Reklam

Düşmənlə beynəlxalq hüququn ”dil”ində danışılacaq

Xəbərlər 22 Noyabr 2020 19:09 Oxunub 1262
Düşmənlə beynəlxalq hüququn ”dil”ində danışılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Ermənistandan Azərbaycana təzminat ödənilməsini tələb edəcəyik” 

“Baş Prokurorluğun əməliyyat-istintaq tədbirləri, xüsusi xidmət orqanlarının əlində olan faktlar ümumiləşdirilir”

“Onların cinayət məsuliyyətinə cəlb olunması üçün gələcəkdə belə bir cinayət məhkəməsinin qurulmasına"  

 

27 sentyabrdan başlayan ikinci Qarabağ müharibəsi noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədinin imzalaması ilə başa çatdı.  Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmən məğlub edildi. 30 ilə yaxındır ki, düşmən tapdağı altında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, o cümlədən 300-dən çox yaşayış məntəqəsi və strateji yüksəkliklər şanlı ordumuz tərəfindən azad edildi. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin arasında imzalanmış bəyanat əsasında noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən,  15 noyabrda Kəlbəcər rayonu – sonradan 10 gün vaxt verildi, 20 noyabrda Ağdam rayonu, 1 dekabrda Laçın rayonu qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır, qaytarılır da. Hazırda proses davam edir.

Amma ruh və mayaları təxribat, terror, vandalizmlə yoğrulan ermənilər tərk etdikləri ərazilərimizi xarabalığa döndərib. Qarabağda daşı daş üstdə qoymayıb. Hətta indi evləri tərk edən ermənilər mənzillərə od qoyur, mal-qaranı gülləbaran edir, ağacları kəsir, meşələri yandırır. Bütün bunlar isə bir toplum olaraq onların vəhşi obrazını aydın şəkildə dünyanın gözü qarşısına sərir. Ötən 30 il müddətində təbii sərvətlərimiz talanıb, mədəniyyət abidələri, yaşayış massivləri dağıdılıb. Meşələr yandırıldığına görə həmin ərzilərin flora və faunası məhv edilib.  Bir sözlə, düşmən işğalla kifayətlənməyib, o daş, torpaq, divar, ağac və heyvanlara da divan tutub.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bu məsələ ilə bağlı danışarkən Ermənistanın təzminat ödəməli olduğunu bildirib:

“İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.

Məsələ ilə bağlı açıqlamasında Hüquq üzrə fəlsəfə doktoru, Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, bu sahədə ən böyük uğurumuz  Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa etməyimizdir:

"Azərbaycan nəinki diplomatik və hərbi meydanda nailiyyətlər əldə edib,, həmçinin ideoloji cəhətdən də çox böyük  uğurlar qazanıb. Ölkə prezidentinin 30-a yaxın dünyanın aparıcı və nüfuzlu KİV-lərinə verdiyi müsahibələr Ermənistanın ideoloji sahədə əldə etdiyi bütün uğurları alt-üst etdi. Bu üç  sahədə qazanılan uğurların ardından geri qalan ərazilərimiz də Azərbaycana qaytarılır. Ağdamdan sonra  Kəlbəcər və Laçın rayonları azad olunur.  

Torpaqlarımız işğaldan azad olunandan sonra xoşagəlməz mənzələrlə qarşılaşdıq. Düşmən həmin yerləri işğal etməklə kifayəltənməyib, oranı tamamilə dağıdıb.

Bu halda onları iki istiqamətdə cəzalandırmaq məsələsi gündəmə gəlir. Birincisi, təzminat məsələsidir ki, bu beynəlxalq hüquq normaları ilə tənzimlənir. İşğalçı dövlət zəbt etdiyi əraziləri dağıtdığı zaman müəyyən məbləğdə vəsait ödəməlidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin noyabrın 9-da verdiyi sərəncama əsasən 27 sentyabrdan müharibə bitənə qədər Ermənistan tərəfindən mülki əhaliyə, sahibkarlıq subyektlərinə, dövlət infrastrukturlarına dəyən zərərlərin hesablanması ilə bağlı xüsusi dövlət komissiyası yaradılıb ki, artıq bu istiqamətdə iş görülür.

Digər tərəfdən Azərbaycan ərazilərinin işğal edildikdən sonra burada baş verən talanların, vəhşiliklərin qiymətləndirilməsi barədə dünyanın aparıcı beynəlxalq qurumları və təşkilatları ilə danışıqlar başlayıb.

Həmin təşkilatların da dəvət edilməsi ilə Ermənistanın Azərbaycana vurduğu zərərlər hesablanacaq. Eyni zamanda 30 il müddətində sahibkarlıq fəaliyyəti ilə əldə oluna biləcək gəlirlərdən məhrum etmək də bura daxil edilməklə qiymətləndirilmə aparılacaq. Bundan sonra biz beynəlxalq hüquqa uyğun olaraq Ermənistan dövlətindən Azərbaycana təzminat ödənilməsini tələb edəcəyik”. 

Ç.Qənizadə diqqətə çatdırıb ki, müharibə cinayətlərini törətdiklərinə, mülki əhaliyə qarşı məhvetmə əməliyyatınıı apardıqlarına görə Ermənistanın indiki və keçmiş siyasi və hərbi hakimiyyəti məsuliyyət daşıyır:

“Həmin adamların beynəlxalq cinayət məhkəməsində cəzalandırılması istiqamətində bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri, xüsusi xidmət orqanlarının əlində olan kifayət qədər faktlar, materiallar ümumiləşdirilir. Onların cinayət məsuliyyətinə cəlb olunması üçün gələcəkdə belə bir cinayət məhkəməsinin qurulmasına çalışacağıq".  

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh