«Arzularımız yarımçıq qalmasın...» - ADA Universitetindən təsirli VİDEO
ADA Universitetində yol hərəkətinin təhlükəsizliyi mövzusunda «Arzularımız yarımçıq qalmasın...» videoçarxının təqdimat mərasimi keçirilib. Avtosfer.az xəbər verir ki, noyabrın üçüncü bazar günü qeyd edilən Ümumdünya yol qəzaları qurbanlarının xatirə Gününə təsadüf edən tədbirdə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, universitetin professor, müəllim, rəhbər heyəti və tələbələr iştirak ediblər.
Xarici işlər nazirinin müavini, universitetin rektoru, professor Hafiz Paşayev tələbə layihəsinin əhəmiyyətini yüksək qiymətləndirərək cəmiyyətdə ictimai məsuliyyət hissinin əhəmiyyətindən və mövzunun aktuallığından danışıb. Vurğulanıb ki, insan öz həyat tərzini düşünərkən cəmiyyətin qanunlarına rəğbətlə yanaşmalı, məsuliyyətli olmalıdır ki, başqasının hüququ pozulmasın. Universitetdə ictimai məsuliyyət üzrə tələbələrə tədris olunan proqramın əsas məqsədinə toxunan Hafiz Paşayev gəncləri cəmiyyətin həyatında yaxından iştirak etməyə çağırıb.
Universitetin “Biznesin idarə edilməsi” fakültəsinin ikinci kurs tələbəsi, layihənin ideya müəllifi, Ülkər Kərimli təqdimatla çıxış edib. Ülkər Kərimli qeyd edib ki, insanların ictimai təhlükəsizliyinə kölgə salan hallara qarşı cəmiyyətin hər bir üzvü məsulliyətli olmalı, ictimai qaydaya əməl etməlidir ki, arzular yarım qalmasın, insan taleləri hədər olmasın. Ülkər Kərimli diqqətə çatdırıb ki, ictimai məsuliyyət yaradan bu layihənin həyata keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində hərəkət iştirakçıları öz məsuliyyətini dərk etsinlər.
Tədbirdə iki yüzə yaxın tələbə arasında keçirilən sorğu, gənclərin yol-nəqliyyat hadisələri barədə məlumatları və davranışları barədə toplanan statistik nəticələr nümayiş olunub.
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tələbə tərəfindən irəli sürülüb gerçəyə çevrilən bu ideyanın mahiyyətini təhlil edərək, yollarda yaranan vəziyyətin daha çox sürücü və piyada məsuliyyəti ilə bağlı olduğuna toxunaraq bildirib ki, əsas diqqət təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilib. Burada tək yol polisi yox, həm də cəmiyyətin hər bir üzvü – hərəkət iştirakçısı üzərinə düşən məsuliyyəti dərk etməlidir. Polis polkovniki vurğulayıb ki, yollarda hadisələrin əksəriyyəti yüksək sürət, piyadaların avtomobillərlə vurulması, yol ayrıclarından keçmə, ötmə və manevr qaydalarının pozulması səbəbindən baş verir.
Universitetin aparat rəhbəri Şəfəq Mehrəliyeva cəmiyyətdə ictimai məsuliyyətin dərinləşməsində tələbə ideyasının aktuallığına diqqəti yönəldib. O, bildirib ki, hər bir vətəndaş ictimai mövqeyindən asılı olmayaraq, cəmiyyəti narahat edən hallara qarşı mübarizəyə səy göstərməlidir.
Tədbirdə “Biznesin idarə edilməsi” fakültəsinin ikinci kurs tələbəsi Ülkər Kərimli və komanda üzvləri – “İqtisadiyyat” və “Dövlət və ictimai münasibətlər” fakültələrinin tələbələri Ülvi Mütəllimov, Aydan Baxşəliyeva, Lalə Namazova, Mətanət Əkbərli, Sadıq Səlimzadənin layihənin işlənməsində səyləri yüksək qiymətləndirilib. Vurğulanıb ki, istedadlı tələbələrin fəallığı ilə çəkilən ekran əsərinin dramaturji konsepsiyası insanların emosiyalarına toxunmaqla onlara daha məsuliyyətli yaşamağı aşılamaqdır.
Tədbirdə layihənin təşkili və hazırlanmasında göstərdiyi dəstəyə görə, Bakı Şəhər BPİ DYPİ, “BakuBus” MMC, “Jam Media Azerbaijan”, “Marshall Studios”, “10P Marketing Agency” qurumlarına minnətdarlıq ifadə olunub.
Sonda tələbləri maraqlandıran suallar cavablandırılıb.
Elmin