Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

Avtoxəbər 11 Avqust 2026 13:53
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
WhatsApp kanalımıza abunə olun

Yaxın vaxtlarda kasko sığortası ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.

Bəs kasko sığortası alan sürücü qəza törətdikdə sığorta şirkəti hansı hallarda “pulu mən yox, sən ödəməlisən” deyə bilər? Yeni qaydalar bu kimi mübahisələrin qarşısını həqiqətən ala biləcəkmi?

Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan sığorta mütəxəssisi Nicat Əlibəyli bildirib ki, kasko könüllü sığorta növü olduğundan, tərəflər arasındakı münasibətlər birbaşa müqavilə və sığorta qaydaları ilə tənzimlənir:

“Qanunvericiliyə və standart şərtlərə əsasən, sığorta şirkətlərinin zərəri ödəməkdən imtina etmək hüququna malik olduğu əsas hallar bunlardır:

Sərxoşluq və ya narkotik vasitələrin təsiri – sürücü qəza baş verdiyi zaman spirtli içki, narkotik və ya digər psixotrop maddələrin təsiri altında olduqda;

Sürücülük hüququnun olmaması – sükan arxasında olan şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadıqda və ya sürücülük hüququ məhdudlaşdırıldıqda;

Qəzanın qəsdən törədilməsi – sığortalının qəzanı qəsdən törətdiyi sübut olunduqda;

Müqavilə şərtlərinin pozulması – məsələn, avtomobil müqavilədə nəzərdə tutulmayan şəxs tərəfindən idarə edildikdə və ya hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verilmədikdə”.

Mütəxəssis deyib ki, sığorta şirkətləri heç bir halda məsuliyyətsizliyin və ya qayda pozuntularının maliyyə qalxanına çevrilməməlidir:

“Sığorta mübahisələrinin əsas səbəblərindən biri də zəmanətli təmir və ya dəymiş zərərin pulla ödənilməsi zamanı ehtiyat hissələrinin qiymətlərinin subyektiv şəkildə müəyyənləşdirilməsidir. Hazırda müxtəlif mağazalar və rəsmi servis mərkəzləri eyni detal üçün tamamilə fərqli qiymətlər təqdim edirlər. Bu da sığorta şirkətlərinin “biz bu qədər ödəyirik”, sürücülərin isə “bazar qiyməti qat-qat bahadır” şikayətlərinə yol açır.

Beynəlxalq təcrübəyə uyğunlaşma və şəffaflığın təmin edilməsi çərçivəsində qarşıya qoyulan əsas hədəflərdən biri də avtomobil ehtiyat hissələrinin qiymətlərinin vahid reyestrinin və ya elektron bazasının yaradılmasıdır. Əgər bu mexanizm tam işlək vəziyyətə gətirilərsə, Azərbaycanda avtomobil sığortasında müasir zərər qiymətləndirmə sistemlərinin tətbiqi zərərlərin daha dəqiq, şəffaf və standartlaşdırılmış şəkildə qiymətləndirilməsinə imkan verə bilər. Almaniya və Avropa İttifaqı ölkələrində istifadə olunan SilverDAT və Audatex kimi sistemlər buna nümunədir.

Belə sistemlər: insan amilindən və subyektiv yanaşmadan asılılığı azalda bilər;

təmir xərclərinin daha dəqiq hesablanmasını təmin edə bilər;

sığorta şirkəti ilə müştəri arasında mübahisələri azalda bilər;

qiymətləndirmə prosesini sürətləndirə bilər;

saxtakarlıq və əsassız ödəniş risklərinin qarşısının alınmasına kömək edə bilər.

Azərbaycanda da Mərkəzi Bankın sığorta sektorunu beynəlxalq prinsiplərə uyğunlaşdırmaq istiqamətində atdığı addımların əsas məqsədlərindən birinin məhz belə şəffaf və rəqəmsal qiymət bazalarının formalaşdırılması olduğunu düşünürəm. Bu, hər bir servis və ya mağazada fərqli qiymət siyasətinin tətbiq edilməsinin qarşısını almağa və sığorta ödənişlərinin tam şəffaf rəqəmlər əsasında hesablanmasına imkan verə bilər”.

 

Oxunub : 290
ŞƏRH YAZ
Ad

E-mail

Şərh