Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO

Azərbaycana gətirilən minik avtomobillərinin sayında azalma müşahidə olunur. İdxalın azalmasına vergi güzəştlərinin başa çatması, əvvəlcədən gətirilən avtomobillərin bazarda qalması və alıcıların tələbatındakı dəyişikliklər təsir göstərir.
Avtosfer.az xəbər verir ki, idxalın azalmasının avtomobil bazarında qiymətlərə necə təsir edəcəyi də maraq doğurur. Bəs idxalın azalması yaxın aylarda avtomobil bazarında qiymətlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, rəsmi rəqəmlərə əsasən, qeyd olunduğu kimi, minik avtomobillərinin idxalında 37 faiz azalma müşahidə olunub:

"Lakin biz daha diqqətlə baxsaq, bu gün sərnişin avtobuslarının idxalında artım müşahidə olunduğunu görə bilərik. Bu da onu deməyə əsas verir ki, bu gün ictimai nəqliyyatın daha rahat və əlçatan olması bəzi hallarda insanların avtomobilə tələbatının azalmasına səbəb olur. Diqqət yetirsək, bu gün taksi fəaliyyətinin tənzimlənməsi də taksi fəaliyyəti üçün gətirilən avtomobillərin azalmasına səbəb olur. Bu da özlüyündə, ümumilikdə ölkədə, əsasən də paytaxtda avtomobillərin sayının daha səmərəli istifadə olunmasına və daha səmərəli hərəkətə bir tərəfdən təsir göstərir. Bu da tıxacların azalmasına, əlbəttə ki, müsbət təsir edir. Bu baxımdan, əlbəttə ki, digər tərəfdən, avtomobil parkının yenilənməsi də mühüm amildir. Bu gün, əlbəttə ki, elektromobillərə tətbiq olunan 18 faizlik güzəştli ƏDV-lər də aradan qalxması, köhnə avtomobillərin də idxalına qadağalar qoyulması, avtomobillərin idxal olunmasına öz təsirini göstərir. Bu, ümumilikdə ölkədə avtomobil parkının yenilənməsinə, digər tərəfdən isə tıxacların azalmasına və daha səmərəli ictimai nəqliyyatın tətbiq olunmasına öz müsbət təsirini göstərir".
İqtisadçı Xalid Kərimlinin fikrincə isə, Azərbaycanda avtomobil idxalının azalmasının əsas səbəblərindən biri 2025-ci ilin sonunda elektrik mühərrikli və hibrid avtomobillərə tətbiq olunan vergi güzəştlərinin başa çatmasıdır:

"Müddətli olan bu güzəştlərin bitəcəyini əvvəlcədən bilən həm alıcılar, həm də avtomobil satıcıları 2025-ci ildə daha çox avtomobil almağa və idxal etməyə başlayıblar. Satıcılar avtomobilləri güzəştli şərtlərlə daha ucuz gətirərək sonradan daha yüksək qiymətə satmağı, alıcılar isə 2026-cı ildə qiymətlərin artacağını nəzərə alaraq avtomobili əvvəlcədən almağı üstün tutublar. Bu səbəbdən 2025-ci ildə avtomobil idxalında kəskin artım baş verib. Həmin il gətirilən avtomobillərin bir hissəsi 2026-cı ildəki tələbatı da qarşılayır. Hazırda bazarda kifayət qədər avtomobilin olması və alıcıların bir qisminin əvvəlki il avtomobil alması idxalın azalmasına təsir göstərən amillərdəndir. İdxalın azalmasının ilkin avtomobil bazarında qiymətlərə ciddi təsir göstərməsi gözlənilmir. Çünki Azərbaycanda avtomobil qiymətləri əsasən xarici bazarlarda, o cümlədən Çin və Avropada formalaşır. Azərbaycan avtomobil istehsalçısı olmadığı üçün qiymətlərdə istehsalçıların müəyyən etdiyi məbləğ və logistika xərcləri əsas rol oynayır. Bu il logistika xərclərinin də artması qiymətlərin aşağı düşməsinə mane olan amillərdəndir".
İqtisadçı qeyd edib ki, ikinci əl avtomobil bazarında isə müəyyən qiymət artımı artıq müşahidə olunur:
"Xüsusilə daxili yanma mühərrikli avtomobillərə tələbatın əvvəlki dövrdə azalması onların ucuzlaşmasına və likvidliyinin aşağı düşməsinə səbəb olmuşdu. Bunun əsas səbəblərindən biri alıcıların 30-35 min manat civarında ikinci əl avtomobil almaqdansa, birinci əl müasir Çin avtomobillərinə üstünlük verməsi idi. Hazırda isə ikinci əl avtomobillərin bazarında müəyyən canlanma müşahidə olunur. Gömrük rüsumları və vergi siyasəti də avtomobil idxalına təsir göstərən əsas amillərdəndir. Xüsusilə əlavə dəyər vergisi güzəştinin ləğv edilməsi 2026-cı ildə idxalın azalmasının səbəblərindən biri, 2025-ci ildə idxalın daha yüksək olmasının isə əsas səbəblərindən hesab olunur. Mövcud vəziyyətin 2026-cı ildə də davam edəcəyi, 2027-ci ildən isə avtomobil idxalında tədricən artımın başlayacağı gözlənilir. Bunun səbəbi 2025-ci ildə satıcılar tərəfindən gətirilən və anbarlarda, satış salonlarında toplanan avtomobillərin əvvəlcə bazara çıxarılması və qiymətlərin yeni şərtlərə uyğunlaşmasıdır".
Fatimə
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










