“Bağlamanız çatdırılmadı" mesajı alanların nəzərinə: Bank hesabınız boşaldıla bilər

"Azərpoçt" MMC-nin adından istifadə edilməklə yeni fişinq kampaniyası həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Bildirilib ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə istifadəçilərə "Təcili Çatdırılma Problemi Bildirişi" başlıqlı saxta SMS mesajlar göndərirlər. Mesajlarda poçt indeksinin qeyd edilməməsi səbəbindən "dəyərli əşya" kimi təqdim olunan bağlamanın çatdırılmasının mümkün olmadığı bildirilir və ünvan məlumatlarının müəyyən edilmiş tarix və saata qədər yenilənməsi tələb olunur.
İstifadəçilərə psixoloji təzyiq göstərmək məqsədilə mesajlarda əlavə xidmət haqlarının tutulacağı, bağlamanın 72 saat ərzində göndərənə qaytarılacağı və geri qaytarılma xərclərinin alıcının üzərinə düşəcəyi qeyd edilir.
Fişinq mesajlarında "çatdırılma ünvanını təsdiqləyin" adı altında "ASAN Pay" xidmətinin adına bənzədilmiş saxta keçidlərdən (məsələn, asanvpay[.]cyou) istifadə olunur. Eyni zamanda, bildirişin təsdiqlənməsi üçün istifadəçilərdən mesaja "1" cavabını göndərmək tələb edilir. Bu üsul istifadəçinin aktiv nömrədən istifadə etdiyini müəyyənləşdirmək və onu saxta keçidə yönləndirmək məqsədi daşıyır.
Saxta keçidə daxil olduqda istifadəçilərdən çatdırılma ünvanı, ad, soyad və mobil telefon nömrəsi kimi fərdi məlumatları təqdim etmək, növbəti mərhələdə isə guya çatdırılma xidmət haqqının ödənilməsi üçün bank kartı məlumatlarını daxil etmək tələb olunur. Nəticədə əldə edilən kart məlumatları vasitəsilə vətəndaşların bank hesablarındakı vəsaitlərin mənimsənilməsi riski yaranır.
MKA vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:
- "Azərpoçt" və digər rəsmi qurumların adından göndərilən bildirişlərin mənbəyini yoxlayın. Xarici ölkə kodlarına malik naməlum nömrələrdən göndərilən mesajlara şübhə ilə yanaşın.
- SMS və ya mesencerlər vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmayın. Xüsusilə .cyou, .top, .xyz və digər şübhəli domenlərə diqqət yetirin.
- Naməlum nömrələrdən gələn mesajlara "1", "Bəli" və ya digər təsdiq cavabları göndərməyin.
- "Azərpoçt", "ASAN Pay" və digər xidmətlərin rəsmi veb-saytlarına daxil olarkən domen adlarının düzgünlüyünü yoxlayın.
- Şübhəli veb-səhifələrdə şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərinizi (kart nömrəsi, bitmə tarixi, CVV/CVC kodu) və SMS vasitəsilə göndərilən birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.
- Bağlamaların statusunu yalnız "Azərpoçt"un rəsmi veb-saytı (azerpost.az), ödənişləri isə "ASAN Pay"in rəsmi platforması (asanpay.az) vasitəsilə yoxlayın və həyata keçirin. Bank kartı məlumatlarınızı şübhəli səhifədə daxil etmisinizsə, dərhal bankınızla əlaqə saxlayaraq kartın bloklanmasını təmin edin və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verin.
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












