Banner

Avtomobil bazarında "Çin tapmacası" - Qiymətlər niyə artmır?

Avtoxəbər 18 Fevral 2026 21:36
Avtomobil bazarında "Çin tapmacası" - Qiymətlər niyə artmır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gömrük güzəştlərinin ləğvindən sonra avtomobil bazarında qiymət artımı gözlənilsə də, yeni olan, xüsusilə də Çindən gətirilən avtomobillərin qiymətində bu artım ya hiss olunmur, ya da çox məhdud qalır. Rüsumların tətbiqi idxal xərclərini yüksəltsə də, satış qiymətlərinin eyni templə bahalaşmaması bazarda diqqətçəkən vəziyyət yaradıb. Ötən ilin sonunda alıcılar və bazar iştirakçıları hesab edirdilər ki, yeni qaydalar qüvvəyə mindikdən sonra qiymətlər kəskin şəkildə artacaq. Lakin faktiki vəziyyət gözləntilərlə üst-üstə düşmür. Bu vəziyyət avtomobil bazarında qiymətlərin necə formalaşdığı, idxal xərclərinin satış qiymətinə hansı mexanizmlə ötürüldüyü və satıcıların hansı strategiyanı seçdiyi ilə bağlı suallar doğurub.

Bəs gömrük güzəştlərinin ləğvindən sonra idxal xərcləri artdığı halda, bəzi yeni Çin avtomobillərinin qiyməti niyə artmayıb və ya cüzi artıb?

Avtosfer.az xəbər verir ki, bu haqda "Sfera.az"a açıqlama verən sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli burada bir neçə faktorun olduğunu bildirib:

“Birincisi, Çin avtomobillərini idxal edən yerli şirkətlərimiz istehsalçılarla qiymət məsələsində razılaşma əldə edə bilərlər. Məsələn, nəqliyyat vasitələrinin bir qədər aşağı qiymətlə alınması barədə razılaşa bilərlər. Bu cür razılaşma istehsalçı Çin şirkətinin də marağına uyğundur, çünki bu halda daha çox avtomobili bazara çıxarıb sata bilərlər. Öz müştərilərini itirməmək naminə istehsalçı şirkət yeni qaydalar qəbul olunduqdan sonra qiymətdə güzəştlərə gedə bilər.
İkinci faktor ondan ibarətdir ki, 2024-cü ilin (mətnin daxili məntiqinə görə — red.) sonlarında Azərbaycan iş adamları Çindən çoxlu sayda avtomobil idxal etmişdilər və onlar hazırda anbarlardadır. Təklifin çox olması ilə əlaqədar olaraq qiymətlərdə nəzərəçarpan artım yoxdur. Ona görə də həmin avtomobillər əvvəlki aşağı qiymətlərlə satışa çıxarılır ki, ən azından vəsaitləri nağdlaşdıra bilsinlər”.

Ekspert üçüncü faktorun isə komplektasiya məsələləri ilə bağlı olduğunu qeyd edib:

“Ola bilər ki, komplektasiyalarda müəyyən fərqlər yaransın. Məsələn, zavodla razılaşıb bəzi təchizat elementlərində ixtisarlara gedərək daha aşağı qiymətli variantlar sifariş edilə bilər. Bir də ki, biz idxalçı şirkətin əvvəllər nə qədər marja ilə işlədiyini bilmirik. Ola bilər ki, əvvəllər 45 faiz qazanc qoyurdularsa, indi rüsumların artması fonunda öz mənfəət paylarını 10-15 faizə endiriblər. Beləliklə, gömrük fərqini öz qazancları hesabına kompensasiya edirlər. Burada da əsas hədəf daha rəqabətli qiymət təklif edib satış həcmini qorumaqdır”.

Məsələ ilə bağlı açıqlama verən avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlunun sözlərinə əsasən, avtomobil qiymətlərinin artmaması gözlənilən idi:

“Çünki keçən ilin sonunda kifayət qədər çox avtomobil gətirildi. Üstəlik, son aylarda artıq məlum olanda ki, güzəştlər ləğv olunacaq, biz onda da dedik ki, o artımı bazar tənzimləyəcək. Qiymətlərə təsir edən əsas faktorlardan biri də alıcıdır. Alıcı olmayanda qiymətlər artmır. Ötən ilin sonlarında çox avtomobil gətirilməsində əsas məqsəd o idi ki, qiymətlər artacaq və yüksək qiymətə sataraq daha çox gəlir əldə edəcəklər. Amma indi görünür ki, sahibkarlar avtomobilləri bir az tez satmağa çalışırlar və buna görə də qiymətlər o qədər də artmadı. Tədricən ola bilər, bunu da nə qədər gözləyəcəklər, maraqlısı odur”.

Ekspert avtomobil bazarında vəziyyətin ikinci rübdən tədricən aydınlaşacağını da qeyd etdi:
“Gömrük məlumatlarına əsasən, yanvar ayı ərzində ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin yanvarı ilə müqayisədə demək olar ki, azalmayıb. Əksinə, hibrid avtomobillərin idxal sayında artım müşahidə edilib. Artımın olması ötənilki sifarişlərin çox olması ilə bağlı ola bilər. Mümkündür ki, ötən il sifariş edilən avtomobillərin bəziləri yanvarda Azərbaycana çatdırılsın. Fevral və mart məlumatlarında idxal vəziyyətini daha yaxşı anlayacağıq. Bazarda hələ də təklifin tələbdən çox olması müşahidə edilir. Belə vəziyyətdə qiymət artımı çətin olur. İdxal azalarsa, tədricən qiymətlərdə artım olacaq”.

Oxunub 222
ŞƏRH YAZ
Ad

E-mail

Şərh