Azərbaycanda elektromobillərlə bağlı qəribə güzəşt: Maşına olar, detallara yox...

Avtoxəbər 22 Fevral 2023 14:18 Oxunub 764
Azərbaycanda elektromobillərlə bağlı qəribə güzəşt: Maşına olar, detallara yox...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa ölkələrində elektromobilin təşviqi üçün sistemli güzəştlər mövcuddur. Məhz bu güzəştlər sayəsində onlara maraq aybaay artır. 
Avtosfer.az-ın xəbərinə görə, yanvar ayında Avropada elektromobil satışı 9,5% artıb.
Elektromobillə bağlı güzəştlərə gəlincə, hər bir ölkəni ayrı-ayrı sadalaryaraq məsələni uzatmağa ehtiyac yoxdur. Köhnə qitədə ümumi güzəştlərlə yanaşı, xüsusi güzəştlər də tətbiq edilir. 
Ümumi güzəşt bu texnikanın vergidən azad olması və yeni elektromobil satışının subsidiyalaşmasıdır.  Bəzi ölkələrdə bu subsidiya 20 min avroyadək yüksələ bilir. Doğrudur, Norveç yanvardan etibarən elektromobilə subsidiyanı ləğv etdi. Lakin bu addım da sırf istehlakçını qorumaq məqsədi daşıyırdı. Əvvəla 50 000 avrodan ucuz modellər üçün güzəşt qüvvədə qalıb. Yerli əhalinin də satın aldığı elektromobillərin mütləq əksəriyyəti aşağı qiymət seqmentindədir. 50 000 avrodan yuxarı olan modellərin əsas satıcısı Tesladır. Bir sözlə, məqsəd Avropa bazarını və yerli istehsalçıları qorumaq olub. 
Xüsusi güzəştlərə gəlincə, Skandinaviya ölkələrində elektromobillərin tıxac vaxtı xüsusi nəqliyyat vasitələrinin yoluna çıxmasına icazə verilir. Bu amil sürücüləri elektromobilə yönəltmək üçün maddi dəstəkdən daha səmərəlidir. 
Almaniya, Fransa və Belçikada elektromobillərin sıfır emissiyalı zonalara girişi üçün heç bir məhdudiyyət yoxdur. Bu ölkələrdə bəzi bələdiyyələr elektromobillər üçün parklanmanı pulsuz edib. Berlin, Brüssel, Paris və Ştutqart kimi şəhərlərdə yaşayan insanlar üçün pulsuz parkinq hər il kifayət qədər ciddi məbləğə qənaət deməkdir. 
Bələdiyyələr səviyyəsində güzəştə həm də pulsuz doldurma yerlərinin açılmasıdır. Avropada bir çox bələdiyyə bunu tətbiq edir. 
Keçmiş SSRİ məkanında da elektromobillə bağlı güzəştlər mövcuddur. Əksər ölkələrdə bu texnika gömrük rüsumundan bu və ya digər dərəcədə azaddır. 
2 ölkədə isə güzəştlər daha çoxdur. Rusiyada elektromobillər idxal rüsumdan azaddır. Martın 1-dən isə bu texnika üçün bütün yollar pulsuz olacaq. Sərt iqlimə görə hələ də Şimal qonşumuzun vətəndaşları bu texnikadan çəkinir. 
Ən ciddi güzəştlər isə müharibə şəraitində olan Ukraynadadır. Bu ölkədə 10 ilə yaxındır elektromobillər bütün idxal və gömrük rüsumlarından azaddır. 2022-ci ildə isə hökumət daha bir güzəşt edib: elektromobillərlə yanaşı onların ehtiyat hissələri, təmir və istehsalı üçün lazım olan avadanlıqlar da gömrük rüsumundan azad edilib. 
Bu qərarın nəticəsi özünü çox gözlətməyib. Artıq Ukraynaya ikinci əl elektromobil və onların işlənmiş detallarının idxalı minimuma enib. Bunun da iqtisadi və ekoloji faydasını ayrıca izah etməyə lüzum yoxdur.
Azərbaycanda isə elektromobillərə güzəştlər tətbiq edilsə də, onların detallarına bu güzəştlər şamil olunmur. Avtosfer.az-a bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Milli Məclisdə qanunvericiliyə dəyişiklik edilərkən yalnız elektrik və hibrik mühərrikli nəqliyyat vasitələrinə güzəştlər təsdiqlənib.
Görünür, deputatlarımız detallarla bağlı güzəşt hissəsini sonraya saxlayıblar. Amma unutmaq olmaz ki, elektrikli maşınlar da detallarla işləyir. Və o cür maşını alan vətəndaş ilk növbədə ehtiyyat hissələrinin əlçatanlığı ilə də maraqlanır. Biləndə ki, detallar çox bahadır və tapılmır, o zaman elketromobillərə maraq azalacaq. Yəni, biz bu işi təbliğ ediriksə məsələyə kompleks yanaşmaq lazımdır...


Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh