Uçuş ləğv edilib və ya gecikib: Bunları bilmək vacibdir

Uçuşun gecikməsi və ya ləğvi artıq nadir hal deyil, qlobal nəqliyyat reallığının bir hissəsinə çevrilib. Aviasiya sahəsinin hava şəraitindən, hava məkanına qoyulan məhdudiyyətlərdən, hava limanlarının fəaliyyətindən və beynəlxalq logistika proseslərindən yüksək asılılığı onu müasir iqtisadiyyatın ən həssas sahələrindən birinə çevirir.
Lakin belə hal baş verdikdə sərnişinləri adətən bir sual maraqlandırır: səfər planları onlardan asılı olmayan səbəblərdən pozularsa nə etmək lazımdır, haradan, nə cür kompensasiya almaq olar?
Burada söhbət yalnız biletin dəyərinin geri qaytarılmasından deyil, həm də məlumat əldə etmək, marşrutu dəyişmək, hava limanında zəruri yardım almaq və bəzi hallarda maliyyə kompensasiyası əldə etmək imkanlarından gedir. Əksər səyahətçilər üçün formal qaydalardan əlavə, vaxtın məhdud olduğu və sonrakı planların təhlükə altına düşdüyü stresli vəziyyətdə hansı addımları atmalı olduqlarını bilmək xüsusilə vacibdir.
Müasir təcrübə göstərir ki, sərnişin öz hüquqları barədə nə qədər məlumatlı olarsa, mübahisəli məsələlərin həlli və optimal qərarın tapılması bir o qədər sürətli olur. Bir çox hallarda məhz məlumat çatışmazlığı hava limanlarında münaqişələrə səbəb olur, halbuki vaxtında verilən izahatlar gərginliyi azaltmağa və müştərilərə xidmət prosesini sürətləndirməyə imkan verir.
Hansı hallarda kompensasiya ödənilir?
Kompensasiya məsələsi birbaşa olaraq uçuşun pozulmasına səbəb olan amillə bağlıdır. Əgər gecikmə və ya ləğv aviaşirkətin nəzarət edə bilmədiyi hallardan qaynaqlanırsa, daşıyıcının maliyyə məsuliyyəti adətən sərnişinlərə xidmət göstərilməsi ilə məhdudlaşır. Belə hallara əlverişsiz hava şəraiti, hava məkanının bağlanması, o cümlədən hərbi münaqişələr və ya geosiyasi gərginlik səbəbindən tətbiq olunan məhdudiyyətlər, aviasiya hakimiyyətlərinin və dispetçer xidmətlərinin qərarları, eləcə də digər təhlükəsizlik riskləri daxildir.
Belə vəziyyətlərdə aviaşirkətlər qərarlarını kommersiya maraqlarına görə deyil, mülki aviasiyanın əsas prioriteti olan uçuş təhlükəsizliyini rəhbər tutaraq qəbul edirlər. Bəzən bu, uçuşun bir neçə saat təxirə salınması, marşrutun dəyişdirilməsi və ya vəziyyət sabitləşənədək reysin müvəqqəti ləğvi deməkdir. Bu tədbirlər sərnişinlər üçün narahatlıq yaratsa da, daha ciddi risklərin qarşısını almağa xidmət edir.
Bununla yanaşı, uçuş cədvəlinin pozulmasına görə məsuliyyətin tam və ya qismən aviaşirkətin üzərinə düşdüyü hallar da az deyil. Söhbət təşkilati gecikmələrdən, hava gəmilərinin rotasiyasındakı problemlərdən, ekipaj çatışmazlığından və ya digər əməliyyat çətinliklərindən gedə bilər. Belə hallarda bir sıra ölkələrin qanunvericiliyi sərnişinlər üçün əlavə müdafiə mexanizmləri, o cümlədən pul kompensasiyası nəzərdə tutur. Bunun ən məşhur nümunəsi uçuş gecikmələri, ləğvləri və təyyarəyə buraxılmama hallarında sərnişin hüquqlarını tənzimləyən EC 261/2004 Avropa reqlamentidir.
Lakin nəzərə almaq lazımdır ki, kompensasiya almaq imkanı təkcə gecikmə faktından deyil, onun müddətindən, marşrutdan, sərnişinin nə vaxt məlumatlandırılmasından və digər amillərdən də asılıdır. Buna görə də hər bir müraciət fərdi qaydada araşdırılır.
Kompensasiya yalnız pul deyil
Təcrübədə sərnişinlər kompensasiyanı çox vaxt yalnız birbaşa pul ödənişi kimi qəbul edirlər. Halbuki aviasiyada sərnişin hüquqlarının müdafiə sistemi bundan daha genişdir. Bir çox hallarda daşıyıcının əsas öhdəliyi pul ödəmək deyil, alternativ həll təqdim etmək olur.
Əgər uçuş uzun müddət gecikirsə, aviaşirkət sərnişinə qida, hotel yerləşdirilməsi, transfer xidməti, eləcə də başqa reysə yenidən bron etmə imkanı təqdim edə bilər. Uçuş ləğv edildikdə isə sərnişinə adətən biletin dəyərinin geri qaytarılması və ya marşrutun dəyişdirilməsi arasında seçim təklif olunur. Bu mexanizm xüsusilə vahid bilet üzrə səyahət edən tranzit sərnişinlər üçün vacibdir. Belə hallarda daşıyıcı, bir qayda olaraq, sərnişini ən yaxın mümkün marşrutla son təyinat məntəqəsinə çatdırmağa çalışır. Yəni yeni uçuş vaxtı dərhal məlum olmasa belə, sərnişinin daşınması üçün uyğun variantların axtarışı davam etdirilir.
Bir çox hallarda bu, sərnişin üçün formal maliyyə kompensasiyasından daha dəyərlidir, çünki işgüzar görüşləri, tranzit əlaqələri, məzuniyyət planlarını və digər vaxt öhdəliklərini qoruyub saxlamağa imkan verir. Müasir dövrdə vaxt çox zaman biletin dəyərindən az əhəmiyyət daşımayan resurs hesab olunur.
Uçuşun həyata keçirildiyi şəhərdə yaşayan sərnişinlərə isə reysin növbəti günə keçirilməsi barədə qərar qəbul olunana qədər hotel təqdim edilməyə bilər.
Qeyri-standart vəziyyətlərlə bağlı məsələlər aviasiya və dövlət qurumları ilə koordinasiya şəraitində həll edilir. Belə hallarda əsas prioritet uçuş təhlükəsizliyinin təmin olunmasıdır.
Hər şey aydındırsa, bəs niyə anlaşılmazlıq yaranır?
Sərnişinlərlə aviaşirkətlər arasında mübahisələrin əsas səbəblərindən biri vahid qlobal qaydaların mövcud olmamasıdır. Şərtlər uçuşun həyata keçirildiyi ölkədən, marşrutdan, biletin alınma formasından və tətbiq olunan qanunvericilikdən asılıdır. Bir yurisdiksiyada kompensasiya üçün əsas hesab edilən hal başqa bir ölkədə fərqli şəkildə şərh oluna bilər.
Bundan əlavə, gecikmənin müddəti, sərnişinin vaxtında məlumatlandırılıb-məlumatlandırılmaması, alternativ reysin olub-olmaması və problemin xarakteri kimi konkret detallar da mühüm rol oynayır. Məhz buna görə hər bir vəziyyət ayrıca araşdırılır. Aviasiyada bütün marşrutlar və bütün ölkələr üçün keçərli olan universal cavab mövcud deyil.
Bu isə o deməkdir ki, sərnişin səfərlə bağlı sənədləri, minik talonlarını və gecikmə səbəbindən yaranmış əlavə xərclərin təsdiqedici sənədlərini saxlamalıdır. Aviaşirkətə müraciət zamanı bu materiallar lazım ola bilər. Sənədlər paketi nə qədər dolğun olarsa, müraciətin baxılması da adətən bir o qədər sürətli olur.
Digər tərəfdən, müasir sərnişin daşıyıcıdan yalnız təhlükəsiz uçuş deyil, həm də qeyri-standart vəziyyətlərdə şəffaf kommunikasiya gözləyir. Müştəri uçuşun statusu, yenidən bronlaşdırma imkanları və mövcud dəstək barədə məlumatı nə qədər tez alarsa, stress və narazılıq səviyyəsi də bir o qədər aşağı olur.
Bu səbəbdən bu gün aviaşirkətin fəaliyyət keyfiyyəti getdikcə yalnız cədvələ əməl etməklə deyil, həm də nasazlıq və ya gecikmə zamanı necə davranması ilə qiymətləndirilir. Geri əlaqənin sürəti, prosedurların aydınlığı və həll yolu təklif etməyə hazırlıq marşrut şəbəkəsi və ya bort xidmətləri qədər brend reputasiyasının vacib hissəsinə çevrilib.
Beləliklə, sərnişinin yadda saxlamalı olduğu əsas məqam budur: reysin gecikməsi və ya ləğvi hər bir halda pul kompensasiyası hüququ yaratmasa da, demək olar ki, həmişə daşıyıcı müştəri qarşısında müəyyən öhdəlikləri var. Bu, məlumatlandırma, gözləmə müddətində yardım, vəsaitin geri qaytarılması və ya alternativ marşrutun təqdim edilməsi ola bilər.
Aviasiya - uçuşların həyata keçirilməsinə onlarla amilin təsir göstərdiyi mürəkkəb bir sistemdir. Lakin sərnişin öz hüquqlarını nə qədər yaxşı bilsə, aviaşirkət isə, öz növbəsində, açıq kommunikasiya qursa, hətta qeyri-standart vəziyyətdə problemlər tez və stressiz həll olunar və hər iki tərəf məmnun qalar.
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO










