Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA

Avtoxəbər 12 Avqust 2026 11:14
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Bu gün nəqliyyat sahəsində narahatlıq doğuran məsələlərdən biri də minik avtomobillərinə EKO qaz (LPG) sistemlərinin quraşdırılmasıdır. LPG qaz avtomobil yanacağı sərfiyyat baxımından əlverişli olsa da, təhlükəsizlik baxımından suallar yaradır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı İqtisadiyyat.az-a bildirib ki, minik avtomobillərinə qaz sistemlərinin quraşdırılması qanunla qadağan olunan bir hal deyil:

“Sadəcə burada bir incə məqam var ki, quraşdırmadan əvvəl mütləq Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində texniki şöbəyə müraciət eləmək lazımdır. Ərizə ilə müraciət olunur və ərizəyə baxılıb cavab verilir ki, bu avtomobilə EKO qaz (LPG) sisteminin quraşdırılması uyğundur, yoхsa uyğun deyil. Bilirsiniz ki, kuzovu açıq olan nəqliyyat vasitələrində bu, qadağandır. Digər nəqliyyat vasitələrində də bu qadağan oluna bilər, ancaq, texniki vəziyyət mütləq dəyərləndirilməlidir və müəyyən olunmalıdır ki, hansı halda qadağaya gətirib çıxara bilər”. 

İndiki halda avtomobili bu yanacaq növü ilə idarə etməyin bir problemin olmadığını söyləyən ekspert bildirib ki, hazırda da bir çox sürücülər bundan səmərəli şəkildə istifadə edir:

“Sadəcə problem odur ki, ucuz başa gəlsin deyə, sürücülər kustar üsulla hazırlanan variantlara daha çox üstünlük verirlər.

Bax, bu təhlükəlidir, buna getmək olmaz. Mümkün qədər təminatlı yerlərə getmək, onların xidmətindən istifadə etmək lazımdır. Çünki ucuz başa gəlir deyə sonradan partlayışlar, yanğınlar və yaxud da qaz sızmaları kimi hallar baş verir və yaxud da qaz balonunu təhlükəsiz şəkildə quraşdırmırlar, düzgün izolyasiya olunmuş qaz balonları qoyulmur. Bax, bu cür neqativ hallar çıxır ortalığa. Ona görə, düşünürəm ki, təminatlı və peşəkar qaz quraşdırma məntəqələrindən istifadə etmək lazımdır. Onların xidməti daha zəmanətlidir və keyfiyyətlidir. Düşünürəm ki, bu çox önəmli bir məsələdir, ciddi yanaşılmalıdır, çünki burada risk böyükdür”.

Ekspert bildirib ki, bir çox ölkələrdə bu üsuldan geniş şəkildə istifadə olunur: “Azərbaycanda əsasən Türkiyə və İtaliya şirkətlərini tövsiyə edərdim. Çin variantına indi daha çox üstünlük verirlər. Bax, bizim problemimiz budur. Ona görə mən sürücüləri bu məsələdə diqqətli olmağa çağırıram. Yəni nə qədər təhlükədən uzaq olmaq istəyirlərsə, bir o qədər ciddi şirkətlərlə iş qurmalıdırlar. Qiymət yüksək olsa da, bilirsiniz ki, maşın təhlükəsiz şəkildə işləyəcək, bir problem yaşanmayacaq”.
 

Oxunub : 184
ŞƏRH YAZ
Ad

E-mail

Şərh