Banner

“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ

Gündəm 17 Noyabr 2026 19:45
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
WhatsApp kanalımıza abunə olun

Pakistan, Türkiyə, Qətər və İndoneziya arasında imzalanan müdafiə memorandumu dörd ölkənin hərbi-texniki əməkdaşlığını yeni mərhələyə daşıya bilər. Bu əməkdaşlıq ABŞ-ın hərbi texnikasından asılılığın azaldılmasına və müdafiə sənayesi sahəsində alternativ istehsal imkanlarının yaradılmasına hesablanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz sosial media hesabında bildirib.

Politoloqun sözlərinə görə, oktyabrın 21-də Dohada imzalanan memorandumun əsas məqsədi dörd ölkə arasında müdafiə istehsalı, texnologiya və təlim sahələrində əməkdaşlığı dərinləşdirməkdir. Sənəd çərçivəsində birgə tədqiqat layihələrinin həyata keçirilməsi, müdafiə komponentlərinin istehsalı, texniki təlim və mühəndislik təcrübəsinin mübadiləsi nəzərdə tutulur. Tərəflər birgə hazırlanan məhsulları hər ölkənin tələblərinə uyğunlaşdırmağı və beynəlxalq bazarlara çıxarmağı da planlaşdırırlar.

Elxan Şahinoğlu qeyd edib ki, memorandumu imzalayan ölkələr arasında hərbi-texniki istehsal sahəsində Türkiyə və Pakistan daha çox təcrübəyə malikdir. Türkiyə son 20 ildə müdafiə sənayesini əhəmiyyətli dərəcədə inkişaf etdirərək pilotsuz uçuş aparatları, hərbi gəmilər, zirehli texnika və döyüş təyyarələrinin istehsalını genişləndirib. Politoloqun təqdim etdiyi məlumatlara əsasən, Türkiyə 2012-ci ildən 2026-cı ilin ilk doqquz ayınadək təxminən 54 milyard dollarlıq müdafiə və aerokosmik məhsul ixrac edib.

Onun fikrincə, böyük maliyyə imkanlarına malik Qətər son illərdə Türkiyə istehsalı olan hərbi texnikaya üstünlük verir. İndoneziya da Türkiyənin “Atmaca” gəmi əleyhinə raketlərinin tədarükü və birgə istehsalı ilə maraqlanır. Pakistan isə Çinin dəstəyi ilə öz hərbi istehsal imkanlarını modernləşdirib.

Politoloq hesab edir ki, Qətər və İndoneziya bu əməkdaşlığa qoşulmaqla Türkiyə və Pakistanın hərbi-texniki potensialından daha geniş şəkildə faydalanmağa çalışırlar.

Elxan Şahinoğlunun qənaətinə görə, “Bədr müqaviləsi”nin əsas hədəflərindən biri imzaçı ölkələrin ABŞ istehsalı olan hərbi texnikadan asılılığını azaltmaqdır. O xatırladıb ki, bu dövlətlərin hər biri uzun illər ABŞ-dan müxtəlif növ silah və hərbi texnika alıb. Lakin müasir silah sistemlərinin əldə olunması prosesində siyasi maneələr və Konqresin qərarları ciddi rol oynayır.

Politoloq buna nümunə olaraq Türkiyənin pulunu ödədiyi F-35 qırıcılarını ABŞ-dan ala bilməməsini göstərib. Onun fikrincə, ABŞ prezidentinin satışa müsbət yanaşması belə, məsələnin həlli üçün kifayət etmir. Çünki Konqres hərbi texnikanın başqa dövlətlərə satışına mane ola bilər.

Şahinoğlu hesab edir ki, bu amillər Türkiyə, Pakistan və digər dövlətləri hərbi-texniki istehsal sahəsində alternativ əməkdaşlıq mexanizmləri yaratmağa sövq edir. Onun fikrincə, “Məkkə Sazişi” və “Bədr müqaviləsi” regionda ABŞ-ın hegemon mövqeyinin zəifləməsi tendensiyasını əks etdirir. Bu razılaşmalara yeni dövlətlərin qoşulması isə ABŞ-ın Avrasiya məkanındakı mövqelərinə təsir göstərə bilər.

Politoloq Azərbaycanın isə nə “Məkkə Sazişi”, nə də “Bədr müqaviləsi”nə qoşulduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan hərbi-texniki istehsal sahəsində çoxtərəfli bloklardan daha çox ikitərəfli əməkdaşlıq əlaqələrinə üstünlük verir.

Səfər

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh