Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Azərbaycanda sürücüsüz, yəni avtonom nəqliyyat vasitələrinin istismarı üçün hüquqi baza yaradılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov məlumat verib.
Onun sözlərinə görə, ölkəyə gətiriləcək və istismar olunacaq avtonom nəqliyyat vasitələrinin üzərində xüsusi nişan olacaq.
Ekspert bildirib ki, bununla bağlı qanunvericiliyə artıq dəyişikliklər edilib:
"Artıq "Ticarət Gəmiçiliyi Məcəlləsi", "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlara müvafiq dəyişikliklər edilib və Prezident tərəfindən təsdiqlənib. Bu da o deməkdir ki, avtonom, nəqliyyat vasitələrinin ölkəmizdə istismarı üçün qanuni baza yaradılıb".
E.Cəfərovun sözlərinə görə, yeni qaydalarda "avtonom nəqliyyat vasitələrinin operatoru" anlayışı da müəyyənləşdirilir:
"Operatorun hansı vəzifəni həyata keçirəcəyi müəyyənləşdirilir. Həmçinin Məsafədən İdarəetmə Mərkəzi yaradılacaq və onlara xüsusi lisenziyalar veriləcək. Bu mərkəzlər Azərbaycanda olan avtonom nəqliyyat vasitələrinin idarə olunmasını təmin edəcəklər".
Ekspert qeyd edib ki, sürücüsüz nəqliyyat vasitələri yalnız əvvəlcədən razılaşdırılmış marşrutlar üzrə hərəkət edə biləcəklər.
Onun sözlərinə görə, bu texnologiyadan iqtisadiyyatın və nəqliyyat sektorunun müxtəlif sahələrində istifadə etmək mümkündür:
"Avtonom nəqliyyat vasitələri dedikdə yalnız fərdi avtomobillər nəzərdə tutulmur. İctimai nəqliyyatda, taksilərdə, avtobuslarda, yükdaşımada da bu cür nəqliyyat vasitələrindən istifadə oluna bilər. Gəmiçilik və aviasiyada da tətbiqi mümkündür. Məsələn, aeroportlarda yükdaşıma sahəsində, dəmir yolunda və gələcəkdə Bakı Metropolitenində də avtonom qatarların istifadəsi mümkün ola bilər".
E.Cəfərov bildirib ki, Azərbaycan bu istiqamətdə xarici təcrübədən də yararlanır.
"Avtonom nəqliyyat vasitələri dünyada artıq istifadə olunur. Məsələn, ABŞ-də taksi xidmətlərində bu cür nəqliyyat vasitələri çalışır. Çinin bəzi bölgələrində fərdi nəqliyyat vasitələri sürücüsüz şəkildə istismar olunur. Almaniyada yükdaşıma sahəsində sürücüsüz yük nəqliyyat vasitələri bir şəhərdən digərinə yük çatdırır. Estoniyada isə kuryer xidmətində pilotsuz və sürücüsüz nəqliyyat vasitələrindən istifadə edilir", - deyə ekspert vurğulayıb.
Ekspert əlavə edib ki, Azərbaycanda istismar olunan avtonom nəqliyyat vasitələrinin üzərinə xüsusi stikerlərin yapışdırılması məcburi olacaq. Onun sözlərinə görə, "Avtonom nəqliyyat vasitəsi" nişanı nəqliyyat vasitəsinin görünən hissəsində yerləşdiriləcək:
"Bu nişan nəqliyyat vasitəsinin ön və ya arxa şüşəsinə yapışdırıla bilər. Beləliklə, digər hərəkət iştirakçıları avtomobilin avtonom rejimdə hərəkət etdiyini əvvəlcədən görə biləcəklər".
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










