Avtomobil alarkən BU TƏLƏYƏ düşməyin!

Avtoxəbər 23 Sentyabr 2026 23:33
Avtomobil alarkən BU TƏLƏYƏ düşməyin!
WhatsApp kanalımıza abunə olun

Bazarda eyni marka, model və buraxılış ilinə aid avtomobillər arasında ciddi qiymət fərqinin olması alıcıları düşündürən əsas məsələlərdən biridir. Daha ucuz avtomobil almaq istəyənlər isə bəzən sonradan gözlənilməz təmir xərcləri ilə üzləşə bilirlər.

Bəs avtomobilin qiymətini hansı amillər müəyyənləşdirir və ikinci əl maşın alarkən nələrə diqqət etmək lazımdır?

Avtosfer.az xəbər verir ki, avtomobil mütəxəssisi Ramil Əliyevin Hafta.az-a açıqlamasına görə, avtomobillər arasındakı qiymət fərqinə komplektasiya, istifadə olunan materialların keyfiyyəti, komfort avadanlıqları və digər texniki xüsusiyyətlər təsir edir.

“Avtomobillərdə qiymət fərqi sükanın dərisindən tutmuş təkərin keyfiyyətinə, materialına, ömrünə və digər xüsusiyyətlərə qədər müəyyən olunur. Plastik, salonda istifadə olunan dəri, oturacaqlar, qapı üzlükləri, komfort yaradan əlavələr və ümumilikdə komplektasiya avtomobilin qiymətinə təsir göstərir. Tam komplektasiyalı avtomobillər daha baha, sadə komplektasiyalı avtomobillər isə daha ucuz olur”, – deyə mütəxəssis bildirib.

Ramil Əliyev qeyd edib ki, eyni markanın daha ucuz komplektasiyasının alınması mütləq ciddi texniki risk demək deyil. Lakin belə avtomobillərdə səs və keyfiyyət izolyasiyası, hermetiklik və komfort baxımından müəyyən çatışmazlıqlar ola bilər.

Mütəxəssis ikinci əl avtomobil almaq istəyənlərə əsas texniki hissələri əvvəlcədən yoxlatdırmağı tövsiyə edib.

Onun sözlərinə görə, avtomobilin mühərriki, ötürücülər qutusu, ön və arxa körpüsü, həmçinin elektron sistemləri mütləq diaqnostikadan keçirilməlidir:

“İkinci əl avtomobil həm mexaniki, həm texniki, həm də elektron diaqnostikadan keçirilməlidir. Yoxlanış zamanı mövcud defektlər aşkar edilməlidir. Çünki ikinci əl avtomobillərdə müəyyən qüsurların olması mümkündür. Bu defektlər müəyyənləşdirilib aradan qaldırıldıqdan sonra avtomobili idarə etmək daha düzgün yanaşmadır”.

Ramil Əliyev ikinci əl avtomobil bazarında qəza tarixçəsinin gizlədilməsi və yürüş göstəricisinin dəyişdirilməsi hallarına da diqqət çəkib.

“Qəzası gizlədilmiş və yürüşü dəyişdirilmiş avtomobilləri alıcıya çox yaxşı vəziyyətdə təqdim edə bilirlər. Yürüş göstəricisi dəyişdirilir, qəzanın izləri ört-basdır edilməyə çalışılır. Buna görə də alıcı diqqətli olmalıdır”, – deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, avtomobilin real yürüşünü müəyyənləşdirmək üçün müxtəlif üsullardan istifadə etmək mümkündür. Bəzi avtomobillərdə yürüş göstəricisi elektron diaqnostika vasitəsilə müəyyən edilir. Digər hallarda isə avtomobilin istifadə zamanı daha çox sürtünən və işlənən hissələrinin vəziyyəti mütəxəssisə maşının real yürüşü barədə təsəvvür yarada bilər.

Mütəxəssis hesab edir ki, bu səbəbdən ikinci əl avtomobil alarkən mütləq peşəkar mütəxəssisə müraciət etmək lazımdır.

“Avtomobili aldıqdan sonra da profilaktik yoxlamalar aparılmalıdır. Mühərrik yağı və digər mayelər dəyişdirilməli, şlanqların və digər hissələrin vəziyyəti yoxlanılmalıdır. Ümumi baxış zamanı hər hansı hissədə şübhəli vəziyyət aşkarlanarsa, həmin problem aradan qaldırılmalıdır”, – deyə Ramil Əliyev əlavə edib.

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh