Bakının getdikcə dərinləşən tıxac problemi
Öyrənək 14 Avqust 2022 14:45 Oxunub 1962
Bakının getdikcə dərinləşən tıxac problemi

Alternativ yollar çəkilmir?; “Metro şəbəkəsinin genişləndirilməsinə çox böyük imkanlar var və buna böyük ehtiyac da duyulur”

 

Son aylarda Bakıda tıxaclar daha da artıb. Hər gün paytaxt sakinləri bəzən saatlarla tıxacda qalırlar. Tıxacın daha dəhşətli olduğu yollardan biri də Bakı-Xırdalan yoludur. 1 il öncə Bakı avtovağzalının qarşısından Xırdalan dairəsinə qədər yolu bir qədər genişləndirsələr də, tıxac problemi burada həllini tapmadı.

 

Həmçinin Dərnəgül yolunda, şəhərin əksər küçə və prospektlərində günün ən müxtəlif saatlarında tıxaclar insanları təngə gətirir.

 

Ekspertlər bildirir ki, paytaxtda tıxacların əsas səbəbi alternativ yolların olmaması, olanların da bərbad vəziyyətdə olması və hərəkətin düzgün təşkil edilməməsidir.

 

Məsələn, Xırdalan, Sumqayıt istiqamətində sıxlığı azaltmaq üçün iki alternativ var - “Baksol” yolu və “Böyük şor” gölünün üzərində salınmış körpü ilə keçməklə Balaxanı-Binəqədi yolu. Bu yolların ikisi də bərbad vəziyyətdədir və dardır. Onları genişləndirmək olar.

 

Habelə, şəhərdə müxtəlif istiqamətlərdə alternativ, amma qarşısı kəsilmiş, dalana dirənən yollar var ki, onları normala salmaqla tıxacları azaltmaq olar. Bundan başqa, hərəkətin düzgün təşkili üzrə mütəxəssislər işləməlidir.

Elməddin Muradlı: “Qiymət müəyyən qədər dizel mühərrikli avtomobillərə təsir göstərə bilər”

 

Elməddin Muradlı 

 

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, müasir dövrdə əsasən yol şəbəkəsinin genişləndirilməsi, yolları söküb yenidən qurmaq və yaxud yaşıllıqları, binaları söküb yol çəkmək artıq geridə qalmış yanaşmalardır:

 

“Elə dövlətlər var ki, onların yol infrastrukturu hələ də bərbad vəziyyətdədir və ən azından qaydaya salmalıdırlar. Azərbaycan isə artıq bu periodu keçib, yəni yol şəbəkəsini genişləndirmək, inkişaf etdirmək kimi addımlar artıq geridə qalmış yanaşmadır və qeyri-mümkündür. Ola bilər ki, hansısa 1-2 küçədə mümkün olsun, lakin qeyd etdiyim kimi, bu məsələ artıq bitib. Vaxtında bu işlər nizam-intizamla aparılmayıb, əraziyə çıxıb baxmayıblar, xronometraj aparmayıblar, nəqliyyat axınının hansı istiqamətdə, hansı saatda üstün olduğu araşdırılmayıb. Ziya Məmmədov, Hacıbala Abutalıbov kabinetlərində oturub qərar veriblər ki, filan yerdə yolu genişləndirmək lazımdır. Amma nə məqsədlə, niyə genişləndirilsin, hansı istiqamətdə nəqliyyat axını güclü olacaq, bunu düşünməyiblər. Sadəcə, yaxşıca pul ”yeyiblər". Yanaşma bu formada olduğundan artıq əlavə nəsə etməyə imkan çatmır. Bakının infrastrukturu artıq tükənib.

 

Məsələn, "Sədərək" Ticarət Mərkəzindən saat 5-də çıxan sürücü “Azneft” meydanına niyə girməlidir, halbuki o, Əhmədliyə və yaxud Sabunçu tərəfə, Bakı kəndlərinə gedir? Biz o sürücünü başqa kənar yolla yönləndirə bilərikmi? Əlbəttə ki, bəli. Bakının Baş planında isə bu məsələ öz əksini tapmır. Yalnız bir neçə kənar dairəvi yol nəzərdə tutulur və bu, müxtəlif ölkələrin təcrübəsində var. Yəni şəhərin içərisindəki problemi kənar yollar çəkməklə həll edirlər.

Dünyada inkişaf etmiş ölkələrdə isə tıxacın aradan qaldırılması ilə bağlı əsas hədəf ictimai nəqliyyatı inkişaf etdirməkdir. Çox təəssüflər olsun ki, Bakıda ictimai nəqliyyatı inkişaf etdirmək əvəzinə onu məhv edirlər və bunun da başında Bakı Nəqliyyat Agentliyi dayanır. Bir vaxtlar “problemləri həll edəcəm” dedi, amma ortalıqda heç nə yoxdur. Prezidentimiz 5 il ərzində həmin quruma 715 avtobus alıb verib. Amma qurum onun 300 ədədini söküb, dağıdıb. Yəni bir avtobusu söküb, digərinə yığıb. Onlar da bunu onunla əsaslandırır ki “dövlət bizə kömək etmədi, biz də pul ala bilmədiyimizdən bir avtobusu söküb, digərinə yığırdıq”. Bu, tamamilə məntiqsiz bir əsasdır. Bəs axı özəl daşıyıcı şirkətlər var, onlar niyə öz avtobuslarını sökmədilər? Həmin özəl şirkətlər özləri öz hesabına avtobus alır, onları yaxşı vəziyyətdə saxlayır və qazanc da əldə edir.

 

Qeyd etdiyim kimi, ictimai nəqliyyatın digər alternativ növləri - trolleybus, tramvay var. Bu istiqamətdə düşünmək lazımdır.

 

Məlum məsələdir ki, pandemiya, daha sonra postpandemiya dövründə quru sərhədlərin bağlı olması, həmçinin insanların maddi vəziyyətinin əvvəlki kimi olmaması ilə bağlı insanlarımız yay istirahətini daha çox ölkə daxilində keçirməyə çalışır və yaxud paytaxtda qalır ki, bu da yayda Bakıdakı tıxacın azalmasını qeyri-mümkün etdi və azalması da bundan sonra mümkün deyil. Çünki sonra dərslər, iş mövsümü başlayacaq. Aidiyyəti qurumlar artıq indidən bu barədə düşünməlidir".

 

Ekspert bir daha qeyd edib ki, ictimai nəqliyyatın alternativ növlərinin bərpası zəruridir:

 

“Ortada dövlət proqramı var. Prezident İlham Əliyev həmin proqramı 2018-ci ilin dekabrında imzalayıb. 2019-2023-cü illəri əhatə edən proqramda ictimai nəqliyyatın digər növləri olan tramvay və trolleybus növlərinin bərpa edilməsinə baxılmalıdır. Lakin aidiyyəti qurumlardan bir səs-soraq çıxmadı, heç kim çıxıb demədi ki, bu məsələ mümkündür, ya mümkün deyil. Məsələn, Bakı kəndləri istiqamətində trolleybus və tramvay xətləri mümkündür.

 

Həmçinin metro şəbəkəsinin genişləndirilməsinə çox böyük imkanlar var və buna böyük ehtiyac da duyulur. Şərt o deyil ki, metro mütləq yerin altında olmalıdır. Bakının harasını qazırsan neft çıxır, ya da ki, qanunsuz tikililər metro şəbəkəsinin genişlənməsinə mane olur. Bununla da metronun strategiyası yoxdur, çünki zamanında düzgün siyasət yürüdülməyib, xətləri vaxtında qurmayıblar. Zamanında bu düşünülsəydi, həmin xətlərin üzərində heç bir bina tikilməzdi və imkan düşdükcə metro şəbəkəsini genişləndirmək olardı. Beləliklə, bəzi yerlərdə yeraltı, bəzilərində isə yerüstü imkanlarda istifadə edib metro şəbəkəsini genişləndirmək lazımdır".

 

Elməddin Muradlının sözlərinə görə, əgər vəziyyət bu həddi də keçsə, avtomobilləşmə daha sürətlə gedəcək:

 

“Çünki bu gün insanlar iş yerlərini itirməmək üçün özlərinə şəxsi avtomobil alırlar. Səbəb isə budur ki, ictimai nəqliyyatın vaxtında mənzil başına çatacağına inam yoxdur. İctimai nəqliyyatın pik həddində insanlar məcbur olub ”manatlıq taksi"dən istifadə edir. Həmin taksilər olmasa, vəziyyət daha da pis olar. BNA həmin “manatlıq taksi”lərə nəzir verib, dua etsin, onların “üzünü ağ” edir. Bu taksilər olmasa, sərnişin axının qarşısını almaq mümkün olmazdı. Xüsusən də Xırdalan-Abşeron, Bakı kəndləri istiqamətində bu cür taksilərə böyük ehtiyac yaranır və bu acı reallıqdır".

 

Mais Ağayev

 

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin də mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev sorğumuza cavab olaraq bildirdi:

 

“Bu günədək olan təcrübə onu göstərdi ki, əlavə yeni alternativ yolların təşkil olunması nəqliyyat sıxlığı və tıxac problemlərin həlli baxımından səmərəli deyil. Tam əksinə, bu təcrübənin tətbiq olunmasının nəticəsidir ki, bu gün şəhərimiz yaşayış üçün daha rahat, mobillik isə insanyönümlük baxımından bir qədər yumşaq desək, geridə qalıb. Ona görə də nəqliyyat sıxlıqlarının və tıxac probleminin həllinə dayanıqlı şəhər mobilliyi prinsiplərinə əsaslanan yeni alternativ yanaşma olmalıdır. Diqqət şəhər əhalisinin mobillik ehtiyaclarının qarşılanmasına yönəldilməlidir. Bakı üçün yenilik olsa da bu təcrübə xarici ölkə şəhərlərində uğurla sınaqdan keçirilib və səmərəli nəticələri də hiss edilir.

 

İlk növbədə əhali üçün aktiv mobillik imkanları yaradılmalıdır. Yəni piyada hərəkət və velosipeddən istifadə üçün uyğun infrastruktur qurulmalı və inkişaf etdirilməlidir. Bu iki növ dayanıqlı mobilliyi artırmaq üçün ən təsirli və ətraf mühiti qoruyan variantları təmsil edir. Dövlət başçısının tapşırıqları və müvafiq dövlət proqramlarından irəli gələn öhdəlikləri icra etməklə agentlik son 6 ildə hər iki istiqamətdə mühüm layihələr reallaşdırmaqdadır. Şəhərin mərkəzində və ətraf ərazilərdə yeni velosiped yolları salınır, piyada səkilərindəki maneələr aradan qaldırılmaqla piyadaların hərəkət təhlükəsizliyinin səviyyəsi artırılır".

 

Qurum əməkdaşı ictimai nəqliyyatın cəlbediciliyi ilə bağlı da danışıb:

 

“Digər bir vacib tədbir ictimai nəqliyyatla bağlıdır. İctimai nəqliyyatın cəlbediciliyi artırılmalıdır ki, insanlar şəhər daxilində səyahət edərkən fərdi avtomobilə üstünlük verməsinlər. Avtobus parkının yenilənməsi, nağdsız ödəniş sisteminin tətbiqi, sərnişidaşımalarda idarəetmənin təkmilləşdirilməsi kimi son illər həyata keçirilən tədbirlərin də əsas məqsədi ondan ibarətdir ki, insanlar daha çox ictimai nəqliyyata yönəlsinlər. Bu baxımdan zəruri olan addımlardan biri də avtobus zolaqlarının tətbiqinin genişləndirilməsidir. Zolaqların təşkili marşrut avtobuslarının səfər müddətinin təqribən 25% azalmasına və avtobusların istismar sürətinin orta hesabla 50%-ə qədər artmasına imkan verir.

 

Doğrudur, bu gün 10 küçə və prospektdə bu zolaqlar təşkil edilib. Lakin zolaqların davamsızlığı, marşrut xəttini tam əhatə etməməsi və digər sürücülərin bu zolağın tələbinə ciddi riayət etməməsi onun əhəmiyyətini azaldır. Bu səbəbdən də agentlik səlahiyyətləri çərçivəsində bu məsələdə daha səmərəli nəticələr əldə olunması üçün iş aparır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh