Qədim insanların ilk DNT profilləri aşkarlanıb - ARAŞDIRMA - FOTO

7 min əvvəl Şimali Afrikada yaşamış iki qadının DNT analizi elm adamlarını Böyük Səhranın tarixinə yenidən nəzər salmağa vadar edir.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, tədqiqat Afrika Rütubət Dövründə (14500–5000 il əvvəl) mövcud olmuş insan populyasiyalarının genetik təcridini ortaya qoyur.
Şimali Afrikanın paleogenetikası hələ də az tədqiq edilmiş sahədir. Bunun əsas səbəblərindən biri bölgənin isti iqlimi və güclü ultrabənövşəyi şüaların DNT qalıqlarını sürətlə məhv etməsidir. Lakin Liviyanın cənub-qərbində yerləşən Takarkori qaya sığınacağında aparılan qazıntılar bu çətinliklərin qismən də olsa öhdəsindən gəlməyə imkan verib. 2003–2007-ci illər arasında Takarkoridə 8900–4800 il əvvələ aid 15 insan qalığı aşkarlanıb. Bunlardan ikisi – təxminən 7 min il əvvəl yaşamış və təbii şəkildə mumiyalanmış iki qadına aid qalıqlar – genetik analiz üçün seçilib.

Tədqiqatçılar qadınların DNT-sini ardıcıllıqla sıralayaraq onu müasir Afrika, Cənubi Avropa və Yaxın Şərq populyasiyalarından olan 800 nəfərin və 117 qədim genomun genetik məlumatları ilə müqayisə ediblər. Nəticələr göstərir ki, Takarkori qadınları Yaxın Şərq mənşəli insanlarla yalnız zəif genetik əlaqəyə malikdirlər. Bu da onların maldarlıq kimi iqtisadi fəaliyyətləri Yaxın Şərqdən gələn miqrantlar vasitəsilə deyil, müstəqil şəkildə mənimsədiklərini göstərir.
Daha maraqlısı odur ki, bu qadınların genetik izi nə Şərqə, nə Qərbə, nə də Cənuba yayılıb. Tədqiqatçılar üçün bu, böyük bir müəmma olaraq qalır. Leypsiqdəki Maks Plank Təkamül Antropologiya İnstitutunun arxeoloqu Nada Salemin sözlərinə görə, həmin nəticələr göstərir ki, bu qədim əhali uzun müddət genetik olaraq təcrid olunmuş şəkildə yaşayıb.
Araşdırma Şimali Afrikanın qədim insan populyasiyalarına dair biliklərimizi genişləndirməklə yanaşı, Böyük Səhrada insan məskunlaşmasının necə inkişaf etdiyini anlamağa kömək edir. Qədim genomların nadir tapıldığı bu bölgədə aparılan tədqiqatlar gələcəkdə daha genişmiqyaslı araşdırmalara yol aça bilər. Tədqiqat Şimali Afrikanın genetik tarixini anlamaq üçün yeni perspektivlər təqdim edərək bu ərazidə qədim insan qruplarının necə formalaşdığı və dəyişdiyi barədə mühüm məlumatlar verir.
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










