Azərbaycan Türkiyədən hansı yeni silahları ala bilər? – TƏHLİL

Xəbərlər 2 Mart 2021 11:04 Oxunub 676
Azərbaycan Türkiyədən hansı yeni silahları ala bilər? – TƏHLİL
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq strateji partnyorluq və iki dost ölkə əlaqələrinin ruhuna uyğun şəkildə davam edir.

Prezident İlham Əliyevin fevralın 26-da xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsi barədə bəyanatları belə deməyə əsas verir.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq iki ölkə arasında 2010-cu ilin avqustunda imzalanan müqavilə ilə tənzimlənir. Sənəd “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə adlanır.

2020-ci ilin mayın 31-də isə Milli Məclis hərbi əməkdaşlığı daha da dərinləşdirən sənədi ratifkasiya edib. Söhbət “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sazişdən gedir.

Sazişdə nələr nəzərdə tutulub?

Saziş Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.

Bu saziş Türkiyə hökuməti tərəfindən Azərbaycan hökumətinə ayrılan maliyyə əməkdaşlığına əsaslanır. Vəsait Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq və illik smeta üzrə təsisatları çərçivəsində ayrılacaq. 

Sənəd ümumilikdə 200 milyon türk lirəsi həcmində Türkiyədə istehsalla məşğul olan yerli müəssisələrdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınmasına istifadə edilməsinə dair əsaslar müəyyənləşdirir. 

İlham Əliyev Türkiyə silahlarını yüksək qiymətləndirir

Türkiyə Azərbaycanın 2020-ci ilin sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatlarında rəsmi Bakıya siyasi-diplomatik dəstək verib. Noybrın 10-na qədər davam edən müharibədə Azərbaycanın keçirdiyi əməliyyatlar zamanı Türkiyə istehsalı olan silahlar - əsasən də “Bayraktar TB2” pilotsuz zərbə aparatları mühüm çəkiyə malik olub.

Prezident İlham Əliyev mətbuat konfransında deyib ki, müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü.

“Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə böyük üstünlük təmin edib. Müharibədən sonra da bu təmaslar davam edir”, - deyən Prezident Türkiyədən Azərbaycana yeni nəsil silahların tədarükünü anons edib.

“Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi qüdrətimizi böyük dərəcədə gücləndirəcək”, - deyə İlham Əliyev bildirib.

Türkiyənin yeni silah sürprizləri

2021-ci ildən etibarən Türkiyənin hərbi sənayesində yeni növ silahların istehsal olunacağı barədə yazılar dərc olunur.

Türkiyə 2021-ci ildən etibarən daha yüksək taktiki-texniki göstəricilərə və döyüş qabiliyyətinə malik olan “Aksungur” və “Akıncı” pilotsuz kəşfiyyat-döyüş təyyarələrinin də seriya istehsalına başladığını elan edib.

Bundan əlavə, Türkiyənin “ROKETSAN” şirkəti MAM-L “ağıllı” raketinin mənzilini iki dəfə artırıb.

“ROKETSAN” İkinci Qarabağ Müharibəsindəki təcrübəni nəzərə alaraq bu addımı atıb. MAM-L “Bayraktar”ın, “Akıncı” və “Aksungur” pilotsuz döyüş aparatlarının əsas silahıdır.

Modifikasiyaya əsasən, bu raketlər indi hədəfi 8 kilometrdən deyil, 15 kilometrdən vura biləcək.

Əlavə olaraq, “ROKETSAN”ın hazırladığı “SUNGUR” yaxın mənzilli hava hücumundan müdafiə sistemi tətbiq edilib. Kompleks “Ejder Yalçın” zirehli avtomobilinin üzərində quraşdırılıb. “SUNGUR” yaxın mənzilli hava hədəfini yüksək dəqiqliklə vurur.

Türkiyə istehsalı silahlar beşinci nəsildir, döyüş əməliyyatlarında çevik və operativliyi, dəqiq zərbələri ilə böyük üstünlüklər qazanır.

Düşünmək olar ki, Azərbaycan öz ordusunu daha da müasirləşdirərkən Türkiyədən yuxarıda adı çəkilən yeni silahları əldə edə bilər.

Digər bir məsələ isə Azərbaycan Ordusunun ən müasir standartlara uyğun yenidən qurulmasıdır, bunun üçün isə ən məqbul model Türkiyə modelidir.

Prezident İlham Əliyev deyib: “Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq”.

İlham Əliyev dediklərindən çıxarılan iki nəticə: Azərbaycan ən müasir silahları Türkiyədən tədarük edəcək. İkincisi isə Azərbaycan Ordusu Türkiyə modelində olacaq, bu isə əlavə üstünlüklər vəd edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh