Bağlanan marşrutlar nə vaxt açılacaq?
Bakının Parlament prospektində yaşayan Vüqar 60 yaşlı anasını hər gün taksi ilə İçərişəhər metrosunun yaxınlığında yerləşən klinikaya apardığını söyləyir.
“Həkim anama gündəlik masaj yazıb. Əvvəllər avtobusla gedirdik. Evdən çıxıb yolu keçirdik, Fəxri Xiyabanın yanındakı dayanacaqda avtobusa minirdik. İndi bizim məhəlləyə avtobus gəlmir. Avtosfer.az xəbər verir ki, ən yaxın dayanacağa məsafə 1 kilometri keçir, anamsa o qədər məsafəni yeriyə bilmir”,- deyə orta yaşlı Bakı sakini anspress əməkdaşı ilə söhbətində bildirir.
60 yaşlı xəstə qadın Bakıda bu problemlə üzləşmiş tək insan deyil. Məsələ bundadır ki, Avropa oyunları ərəfəsində Bakının Şəhidlər Xiyabanı istiqamətində hərəkət edən bütün avtobuslar dayandırılıb. Artıq iki aya yaxındır ki, Milli Məclisdə, Dövlət Tele-Radio Komitəsində, Milli Təhlükəsizlik Nazirliyində, Müdafiə Nazirliyində, Mərkəzi Klinikada, yaxınlıqda yerləşən otel və institularda işləyən minlərlə insan hər gün dayanacaqdan işə, işdən dayanacağa kilometrlərlə yol getməli olurlar. Bakının ilin ən isti günlərini yaşadığı nəzərə alınarsa, həmin insanların hansı əziyyətlərə qatlaşdığı aydın olar.
Oxşar problem paytaxtın bir çox məhəllələrində yaşanır. “Bakı Sərnişinnəqliyyat” MMC-dən Avropa Oyunları ərəfəsində yayılan məlumatda bildirilirdi ki, 10 marşrutun fəaliyyəti dayandırılıb. Bunlar aşağıdakılardır:
1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194
İstiqaməti dəyişən marşrutlar - 2, 15, 120, 70 və 82
Marşrutu uzadılanlar - 11, 82 və 83
Üç qapılı avtobuslar da ümumiyyətlə şəhər küçələrindən yığışdırıldı.
O vaxt əhali marşrutların bağlanmasını və hərəkət istiqamətinin qısaldılmasını müvəqqəti çətinlik kimi qiymətləndirirdi. Amma indi Avropa Oyunlarının başa çatmasından bir ay keçməsinə baxmayaraq vəziyyət dəyişməyib.
Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov bağlanan marşrutların nə vaxt açılacağı ilə bağlı ona çox suallar verildiyini bildirir. “Şəhərdə gəzən zaman bu barədə mənə sual verən çox olur. Hər qəbildən insan müraciət edir. Əksəriyyəti də marşrutların bağlanmasından əziyyət çəkdiyini vurğulayır”.
Azər Allahverənov - nəqliyyat problemləri üzrə ekspert
Nəqliyyat eksperti məsələ ilə bağlı dərhal qəti qərar verilməsini vacib sayır. “Bağlanan marşrutlar dərhal bərpa edilməlidir. Hər gün Bakıda on minlərlə insan bundan əziyyət çəkir”,- deyə Azər Allahverənov ANS PRESS-ə bildirib.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsindən isə bildirib ki, bəzi marşrutların bağlı qalması bir müddət davam edəcək. Verilən məlumata görə, hazırda marşrutların optimallaşdırılması üzrə işlər gedir və bəzi marşrutlara kondisionerli yeni avtobuslar buraxıla bilər.
Yeni kondisionerli avtobuslar
Nəqliyyat üzrə ekspert Azər Allahverənov isə bu cür açıqlama ilə razılaşmır: “Əvvəl marşrutlar açılmalıdır. Nəqliyyat Nazirliyinin hər hansı bir optimallaşma istəyi varsa, qoy, ondan sonra tətbiq edilsin. Kondisionerli avtobuslara gəldikdə isə, onlardan şikayətlər yetərincədir. Yayın bu istisində sürücülər kondisioneri işə salmır, deyirlər benzin çox sərf edilir Onları da qınamaq olmaz. Sürücülər az məsrəflə çox gəlir götürüb plan doldurmağa çalışırlar. Sürücülərin daimi maaşa oturdulması və kart sisteminin tətbiqi məsələsi marşrutların optimallaşdırılması ilə birlikdə kompleks həll edilməlidir”.