olması barədə maarifləndirici söhbət aparıb. Məntəqənin işçisi Nadir Əliyev kanalizasiyanın tutulması səbəbindən yuyucu vasitənin küçəyə axdığını və bir neçə günə problemin həll ediləcəyini deyib.

DİN rəsmisi N.Əliyev avtomobil yuma məntəqəsində çirkab suların küçəyə axıdılmasının qanunvericilikdə məsuliyyət yaratdığını bildirib. O, ərazidə antisanitar vəziyyət yaratdığına görə müəssisə rəhbərinə xəbərdarlıq edildiyini diqqətə çatdırıb. Həmçinin eyni halın təkrarlanacağı təqdirdə müəssisə rəhbəri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati tənbeh tədbirinin görüləcəyini vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh