Narıncı və yaşıl velosipedlər - Bakıdakı yenilik şəhərə nələr vəd edir...

Yeniliklər 28 Avqust 2024 12:47 Oxunub 184
Narıncı və yaşıl velosipedlər  - Bakıdakı yenilik şəhərə nələr vəd edir...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti istifadəyə verilib. Şəhər daxilində mikromobillik vasitələrinin parklanması üçün 50-yə yaxın məntəqədə xüsusi konstruksiyalar quraşdırılıb. Velosipedlərin kirayə qaydası barədə məlumat lövhələri də həmin məntəqələrdə yerləşdirilib. Bu lövhələrdə QR-kodlar vasitəsilə proqram təminatına keçid edərək, velosipedlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi mümkün olacaq. Eyni zamanda, tətbiq vasitəsilə ən yaxın parklanma yerlərini də görmək mümkündür.

Bakı şəhərində velosiped istifadəsi üçün yaradılmış infrastruktur daha təmiz şəhər mühitinə və sağlam cəmiyyətin formalaşmasına töhfə verir. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərdə ilk mərhələdə 10 km-dən artıq davamlı mikromobillik zolağı təşkil edilib. Həmçinin, müvafiq nişanlanma işləri aparılıb, yol nişanları quraşdırılıb, panduslar inşa olunub və təhlükəsizlik sədləri quraşdırılıb. İşıqfor dirəklərində velosiped bölmələrinin quraşdırılması işləri isə davam etdirilir.

Bəs bu cür şirkətlərin fəaliyyəti hansı perspektivlərə əsaslanmalıdır ki, uğurlu olsun?

Şəhərsalma üzrə ekspert Anar Əliyev açıqlamasında şəhərimizin ilk veloicarə şirkəti olan “Apar”ın fəaliyyətini müsbət qiymətləndirib.

“Son bir il ərzində Bakıda velosiped zolaqlarının salınması bu cür şirkətin yaranmasına əsas verib. Təbii ki, ümumi şəhər şəbəkəsinə görə bu say daha da çoxaldılmalıdır. Velosiped yollarının genişləndirilməsi və təhlikəsizliyinin təşkili fonunda istər velosiped, istərsə də skuterlərin icarəsinin genişlənməsi üçün şərait yaranacaq. Mütləq bu cür şirkətlərin yaradılması ilə paralel olaraq, onların istifadəsi üçün salınacaq velosiped zolaqlarının sayı da çoxaldılmalı və bu, təkcə Bakı şəhərinin mərkəzi küçələri ilə kifayyətlənməməli, ümumilikdə ətraf əraziləri də əhatə etməlidir. Aparılan müqayisələr onu deməyə əsas verir ki, paytaxtımızda skuterə üstünlük verənlərin sayı velosipedə üstünlük verənlərə nisbətən daha çoxdur. Təbii ki, bu da anlaşılandır, çünki skuterlərin istifadəsi daha rahatdır və əlavə fiziki güc tələb etmir. Bu perspektivlər də analiz edilməli və şirkətin gələcək fəaliyyətində nəzərə alınmalıdır”. 

Ekspert velosiped və skuterlərin kirayəsi üçün tələb olunan qiymətlərdən də danışıb.

“Yaxşı tendensiyalardan biri də odur ki, şirkət istifadəçilərə aylıq abunə haqqı təklif edir. Bu da qiymətləri daha əlverişli hala gətirir və bu təkliflər sayəsində istifadəçilərdə stimul artır. Onu da qeyd edim ki, istənilən biznes sahəsində olduğu kimi, burada da rəqabət mühiti yaradılmalıdır ki, inkişaf daha çox olsun”, - deyə o bildirib.

“Apar” şirkəti istifadəçilərə iki tip velosipeddən istifadə imkanı yaradıb. Narıncı rəngli - elektiriklə istifadə olunan və yaşıl rəngli - adi velosipedlər. Yaşıl velosipedləri aktivləşdirmək üçün 40 qəpik ödəniş edilir və hər dəqiqəsi 4 qəpiklə hesablanır, elektrikli velosipedləri aktivləşdirmək üçün isə 1.20 qəpik, hər dəqiqəsi üçün isə 12 qəpik ödənilməlidir. Eyni zamanda, aylıq abunə haqqından istifadə etmək mümkündür. Sadə velosipedlər üçün ayda 12 manat ödəməklə 30 gün ərzində, hər gün 10 dəfə velosipedi aktivləşdirərək, 60 dəqiqəlik müddətdə istifadə edə bilərsiniz. Elektrikli velosipedlərdə isə aylıq abunə haqqı 36 manat təşkil edir.

(modern.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh