Alman avtomobil sənayesi çöküş astanasında: Əfsanəvi brendlər niyə mövqelərini itirir?

Onilliklər boyu etibarlılığın və texnoloji üstünlüyün simvolu sayılan Alman avtomobil sənayesi bu gün dərin böhranla üz-üzədir. Səbəblər arasında istehsal xərclərinin yüksəkliyi, innovasiyaların itirilməsi və Çin kimi ölkələrin elektroavtomobil bazarında liderliyidir. Avtosfer.az "Qayanrinfo"ya istinadən xəbər verir ki, bu barədə UNIAN agentliyinə açıqlamasında "Luaz Motor" şirkətinin baş direktoru Vadim İqnatov məlumat verib.
2025-ci ilin ikinci rübündə "Volkswagen" şirkətinin mənfəəti 36,3% azalaraq 2,3 milyard avroya düşüb. Şirkət 2030-cu ilə qədər 35 min iş yerinin ixtisarını planlaşdırır. Xüsusilə "Audi" və "Porsche" brendləri ciddi itkilərlə üzləşib:
"Audi": Mənfəət 50% azalaraq 1,35 milyard avroya düşüb, avtomobil tədarükləri isə 5,9% azalıb. Şirkət 7,5 min işçini ixtisar etməklə ildə 1 milyard avro qənaət etməyi planlaşdırır. "Porsche": ABŞ-ın tətbiq etdiyi rüsumlara görə 400 milyon avro itirib və 1,9 min əməkdaşın ixtisarını nəzərdən keçirir. "Mercedes-Benz": Mənfəət 55,8% azalaraq 2,7 milyard avroya düşüb. Şirkət işçilərə 500 min avroya qədər könüllü təzminat təklif edərək kadr ixtisarına gedir.
İqnatova görə, Alman avtomobil nəhəngləri zamanında elektromobil sektoruna keçidi düzgün dəyərləndirməyiblər və bu, onların rəqabətə davam gətirməməsinə səbəb olub:
"Onlar yeni modellər təqdim edə bilmirlər, bəzi hallarda isə Çindən hazır platformalar alırlar".
Əlavə olaraq, Almaniyada enerji qiymətlərinin artması və atom elektrik stansiyalarının bağlanması, istehsalın maya dəyərini artırıb. Alman avtomobil zavodlarında hələ də yüksək maaşlı işçilərin əli ilə çoxlu sayda əməliyyat yerinə yetirilir, bu isə istehsalın avtomatlaşdırılması baxımından Çindən geri qalmağa səbəb olub. Avropada avtomobil satışları düşməkdədir. Dizel və benzinlə işləyən avtomobillərə tələbat kəskin azalıb. Əvəzində elektroavtomobillərin satışı 22% artıb. Amma alman istehsalçılar elektroavtomobilləri kifayət qədər sərfəli qiymətə təqdim edə bilmirlər. Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər Alman şirkətlərinin Amerika bazarında da sıxışdırılmasına səbəb olub. Çin bazarında isə alman avtomobilləri artıq əvvəlki kimi populyar deyil.
* BMW fərqli yol seçərək "Neue Klasse" adlı yeni elektroavtomobil platformasına fokuslanır.
* "Mercedes-Benz" və "Audi" gələcəyə dair aydın strategiya ortaya qoya bilmir, bazar payını sürətlə itirirlər.
* "Porsche" isə elektromobillərə keçidlə bağlı ziddiyyətli qərarlarla alıcıları çaşdırır: elektrik modellər pis satılır, benzin modellərinin gələcəyi isə qeyri-müəyyəndir.
Ekspertlərin fikrincə, Alman avtomobil istehsalçıları öz mövqelərini artıq dünya miqyasında əhəmiyyətli dərəcədə itiriblər:
"Alman avtomobilləri bir vaxtlar texnologiya və etibarlılıq nümunəsi idi. İndi isə bu sahədə onları Çin və Yapon avtomobilləri qabaqlayır".
Ən əsası, sənaye köhnə model idarəetmə yanaşmalarına əsaslanmağa davam edir. Əvvəllər uğurlu olan "eyni dizaynın illərlə tətbiqi" strategiyası artıq işlək deyil. Müasir bazar daha çevik və innovativ yanaşmalar tələb edir.
Qeyd: 2025-ci ilin iyun ayında Avropada yeni avtomobil satışları son 10 ayda ən kəskin enişi göstərib. Ən böyük düşüş Almaniyada qeydə alınıb. Eyni zamanda "Mercedes-Benz" ABŞ-da istehsal sahələrini dəyişmək məcburiyyətində qalıb.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










