Xırdalan və Hövsana gedən avtobusları qadın sürücülər idarə edəcək – RƏSMİ AÇIQLAMA - VİDEO

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, proqram çərçivəsində qadın namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.
Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib. Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunublar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edib.
İştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından da keçiblər.
Xanım namizədlər “BakuBus” MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinə, psixoloji qiymətləndirmə və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələləri uğurla tamamladıqdan sonra onlar “BakuBus” MMC-də sürücü kimi rəsmi şəkildə işə qəbul olunublar.
Bu gündən etibarən fəaliyyətə başlayan qadın sürücü Xalidə Səmədovanın sğözlərinə görə, onlara təlim müddətində həm psixoloji, həm də praktiki hazırlıqlar keçirilib:
“Mən bu şəraiti yaratdığına görə hər iki quruma öz minnətdarlığımı bildirirəm. Vətəndaşlara xidmət göstərmək üçün bütün təlimlərdən, hazırlıq proseslərindən keçmişik. Düşünürəm ki, sərnişinlər də bundan sonra sükan arxasında xanım sürücülər olduğuna görə daha nəzakətli davranacaqlar. Bundan əvvəl 15 illik sürücü təcrübım olub”
İşə qəbul mərhələsində xanımlar üçün “Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük” təlimi də təşkil edilib. Təlim zamanı sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial təhlükə situasiyalarına düzgün reaksiya, fövqəladə manevr bacarıqları və təhlükəsiz hərəkət prinsipləri öyrədilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov Avtosfer.az-a açıqlamasında deyib ki, təlim müddətində yerüstü nəqliyyat agentliyinin tədris-təlim mərkəzinin mütəxəssisləri tərəfindən onlara nəinki sürücülük vərdişləri, eləcə də davranış qaydaları, ünsiyyət bacarığı və təhlükəsizlik mövzuları aşılanıb.
“Sürücülər, həmçinin dayanıb-durma qaydaları, manevretmə, müxtəlif yol qəza-riskinin minimuma endirilməsi barədə xüsusi tapşırıqları yerinə yetiriblər. Bundan başqa, onlar üçün tərtib olunmuş marşrut üzrə sınaq yürüşləri də həyata keçirilib, peşəkar sürücülər kimi “BakuBus” MMC-yə müraciət edərək işlə təmin olunublar. İki xanım artıq bu gündən fəaliyyətə başlayıb. Yaxın zamanda isə daha bir sürücü qadın “BakuBus”un əməkdaşı kimi işə başlayacaq”.
“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, qadınların ictimai nəqliyyat sektorunda sürücü kimi fəaliyyətə cəlb olunması layihəsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil olunan təlimləri uğurla başa vuran xanım namizədlər “BakuBus” MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət etdilər.
“İşə qəbul prosesində namizədlər tibbi müayinədən, psixoloji qiymətləndirmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçdilər. Bütün mərhələləri uğurla tamamlayan xanım namizədlər artıq rəsmi şəkildə “BakuBus” MMC-də işə qəbul olunublar. İşə qəbul prosesində namizədlərə təhlükəsiz idarəetmə təlimi də təşkil olundu. Qadın sürücülərə ilkin dövrlərdə təcrübəli mentor sürücüləri dəstək göstərəcək. Xanım sürücülər ilkin mərhələdə 140 və 121 marşrut xətlərində fəaliyyət göstərəcəklər. Sürücülərimiz təlimlərdən sonra bu məsuliyyətli peşəyə yiyələnməyə tam hazırdırlar”, - deyə Ə.Əliyeva vurğulayıb.
Səfər













