Banner

Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA

Yeniliklər 13 Noyabr 2026 13:41
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycan dilinin Orfoqrafiya lüğətinin yenilənməsi və mövcud orfoqrafiya qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, yeni lüğətin 2026-cı ilin sonuna qədər hazır olması gözlənilir. Azərbaycan dilinin orfoqrafiya lüğəti indiyədək 1975, 2004, 2013 və 2021-ci illərdə nəşr olunub. Qanunvericiliyə və mövcud dilçilik normalarına əsasən, lüğət ən geci beş ildən bir yenilənməli və yenidən nəşr olunmalıdır. Türkdilli dövlətlər arasında ilk dəfə Azərbaycanda orfoqrafiya lüğətinin süni intellektin imkanlarından istifadə edilməklə hazırlanması nəzərdə tutulur. 

Bəs yeni Orfoqrafiya lüğətində əvvəlki nəşrlə müqayisədə hansı əsas yeniliklər olacaq və hansı sözlərin yazılışında dəyişikliklər gözlənilir?
Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, dosent Elçin İsmayılov Avtosfer.az-a açıqlamasında bildirib ki, gələn il nəşr olunması gözlənilən lüğətdə sözlərin sayının əvvəlki nəşrlə müqayisədə iki dəfədən çox artırılması nəzərdə tutulub:

"Lüğət süni intellekt tərəfindən hazırlanmır. Dil korpusu Azərbaycan Respublikasında istifadə olunan və qeydiyyata alınan bütün sözlərin toplusudur. Həmin fondda toplanan sözlər elektron informasiya vasitələri vasitəsilə əldə edilərək bir-biri ilə üzləşdirilir. İşlənmə tezliyi yüksək olan sözlər lüğətə salınır, yalnız bir-iki dəfə istifadə olunan və dildə geniş yayılmayan sözlər isə hələ vətəndaşlıq hüququ qazanmadığı üçün lüğətə daxil edilmir. Bəzi sözlərdə edilən dəyişikliklər orfoqrafiya normaları ilə bağlıdır. Buraya sözlərin bir hərflə yazılması və ya həmin hərfin yazılışdan çıxarılması, qoşa samitlərlə bağlı məsələlər daxildir. Lüğətin hazırlanması zamanı əsas götürülən prinsiplər nəşrin giriş hissəsində ayrıca bölmədə təqdim olunur".
Dosent əlavə olaraq qeyd edib ki, 500 mindən çox söz təhlil edilib və onların təxminən yarısının yeni orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulur:

"Bütün sözlərin lüğətə salınması planlaşdırılmır. İnstitutumuzda dilimizin saflaşdırılması, təmizlənməsi, türkcəmizin inkişafı ilə bağlı da tədbirlər görülür. Amma bu tədbirlər inqilabi xarakter daşımır. Tədricən köhnələn, arxaikləşən sözlər dilimizdən uzaqlaşdırılır, onların yerinə populyar sözlər gəlir. Elmin və texnologiyanın inkişafı ilə yaranan yeni sözlər ya yarandığı ölkənin dilindən daxil olur, ya da  onların əvəzinə dilimizdəki uyğun sözlərdən istifadə edilir. Dilimizin zənginləşməsi prosesi davamlı xarakter daşıyır və Dilçilik İnstitutu da bu prosesin istiqamətləndirilməsində mühüm rol oynayır".

Züleyxa

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh