Mikayıl Cabbarov CAREC-in Nazirlər Konfransında iştirak edib - FOTO - YENİLƏNİB
Dekabrın 7-də Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) videokonfrans formatında “COVID-19 pandemiyasından sonrakı dövrdə insan yönümlü regional əməkdaşlıq” mövzusunda 19-cu Nazirlər Konfransı keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani açılış nitqi ilə çıxış edərək Azərbaycan, Türkmənistan və Gürcüstana Lapis-lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi çərçivəsində əməkdaşlığa görə xüsusi təşəkkürünü bildirib, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında rolunu vurğulayıb.
Tədbirdə CAREC-ə üzv ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların nümayəndələri region ölkələrində iqtisadi dayanıqlılığın təmin edilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əməkdaşlığın təşviq edilməsi barədə fikirlərini bölüşüblər.
Konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov CAREC-in regional iqtisadiyyatın davamlı inkişafı üçün inklüziv əməkdaşlıq platforması olduğunu və Azərbaycanın CAREC regionu ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. İqtisadiyyat naziri COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsiri və bu təsirlərin minimallaşdırılması məqsədilə həyata keçirilən çoxşaxəli tədbirlər barədə məlumat verib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və ölkəmiz əlverişli biznes və investisiya mühitinin yaradılması, beynəlxalq ticarətin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirir. Azərbaycan həmçinin, 4-cü sənaye inqilabı üzrə təşəbbüsləri və iqtisadiyyatın rəqəmsallaşması çağırışlarını dəstəkləyir. Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, ölkəmizin haqlı mövqeyini dəstəklədiklərinə görə tərəfdaş ölkələrə minnətdarlıq edib. Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir və Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa böyük töhfə verəcək.
2021-ci ildə Azərbaycanın CAREC Proqramına 3-cü dəfə sədrlik edəcəyini qeyd edən İqtisadiyyat naziri bu müddət ərzində CAREC-in region ölkələrinin iqtisadi inkişafının təşviq edilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb.
Konfransda “CAREC 2030” Proqramının nəticələri üzrə Çərçivə Sənədi, “CAREC Turizm Strategiyası 2030” və “CAREC Gender Strategiyası 2030” sənəd layihələri və nazirlərin birgə bəyanatı qəbul edilib.
14:27
Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (Central Asia Regional Economic Cooperation - CAREC) 19-cu Nazirlər Konfransı onlayn formatda keçirilib.
APA-nın məlumatına görə, Azərbaycanı sözügedən tədbirdə ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib.
Konfransda qeyd olunub ki, sürətli rəqəmsallaşma və özəl sektorun cəlb edilməsi pandemiyadan sonra iqtisadi bərpa prosesinə dəstək verəcək, regional əməkdaşlığı sürətləndirəcək, innovasiyaları stimullaşdıracaq və ölkələrə inkişaf edən qloballaşma formalarına uyğunlaşmağa yardım edəcək.
“Dünya pandemiyadan çıxdıqca, CAREC-in yenilənmiş qloballaşma fürsətlərindən istifadə etməsini təmin etmək üçün regional əməkdaşlıq səylərimizi açıq regionalizm ruhu ilə canlandırmalıyıq”, - deyə AİB-in Prezidenti Masatsuku Asakava konfransda bildirib.
Bundan əlavə, konfransın proqramına daxil edilən “Koronavirus sonrası mühitdə insanlara yönəlmiş regional əməkdaşlıq” mövzusunda keçirilən görüşdə də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzay və CAREC-in digər üzv ölkələrindən olan nazirlər və yüksək vəzifəli şəxslər iştirak edib. Görüşə Əfqanıstanın maliyyə naziri Əbdül Hadi Arğandival və AİB-in vitse-prezidenti Şixin Çen sədrlik edib.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. Azərbaycan 2003-cü ildən CAREC Proqramının üzvüdür. Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan da proqramın iştirakçıları sırasındadır. 2001-ci ildən indiyədək CAREC ölkələri 39,2 mlrd. ABŞ dolları dəyərində 208 regional ticarət və infrastruktur layihəsi reallaşdırıb. Bunun 14,7 mlrd. dolları AİB, 15,8 mlrd. dolları digər tərəfdaşlar, 8,7 mlrd. dolları CAREC-in üzv ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilib.